XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

09 Sentyabr 2019 - 14:38

Etik davranış qaydalarını pozan mediatorlar intizam məsuliyyətinə cəlb ediləcək –Nazirlər Kabineti

Etik davranış qaydalarını pozan mediatorlar intizam məsuliyyətinə cəlb ediləcək.

Nazirlər Kabinetinin təsdiq etdiyi “Mediatorların peşəkar etik davranış Qaydası”nda əksini tapıb.

Etik davranış qaydalarının pozulması mediatorun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

Qaydaya əsasən, mediator insan və vətəndaşların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməli, hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə mediator öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Mediator peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Mediator öz fəaliyyətini qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Mediator hər bir halda öz şərəf və ləyaqətini qorumalı, peşə fəaliyyətini həyata keçirərkən, mediasiya fəaliyyətinin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Mediator fəaliyyətində nitq mədəniyyətinə riayət etməli, bütün şəxslərə münasibətdə nəzakətli, diqqətli və səbirli olmalıdır. Mediasiya zamanı mediator müstəqil və qərəzsiz olmalı, mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmalı, tərəflərin mediasiya zamanı bərabər iştirakını təmin etməli və hər iki tərəfə proses zamanı tələblərini təqdim etmək üçün bərabər imkanlar yaratmalıdır. Eyni zamanda öz vəzifəsini yerinə yetirərkən irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə və qulluq mövqeyinə, dinə münasibətinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.

Mediator vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur. Mediator mediasiya fəaliyyətinə heç bir şəxs, o cümlədən qohum, dost və tanış tərəfindən, hər hansı formada müdaxilə edilməsinə yol verməməli, eyni zamanda dövlət və yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin təsiri altına düşməməli, ictimai rəy və ya tənqid onun fəaliyyətinin qanuniliyinə və əsaslılığına təsir etməməlidir.

Peşə fəaliyyətini həyata keçirməklə bağlı mediatorların, qanunazidd olaraq, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəldilmiş hərəkət (hərəkətsizlik) etməsi qadağandır. Mediator peşə fəaliyyəti dövründə, habelə mediasiya təşkilatının müvafiq fəaliyyətini həyata keçirmək hüququ dayandırıldıqdan və ya Mediasiya Şurasının üzvlüyündən çıxarılmasından sonra əldə etdiyi bütün məlumatların konfidensiallığını təmin etməlidir. Mediator mediasiya zamanı ona məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlaya və ya onlara istinad edə bilməz (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla), habelə belə məlumatlarla bağlı şahid qismində iştirak edə bilməz. Mediator peşə fəaliyyəti ilə bağlı əldə etdiyi məlumatlardan şəxsi maraqları üçün istifadə edə bilməz. Mediator tərəfindən etik davranış qaydalarına əməl olunması üçün davranışının həmin qaydalara uyğunluğu onun özü, işlədiyi mediasiya təşkilatı və Mediasiya Şurası tərəfindən müntəzəm təhlil edilir və tədbirlər görülür.

Etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir:

– mediatorların davranışlarının bu Qayda ilə müəyyən olunan etik davranış norma və prinsiplərinə uyğunluğuna nəzarət və onun təhlili aparılmalıdır;

– etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməlidir;

– mediatorlara etik davranış qaydaları izah edilməli və müraciət olunduğu təqdirdə, etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verilməlidir;

– etik davranış qaydalarını pozan mediatorların intizam məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməlidir;

– etik davranış qaydaları və mediatorlar tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə fiziki və hüquqi şəxsləri məlumatlandırmaq üçün tədbirlər görülməlidir;

– etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə maraqlı tərəflər məlumatlandırılmalıdır;

– etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə mediatorlara ictimai etimadın artırılması üçün tədbirlər görülməlidir;

– etik davranış qaydalarına əməl olunması ilə bağlı digər tədbirlər görülməlidir.