XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2016 - 15:48

Prezident İsveçrəyə getdi – [color=red]İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak edəcək

Azərbaycan prezidenti İlham Əliyev bu gün İsveçrəyə işgüzar səfərə gedib.

Azertag.az-ın verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək. 

Davos İqtisadi Forumunun tarixi: 

Davos İqtisadi Forumu (DİF) isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvebs 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlandı. 1987-ci ildən etibarən DİF Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb. Davos forumu üçün ənənəvi şəkildə illik keçirilən görüşlər xarakterikdir. DİF-in hər il keçirilməsində əsas məqsəd ‎dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, ‎iqtisadçıları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən "dövlətlərin qlobal rəqabətə davamlılığı" adlı məruzə hazırlanılır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında – potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.

Azərbaycan prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda: 

Prezident İlham Əliyev də bir neçə dəfə Davos iqtisadi forumlarında Azərbaycanı təmsil edib, burada iştirak edən müxtəlif ölkələrin dövlət və hökumət başçıları, iri şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri ilə görüşüb danışıqlar aparıb. İlham Əliyev DİF-də dövlət başçısı kimi ilk dəfə 2007-ci ilin yanvarında iştirak edib. Davos forumu "Güclərin qlobal balansının yerdəyişməsi" devizi altında keçirilib. 25 yanvar 2007-ci ildə Davos forumu çərçivəsində keçirilən "Neft geosiyasətinin artan əhəmiyyəti" mövzusunda ilk iclasında Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Azərbaycan dövlətinin başçısı ölkədə qlobal enerji layihələrinin həyata keçirildiyini vurğulayıb, bunun bütün dünya üçün əhəmiyyətli olduğunu bildirib. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolunun günbəgün artdığını qeyd edən dövlət başçısı energetika sahəsində əldə olunan uğurların bütövlükdə region üçün əhəmiyyətini qeyd edib. Səfər çərçivəsində İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı prezidenti Klaus Şvabla görüşüb. Klaus Şvab Azərbaycan prezidentinin bu mötəbər Forumda iştirakının əhəmiyyətini vurğulayıb, Azərbaycanın enerji sahəsində artan rolu, regional əməkdaşlıqda iştirakını yüksək qiymətləndirib.

Davos Dünya İqtisadi Forumunun 2008-ci il hesablamalarına görə, iqtisadi inkişaf tempinə görə Azərbaycan MDB məkanında birinci və dünya miqyasında isə 62-ci yerdə olmuşdur.

23 yanvar 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyev ikinci dəfə Davos forumunda iştirak etmək üçün İsveçrədə işgüzar səfərdə olub. Foruma dəvət olunan bir çox ölkələrin dövlət və hökumət başçıları ilə görüşüb danışıqlar aparıb. Dövlət başçısı 24 yanvar 2008-ci ildə forum çərçivəsində təşkil olunan "Energetika sənayesində günəş enerjisinin rolu" mövzusunda əsas iclasda iştirak edib. İclasda iqlim dəyişikliyinə təsir göstərən amillərin aradan qaldırılmasının, atmosferə buraxılan karbon qazının azaldılmasının, gələcəkdə enerji sahəsində səmərəli əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb. Prezident İlham Əliyev diskussiya xarakterli çıxışında Azərbaycandakı iqtisadi inkişafdan, aparılan islahatlardan, enerji layihələri və energetika sahəsində görülən işlərdən danışıb. Prezident İlham Əliyev Davosda İsveçrə Konfederasiyasının prezidenti Paskal Kuşpen ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələrin və əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, ölkələr arasında müxtəlif səviyyəli təmasların genişlənməsindən məmnunluq ifadə edilib.

28 yanvar – 2 fevral 2009-cu il tarixdə Davos şəhərində 39-cu Dünya İqtisadi Forumu keçirilib, müasir dövrün siyasi-iqtisadi problemləri, qlobal inkişafın əsas problemlərinin müzakirəsi və həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsinə yardım məsələləri diqqət mərkəzində olub. İlham Əliyev Davos İqtisadi forumu çərçivəsində "Böyük oyun təkrarlanır" mövzusunda iclasında iştirak edib. İclasda Azərbaycan Prezidenti ilə yanaşı, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, İranın xarici işlər naziri Mənüçöhr Mottəki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iştirak edib. Burada Azərbaycanla Avropa İttifaqı arasında işbirliyi, bölgədə təhlükəsizliyin təmin olunması, Nabukko layihəsinin gələcəyi, Türkiyə-Ermənistan münasibətləri, Ermənistan ilə Azərbaycan arasında münaqişə, İpək yolu layihəsi çərçivəsində Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi məsələləri müzakirə olunub. İlham Əliyev Davos forumunun "Neft-qaz siyasəti – xəritə dəyişikliyi" mövzusunda iclasında da iştirak edib. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin, Avropa İttifaqının və dünyanın aparıcı ENİ, Total, Ekson/Mobil, Statoil-Hydro şirkətlərinin nümayəndələrinin iştirak etdiyi iclasda neft hasilatının tənzimlənməsi, neft-qaz şirkətlərinin Rusiya və Yaxın Şərqdə artan maraqları, OPEK və qaz üçlüyünün maraqları, yaxın gələcəkdə enerji sahəsində nə kimi dəyişikliklərin baş verə biləcəyi məsələləri diqqət mərkəzində olub. İlham Əliyev çıxışında müzakirə olunan məsələlərə münasibətini bildirib, beynəlxalq enerji əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

27-28 yanvar 2010-cu il tarixdə Azərbaycan prezidenti İlham Əliyev növbəti dəfə Davos forumunda iştirak edib. Forum çərçivəsində prezident "Neft-qaz geosiyasəti: yeni sərhədlər" mövzusunda sammitdə, "Qlobal enerji mənzərəsi" mövzusunda iclasda iştirak edib. Prezident İlham Əliyev həmçinin, Sloveniya prezidenti Danilo Türk, Latviya prezidenti Valdis Zatlers, İsveçrə prezidenti Doris Loyhard, Polşa prezidenti Lex Kaçinski ilə görüşüb, tərəfləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb. Transmilli şirkətlərin rəhbərləri ilə görüşən İlham Əliyev, həmçinin bir sıra mətbu orqanlara müsahibələr də verib.