"Dünyada gedən qlobal proseslər Azərbaycandan da yan keçmir. Çünki Azərbaycan dünyanın tərkib hissəsidir. Çətinliklərin yaşanmasında təəccüblü hansısa məqam yoxdur".
Strateq.az APA-ya istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib.
O bildirib ki, Azərbaycan dövləti ötən əsrin 90-cı illərində olduğundan qat-qat güclüdür: “O illərdən fərqli olaraq, bu gün Azərbaycan xalqı daha mətindir. Dövlətlə xalqın əlbir olması çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək. Böhran təzahürlərinin aradan qaldırılması üçün dövlət tədbirlər görür. Sadəcə, bizi narahat edən məsələ ondan ibarətdir ki, Azərbaycanda gözü olan, Azərbaycanı öz yedəyində aparmağa çalışan xarici dairələr bu vəziyyətdən istifadə etməklə dəridən qabıqdan çıxırlar.
Azərbaycandakı "5-ci kolon" da onların dəyirmanına su tökməklə xalqı çaşdırmaq, hüquqa zidd əməllərə yol verməklə, qarışıqlıq salmaq istəyir, yaranmış çətinliklərdən istifadə etməyə çalışır. Ziyalılar, ağsaqqallar bu məqamda öz kəsərli sözlərini deməlidirlər”.
O qeyd edib ki, Azərbaycana uzanan əllər kəsiləcək, xarici dairələrin məqsədlərinə çatmasına imkan verilməyəcək:
“Dünyada illər öncə başlayan iqtisadi böhranı Azərbaycan 2015-ci ilin sonunda tədricən hiss etməyə başladı. Azərbaycan bu problemlərə sinə gərərək, özünün iqtisadi potensialına güvənərək, bu böhranı dəf edə bilmişdi”.