Səudiyyə Ərəbistanı Müdafiə naziri Məhəmməd ibn Salman İslamabadda Pakistan Baş naziri Navaz Şərif ilə görüşüb.
Strateq.az-ın məlumatına görə, bu məlumatı Pakistanın Baş nazirliyi yayıb. Məlumatda bildirilir ki, Navaz Şərif görüşdə ölkəsinin Səudiyyə Ərəbistanına tarixi, dini və mədəni tellərlə bağlı olduğunu deyib.
Xəbərdə o da qeyd olunur ki, hər iki rəsmi şəxs ölkələri arasındakı əlaqələri gücləndirmək və əməkdaşlığı artırmaq məsələsində razılığa gəliblər.
Pakistan Baş nazirinin bir müddət əvvəl Səudiyyə Ərəbistanının rəhbərliyi ilə yaradılmış islam ölkələrinin terrorla mübarizə koalisiyasını təqdirlə qarşıladığını bildirən xəbərə əsasən, görüşdə iki ölkənin bu sahədə əməkdaşlıqları da müzakirə olunub. Adının açıqlanmasını istəməyən hökumət səlahiyyətlisi mətbuata açıqlamasında Pakistan Baş naziri Navaz Şərifin Səudiyyə Ərəbistanının Müdafiə nazirinə terrora qarşı hər cür əməkdaşlıq edəcəklərinə sözü verdiyini bildirib.
Xatırladaq ki, Məhəmməd ibn Salmanın bu səfəri Səudiyyə Ərəbistanı rəsmisi tərəfindən bir həftədə Pakistana edilmiş ikinci ziyarətdir. Bundan əvvəl isə ölkənin Xarici İşlər naziri Adil əl-Cübeyrin Pakistana getmiş və təxminən eyni mövzu ətrafında müzakirələr aparılmışdı. Müzakirələrdən sonra Pakistan XİN-nin bir yetkilisi əvvəl inkar etdikləri bir məsələni – İslam Əməkdaşlıq Təşkilatının terrorla mübarizə sənədinə Pakistanın da imza atması barədə yayılmış xəbəri-təsdiqləmişdi.
Pakistanın bir anda öz mövqeyini dəyişdirməsinin səbəbləri barədə Strateq.az-ın analizini bu linkdən oxuya bilərsiniz:
İŞİD dünyanın 3-cü nüvə gücünə çevrilə bilər – Pakistan-Səudiyyə əlaqələrinin görünməyən üzü