XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

19 Yanvar 2016 - 18:21

Marketlərə qarşı 4 cinayət işi açıldı [color=red]- Prokurorluq nazirliklə birgə reyd keçirdi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə, o cümlədən bilavasitə daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması ilə əlaqədar Sumqayıt, Mingəçevir, Ağstafa, Xaçmaz şəhərlərində İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birgə reydlər keçirilib.

Strateq.az İqtisadiyyat Naziriliyi ilə Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatına istinadən xəbər verir ki, reydlər zamanı həmin şəhərlərdəki iri topdansatış mərkəzlərindən nəzarət qaydasında alınmış yerli istehsala aid olan müxtəlif markalı un, yağ və yumurta məhsullarının ölçüsü, çəkisi, qiyməti, istehlak xüsusiyyəti və keyfiyyətinin uyğunluğunun yoxlanılması məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində kompleks məhkəmə fiziki-kimyəvi, bioloji və əmtəəşünaslıq ekspertizaları keçirilib.

Müəyyən edilib ki, qiymətləri süni şəkildə qaldırılmış Ağstafa şəhərində yerləşən “Beş mərtəbə market”dən alınmış un, “İki qapılı market”dən alınmış un və yağ, Xaçmaz şəhərində yerləşən “Eko Mart market”dən alınmış un, “Sərfəli Market”dən alınmış yağ, Mingəçevir şəhərində fiziki şəxs Babaxan Bağırova məxsus mağazadan alınmış un, Sumqayıt şəhərində yerləşən “Rahat market”dən alınmış un məhsulları orqanoleptik əlamətlərinə və fiziki-kimyəvi göstəricilərinə əsasən standartlara cavab vermir və qida üçün yararsızdır.

Mövcud standartlara cavab verməyən ərzaq mallarının qiymətlərinin süni şəkildə qaldırılması ilə vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmalarına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə ayrı-ayrılıqda 4 cinayət işi başlanıb.

Hazırda cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir, istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Həmçinin bu cür hallarla qarşılaşan vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı və İqtisadiyyat Nazirliyinin 195-2 saylı “Qaynar xətt” əlaqə mərkəzlərinə müraciət etmələri tövsiyə edilir.