Bu gün futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kardiff şəhər stadionunda Uels Azərbaycan yığmasını qəbul edib.
Strateq.az xəbər verir ki, matçın ilk hissəsində futbolçumuz Pavel Paşayev avtoqola imza atıb – 1:0.
59-cu dəqiqədə millimizin üzvü Mahir Emreli hesaba tarazlıq gətirib – 1:1.
84-cü dəqiqədə isə Beyl baş zərbəsi ilə hesab arasındakı fərqi dəyişib – 2:1.
Beləliklə, oyun bu hesabla başa çatıb.
Qeyd edək ki, komandamız qrupda hələ də xal qazanmayıb.
Xatırladaq ki, Azərbaycan yığması “E” qrupundakı ilk 3 görüşdə də məğlub olub. Səfərdə Xorvatiyaya 1:2 hesabı ilə yenilən komandamız doğma meydanda Macarıstana 1:3 və Slovakiya seçməsinə 1:5 hesabı ilə uduzub. Rəqib isə ilk turda Slovakiya üzərində 1:0 hesablı qələbə qazansa da, sonrakı qarşılaşmalarında Xorvatiyaya 1:2, Macarıstana 0:1 hesabı ilə yenilib.
Azərbaycan millisi sentyabrın 9-da Bakıda Xorvatiya yığması ilə üz-üzə gələcək.