XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

17 Yanvar 2016 - 06:19

İran sevinc içərisində: [color=red]50 milyard nəğd pul, dünya neft bazarına sərbəst çıxış…

iran-6-liq.jpg

ABŞ-ın Tehrana qarşı sanksiyaları ləğv etməsi nəticəsində İran dondurulmuş 50 mlrd. dollar məbləğində olan aktivlərinə sahib olmaq hüququ əldə edib.

Bu barədə ABŞ administrasiyasının rəsmi nümayəndəsi Ağ Evin keçirdiyi xüsusi brifinqdə bildirib.

Həmçinin ABŞ İran neftinin üçüncü ölkələrlə alış-satışına tətbiq etdiyi sanksiyaları da ləğv edib. Bu barədə isə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.   

Məlumata görə, sanksiyalar İran neftini əldə edən və ya İran iqtisadiyyatının neft sahəsinin tələbatları üçün müvafiq məhsullar satan üçüncü dövlətlərin nümayəndələrinin üzərindən götürüləcək.   

Beynəlxalq fəaliyyətlə məşğul olan istənilən şirkətə qarşı birtərəfli qaydada tətbiq edilən sanksiyalar ABŞ-a İran iqtisadiyyatını ciddi şəkildə məhdudlaşdırmağa imkan verirdi.

Sanksiyaları ləğv etməklə ABŞ İranın nüvə proqramı ilə beynəlxalq saziş üzrə üzərinə götürdüyü öhdəlikləri icra edir. 

İran prezidenti Həsən Ruhani İran xalqını Birgə Hərtərəfli Tədbirlər Planına uyğun olaraq nüvə proqramı üzrə sazişin rəsmi icrasına başlanılması münasibəti ilə təbrik edib. O, "Tvitter" səhifəsində yazıb: “Mən bu uğura görə Allaha minnətdaram və İran xalqının əzəməti və səbri qarşında baş əyirəm. Bu şərəfli qələbə münasibəti ilə hamını təbrik edirəm!

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Barak Obama İran üzərindən sanksiyaların götürülməsi haqqında fərman imzalayıb.

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Fedrika Mogerini də Aİ-nin İrana tətbiq etdiyi sanksiyaların götürüldüyünü bəyan edib. 

Həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın nüvə proqramına dair hesabat dərc edib. Hesabatda İranın nüvə proqramına dair sazişin implementasiyası (əməli icrası) üçün Tehranın bütün tələbləri yerinə yetirdiyi qeyd olunub. AEBA-nın saziş üzrə müddəaları yerinə yetirməsi barədə yazılı təsdiqi BMT Təhlükəsizlik Şurasına təqdim edilib.  Qeyd olunan prosedur 2006-2010-cu illərdə İrana qarşı sanksiyaların tətbiqinə dair BMT TŞ-də qəbul olunan bütün qətnamələrin ləğv edilməsini nəzərdə tutur.  

BMT TŞ-in iyulun 20-də İranın nüvə proqramı üzrə sazişin dəstəklənməsinə dair qəbul etdiyi 2231 saylı qətnaməsinə əsasən, AEBA-dan müvafiq bildiriş daxil olduqda, 2006-2010-cu illərdə İrana qarşı sanksiyaların tətbiqi barədə qəbul olunan bütün qətnamələr ləğv edilir.

Qeyd edək ki, 2231 saylı qətnamə əvvəlki sanksiya rejiminin əvəzinə bəzi məhdudiyyətlərin saxlanılmasını nəzərdə tutur. Belə ki, İrandan silah ixracına qoyulan qadağa bundan sonra beş il, ölkəyə nüvə texnologiyaların verilməsinə qoyulan qadağa isə 10 il davam edəcək.    

Bundan başqa, İrana 8 il müddətində nüvə başlığı daşıya biləcək ballistik raketlərin istehsalından imtina etməsi tövsiyə edilir.

Qeyd olunan qətnamədə, İranın sövdələşməni pozduğu halda, əvvəlki məhdudiyyətlərin tətbiqinin bərpa edilməsi mexanizmi nəzərdə tutulub.

Xatırladaq ki, BMT TŞ-in beş daimi üzvü 2025-ci ildə sanksiyaların tətbiqinin bərpası mexanizminin daha 5 il müddətə uzadılması məsələsinə təkrar baxılmasına dair artıq razılığa gəliblər.

APA