XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

28 Avqust 2019 - 18:02

İran parlamentində gərginlik- Deputatların Trampın dialoq təklifinə reaksiyası necə oldu?

İran parlamenti ABŞ Prezidenti Donald Trampın Həsən Ruhanini dialoqa dəvət etməsinə münasibət bildirib.

Parlamentdə kəskin müzakirələr aparılıb. Deputat Əhməd Əlirzabəyci bildirib ki, sanksiyalar aradan qalxmayınca İran Amerika ilə heç bir danışıqlara başlamamalıdır.

Onun sözlərinə görə, sanksiyalar İran dövlətinə və xalqına böyük mənfi təsir göstərir.

İqtisadi inkişafın qarşısını almaqla yanaşı, əhalinin sosial vəziyyətini pisləşdirir. O təklif edib ki, parlament qanun qəbul etsin və ABŞ ilə danışıqların başlamasını qanunla qadağan etsin. Ə. Əlirzabəyci Prezident H. Ruhanini uğursuz xarici siyasət yürütməkdə ittiham edərək, tənqid atəşinə tutub.

H.Ruhanin tərəfdarı, deputat Mustafa Kavakebian isə dövlət başçısını müdafiə edərək diqqətə çatdırıb ki, Prezidenti tənqid etmək bəsdir, çünki o da sanksiyaların aradan qalxmayacağı təqdirdə danışıqlara getməyəcəyini bəyan edib.

Xatırladaq ki, avqustun 26-da G-7 qrupuna daxil olan ölkələrin rəhbərlərinin Fransada keçirilən sammitindən sonra ABŞ və Fransa prezidentləri birgə mətbuat konfransı keçiriblər. Həmin konfransda ABŞ Prezidenti Donald Tramp İran Prezidenti H.Ruhani ilə danışıqlara başlamaq niyyətində olduğunu bildirib.

Buna cavab olaraq H.Ruhani sanksiyalar aradan qaldırılmayınca danışıqların olmayacağını deyib. Lakin bir gün sonra Çabahar limanında keçirilən mərasimdə çıxış edən H.Ruhani İranın dünya ilə əməkdaşlıq etməsinin zəruri olduğunu bəyan edib. Məhz Prezidentin bu ifadələrindən sonra parlamentdə gərgin müzakirələr başlayıb.

Yerli mətbuat yazır ki, ABŞ ilə danışıqların başlamasına dair İranda birmənalı mövqe yoxdur(azərtac).