XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

15 Avqust 2019 - 18:56

“Yeni sistem yüksək bal toplamağa imkan vermədi” –Ekspert

Avqustun 15-dən etibarən ali təhsil müəssisələrinə qeydiyyat başlayıb.

Tələbə adı qazanan şəxslər avqustun 15-dən 27-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Statistikaya görə, bu il tələbə adını qazanmış abituriyentlər keçən illərə nisbətən zəif nəticə göstəriblər.

Bu barədə bugünlərdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də danışmışdı.

«I, II və IV ixtisas qruplarında bütün bal intervalları üzrə azalma müşahidə etmək olur. Yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çoxdur. Yeni tədris proqramı ilə əlaqədar bu il imtahanın məzmununun və qiymətləndirmə modelinin dəyişməsi daha yüksək bal toplayan abituriyentlərinin sayının az olmasına təsir edən amillərdən biri ola bilər», – o, qeyd etmişdi.

Təhsil üzrə ekspert Kamran Əsədov da AzadlıqRadiosuna deyib ki, builki qəbul imtahanlarda I qrup üzrə cəmi 1 nəfər 690 -700 arası bal toplaya bilib. Onun sözlərinə görə, keçən il bu nəticəni 56 abituriyent göstərmişdi:

«Ümumiyyətlə, keçən illə müqayisədə bu il göstəricilər aşağıdır. Məsələn, bu il 680-689 arası bal toplayan abituriyentlərin sayı 14 nəfərdir. 2018-ci ildə isə 52 nəfər idi. 660-669 arası bal toplayan abituriyentlərin sayı 46 nəfərdir. Keçən il bu rəqəm 86 idi».

K.Əsədovun vurğulamasına görə, yuxarıdakı müqayisədən açıq aşkar şəkildə görsənir ki, qəbul imtahanlarda əksər qruplar üzrə yüksək nəticə göstərənlərin sayı əvvəlki illərdən kəskin şəkildə azalıb. Ekspert hesab edir ki, bunun əsas səbəbi yeni imtahan modelidir:

«Bu il imtahanlar tamamilə fərqli, iki mərhələli formada keçirilib. Bundan əlavə imtahanlarda ancaq test suallar yox, yazılı cavab tələb edən suallar da verilmişdi. Ona görə də nəticələr qənaətbəxş olmadı».