“Amerikada və Qərb ölkələrində bəzi dairələr Azərbaycanla Qərbin, eləcə də Azərbaycan-Amerika münasibətlərini korlamaq istəyirlər, Azərbaycan rəsmiləri də bu prosesə cavab verirlər”.
Stratreq.az bildirir ki, bu barədə Milli Məclisin sədrinin müavini Bahar Muradova son zamanlar gərginləşmiş ABŞ-Azərbaycan münasibətlərini musavat.com-a şərh edərkən bildirib.
: “Azərbaycanın xarici siyasət idarəsinə rəhbərlik edən, cavabdehlik daşıyan şəxslərin, eləcə də Azərbaycanın ictimai-siyasi elitasında olan hər kəsin ölkəmizə yönəlik bu cür kampaniyalara, beynəlxalq təşkilatların rəsmilərinin, lap elə ictimai-siyasi xadimlərinin açıqlamalarına cavab vermək hüququ var”.
B.Muradova qeyd edib ki, Azərbaycanla bağlı qərəzli hesabatlar yayanlar, “… ölkəmizə qarşı qara piar kampaniyasını həm təşkil edənlər, həm də onun elementinə çevrilənlər məlumatsızlıqdan, yaxud da məlumatlarının yalnız bu xarakterli olmasından belə açıqlamalarla çıxış edirlər. Aydındır ki, bunun arxasında müəyyən maraqlar və seçilmiş formada da qərəz var. Ona görə də biz bunun qərəzli olduğunu, həqiqətə söykənmədiyini, bu məlumatların meydana çıxması üçün faktların, ciddi arqumentlərin olmadığını, əksinə, Azərbaycana qarşı obyektiv olmayan, qərəzə söykənən, bu və ya digər maraqları güdən münasibətlərin olduğunu vurğulamalıyıq. Azərbaycan rəsmiləri də məhz bu vəzifəni yerinə yetirirlər”.
Vitse-spiker deyib ki, Azərbaycan rəsmiləri münasibətləri korlamaq üçün yox, əksinə, onu aydınlaşdırmaq üçün bu açıqlamaları verir: “Gözlə görüləsi bir halda Azərbaycana qarşı qaralama kampaniyasını aparanların cavabını vermək bizim vəzifəmiz və borcumuzdur”.
Xanım vitse-spiker ölkəmizdə rəsmi səviyyədə anti-Amerika ritorikasının olması barədə fikirləri də əsassız sayır: “Biz öz siyasətimizi yeridirik. Azərbaycan prezidenti, ölkənin müvafiq dövlət qurumları mövcud durumda lazım bildiyi, vacib olanı və məqsədəmüvafiq bildiyi addımları atır. Bunu kim necə dəyərləndirir, hansı məqamlara bağlayır, izah etmək üçün hansı arqumentlər gətirir, bu, onun öz işidir. Amma o siyasətin mahiyyəti o siyasəti yeridənlərə məlumdur və onlar da bu münasibətlərin, bu siyasətin doğruluğuna inanırlar. Zaman da bu siyasətin doğruluğunu sübut etməkdədir.
Azərbaycan yaxın-uzaq qonşuları, müttəfiqləri, istənilən ölkə ilə münasibətlərini öz ölkəsinin, xalqının maraqlarına uyğun şəkildə, eləcə də qarşı tərəfin mövqelərini nəzərə almaqla qurur. Bir ölkə ilə olan münasibətlər üçüncü bir ölkə ilə münasibətlərdə nə şərt kimi götürülür, nə də ona təsir etməsinə Azərbaycan imkan vermir. Yürüdülən bu siyasətin özəlliyi də ondan ibarətdir ki, Azərbaycan bu məsələləri bir-birinə qarışdırmamaqla ona qarşı olan münasibətlərdə də üçüncü bir mövqenin əsas götürülməsinə imkan verməməyə çalışır.
Beynəlxalq hüququn prinsipləri və tərəfdaşlığı ikitərəfli münasibətlərin əsas məzmununu təşkil etməlidir. çox təəssüf ki, biz beynəlxalq ictimai-siyasi münasibətlərdə çox zaman bu halların pozulduğunu, təhrif olunduğunu görürük”. Vitse-spiker əlavə edib ki, bu səbəbdən Azərbaycan haqlı olaraq öz mövqeyindən çəkilmir və öz yeritdiyi siyasətin mahiyyətinə, məzmununa uyğun açıqlamalar, mövqelər sərgiləyir.
Müşahidə olunan gərginliyə rəğmən B. Muradova güman etmir ki, Azərbaycan-ABŞ münasibətləri Amerikada, yaxud Azərbaycanda olan bəzi “xırda-para adamların”, yaxud kənardan, üçüncü ölkə ərazisindən, tamam başqa dairələrdən bu münasibətləri korlamaq istəyən insanların istəyinə rəğmən pisləşməyə doğru gedəcək: “Düşünmürəm ki, biz strateji müttəfiqliyi ayrı-ayrı şəxslərin cılız maraqlarına qurban verəcəyik. Bu, qətiyyən belə olmayacaq və bu sahədə də məsələlər öz yerini tapacaq. Amma əlbəttə ki, hər kəsə kimliyindən, dövlətdə rəsmi mövqe tutub-tutmasından asılı olmayaraq, yeritdiyi siyasətə, atdığı addımlara, verdiyi açıqlamalara uyğun mövqe bildirilməlidir. Azərbaycan da bununla məşğuldur”