XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

27 May 2019 - 19:42

Avstriyada siyasi böhran:parlament Kurtsun rəhbərlik etdiyi hökumətə etimad göstərmədi

Mayın 27-də Avstriya parlamentində Federal Kansler Sebastian Kurtsun rəhbərlik etdiyi hökumətə etimad məsələsinə baxılıb.

Müxalifətdə olan JETZT (İNDİ) Partiyası Federal Kansler Sebastian Kurtsa etimadsızlıq təşəbbüsü ilə, Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) isə təkcə Kanslerə qarşı deyil, bütövlükdə hazırkı hökumətə qarşı etimadsızlıq təşəbbüsü ilə çıxış edib. Parlamentdə 52 deputatla təmsil olunan SPÖ sədri Pamela Rendi-Vaqner S.Kurtsun hazırkı hökumət böhranında birbaşa cavabdeh şəxs olduğunu vurğulayaraq, onu Avstriya Azadlıq Partiyası ilə koalisiyalı hökumət qurmaqda və ölkənin nüfuzunu beynəlxalq aləmdə ləkələməkdə ittiham edib. Bir həftə əvvəl koalisiyalı hökuməti tərk edərək müxalifət partiyasına çevrilən və 51 mandata malik FPÖ təmsilçiləri də onlara etimad göstərməyən S.Kurtsa eyni mövqe sərgiləyəcəklərini bəyan ediblər.

Federal Kanslerin sədri olduğu Avstriya Xalq Partiyası (ÖVP) adından çıxış edən millət vəkilləri hər iki təşəbbüsü tənqid edərək hazırkı “ekspertlər hökuməti”nin payızda keçiriləcək növbədənkənar parlament seçkilərinə kimi işini davam etdirməli olduğunu bildiriblər. 183 yerlik parlamentdə 61 mandatla təmsil olunan ÖVP etimadsızlıq səsverməsində mütləq səs çoxluğuna malik olmayacağına görə partiya təmsilçiləri müxalifət partiyalarının üzvlərini təmsil etdikləri fraksiyanın qərarları əsasında deyil, şəxsi təhlil və fikirləri əsasında səs verməyə çağırıblar.

Müxalifət partiyaları arasında 10 mandata malik NEOS (Yeni Avstriya və Liberal Forum) yeganə partiya kimi hazırkı hökumətə qarşı etimadsız təşəbbüsünü dəstəkləməyəcəyini elan edib.

Bütün çıxışlardan sonra səsvermə keçirilib. SPÖ, FPÖ və JETZT partiyalarının ümumi səs çoxluğu ilə Avstriya parlamenti Sebastian Kurtsun rəhbərlik etdiyi hökumətə qarşı etimadsızlıq göstərib. Bununla da İkinci Dünya müharibəsindən sonra Avstriyada ilk dəfə olaraq parlament hökumətin fəaliyyətinə etimadsızlıq təşəbbüsü əsasında son qoyub.

Bundan sonra ölkə Konstitusiyasına əsasən, növbəti seçkilərə kimi müvəqqəti hökumətin formalaşdırılması üçün Federal Prezident Aleksander Van der Bellen qərar verməlidir. Federal Prezidentin bu vəzifəni kimə həvalə edəcəyi hələ məlum deyil(azərtac).