ABŞ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları 2016-cı ildə ləğv edə bilər.
Bunu ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Daniel Frid “Amerikanın Səsi” radiosuna açıqlamasında deyib. Amma ABŞ rəsmisinin sözlərinə görə, bunun üçün ilk növbədə Ukraynanın cənub-şərqindəki münaqişə həll edilməlidir:
“Minsk razılaşmaları həyata keçirilən kimi sanksiyalar ləğv ediləcək. Donbas hövzəsində seçkilər keçirilməli, döyüş hərəkətləri dayandırılmalı və Ukraynanın şərq sərhədi bərpa edilməlidir”.(Publika.az).
Qeyd edək ki, Ukrayna böhranı dünən Rusiya prezidentinin köməkçisi Vladislav Surkov və ABŞ dövlət katibinin müavini Viktoriya Nuland arasında Kalininqrad vilayətinin Pioner şəhərində keçirilən görüşdə də müzakirə olunub. Danışıqlar təxminən 6 saat davam edib. Mətbuata qapalı keçirilən görüşdən sonra Viktoriya Nuland və Vladislav Surkov danışıqları “konstruktiv və faydalı” adlandırıblar.
“Kifayət qədər ətraflı, konstruktiv və faydalı konsultasiyalar oldu. Bu Minsk razılaşmalarının reallaşdırılması üçün güzəştlərin axtarışı üzrə bir növ beyin hücumu idi”, – Surkov jurnalistlərə deyib.
Öz növbəsində, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri danışıqların konstruktiv olduğunu və “Normandiya formatı”nda aparılan müzakirələrə dəstək üçün nəzərdə tutulduğunu bildirib.