XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 July 2019 - 11:19

Deputat “MİQ-29”-un tapılması üçün Rusiya və Türkiyədən kömək istənilməsini təklif etdi:"Burada hər hansı məna axtarmağa dəyməz"

Bir neçə gün öncə Xəzər dənizinə düşmüş “MİQ 29” qırıcısının axtarışları hələ də davam edir. Hər gün müdafiə naziri Zakir Həsənov şəxsən qəza ilə bağlı yaradılmış qərargaha baş çəkir və təyyarənin tapılması istiqamətində görülən işlərə nəzarət edir. Amma artıq 5 gündür ki, axtarışlar heç bir nəticə vermir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev “Moderator”-a açıqlamasında deyib ki, təcili olaraq Rusiya və Türkiyədən kömək istənilməlidir: “Artıq bir neçə gündür ki, cəmiyyət intizarla nə baş verdiyini və qırıcının bir an öncə yerinin tapılaraq qəzanın baş vermə səbəblərinin üzə çıxarılmasını gözləyir. Hesab edirəm ki, təcili olaraq bu cür hallarda çoxillik təcrübələrə malik Rusiya və Türkiyə kimi ölkələrdən kömək istənilməlidir. Bu, həm mütəxəssis, həm də texniki vasitələrdən ibarət ola bilər. Burada hər hansı məna axtarmağa da dəyməz və çəkinmədən bütün dünyada qəbul olunmuş bu ənənədən istifadə edilməlidir. Əsas məsələ problemin tezliklə çözülməsidir”.