XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

21 Yanvar 2016 - 14:15

Prezident İlham Əliyev Şəkinin tarixi ilə bağlı [color=red]sərəncam verdi

Bu gün Prezident İlham Əliyev Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında sərəncam verib.

Strateq.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan mədəniyyəti üçün mühüm əhəmiyyətli Şəki şəhərinin tarixi görünüşünü və memarlıq üslubunu qoruyub saxlamaq, onu gələcək nəsillərə çatdırmaq, eləcə də Azərbaycan xalqının mədəni nailiyyətlərinin geniş miqyasda təbliğini təmin etmək məqsədi ilə aşağıdakı tədbirlər görüləcək:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Şəki Şəhər İcra Hakimiyyəti ilə birlikdə:

1.1. “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun küçə şəbəkələrini və plan konfiqurasiyasını pozan, memarlıq dəyərinə və üslubuna xələl gətirən tikililərin uyğunlaşdırılması, mühəndis kommunikasiya xətlərinin təmiri və ya yenidən qurulması, tarix və mədəniyyət abidələrinin bərpası və ya konservasiyası, yolların təmiri ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

1.2. “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğu üçün inzibati binanın ayrılmasına və ya həmin binanın tikintisi üçün tələb olunan maliyyə vəsaitinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəki Şəhər İcra Hakimiyyəti ilə birlikdə Şəki şəhərinin təbii landşaftının qorunması və yaşıllaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Şəki şəhərinin tarixi hissəsinin inkişafı və qorunub saxlanılması ilə bağlı tədbirlər planını üç ay müddətində təsdiq etsin;

3.2. “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun xəritəsini bir ay müddətində təsdiq etsin;

3.3. “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusunun verilməsini təmin etsin;

3.4. “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun maliyyələşməsinin dövlət büdcəsinin yerli xərclərindən dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üzrə mərkəzləşdirilmiş xərclərə keçməsini təmin etsin;

3.5. “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin;

3.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.