Bakı şəhər Baş Polis İdarəsi dilənçiliklə mübarizədə ictimaiyyətdən dəstək istəyib.
BŞBPİ-nin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, paytaxtda dilənçilik həyat tərzi keçirən qadının azyaşlı uşaqları oğurlayaraq Bərdə rayonuna aparması cəmiyyət üçün kifayət qədər həyəcanlı xəbər olub:
“Polisin keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə azyaşlılar müəyyən olunaraq, ailəsinə təhvil verildi, ictimai təhlükəli əməldə şübhəli bilinən 1993-cü il təvəllüdlü qadın tutularaq istintaqa verildi. Baş verən əməlin ictimi təhlükəlilik dərəcəsini nəzərə alaraq, hadisədən nəticə çıxarılmalı, polisin dilənçiliyə qarşı mübarizə tədbirlərinin daha mütəşəkkil formada və məzmunda aparılmasında ictimaiyyətin dəstəyini aktuallaşdırır. Təkcə Azərbaycanda yox, Avropa ölkələrinin təcrübəsi göstərir ki, dilənçilər kriminal risk qrupuna daxildir. Elmi ədəbiyyatlarda xeyli istinadlar var”.