“ABŞ prezidenti Barak Obamanın azərbaycanlı həmkarı İlham Əliyevi Vaşinqtona nüvə sammitinə dəvət etməsi iki ölkə arasındakı münasibətlərin normallaşması baxımından vacibdir”.
Strateq.az xəbər verir ki, bu barədə “Atlas” analitik mərkəzinin rəhbəri Elxan Şahinoğlu öz “Facebook” hesabında yazıb.
Politoloq qeyd edib ki, bu görüş iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq:
"Barak Obama ötən dəfəki sammitə İlham Əliyevi dəvət etməmişdi, əvəzində Ermənistan prezidenti Serj Sarkisyan Vaşinqtona getmişdi, bu da Azərbaycan hakimiyyətinin narazılığına səbəb olmuşdu. Bu dəfə Vaşinqton fərqli qərar verdi. Tədbir 31 martda keçiriləcək. Rəsmi Bakı bu tədbirə qədər siyasi və ya mübahisəli adlandırılan məhbusların əfv edilməsinə qərar verərsə, bu həm İlham Əliyevin Vaşinqtona səfərinin əhəmiyyətini artıracaq, həm iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açılacaq, həm də Konqresdə Kristofer Smitin qanun layihəsinin, o cümlədən "Maqnitski qanunu"nun Azərbaycana tətbiqinin qarşısını almaq mümkün olacaq”.