Neftin qiymətinin 30 dollara qədər enməsi təkcə neft hasilatçısı olan dövlətləri deyil, qlobal iqtisadiyyatın bir sıra sektorunu ciddi narahat etməyə başlayıb. Qiymətlərin düşməsindən narahat olan belə şektorların başında isə enerji şirkətləri, banklar və avtomobil istehsalçıları gəlir.
Strateq.az-ın bildirdiyinə görə, Türkiyənin “Habertürk” telekanalı bu barədə məlumat verib. Telekanal bildirib ki, elektrikli avtomobil istehsalçısı olan “Tesla”nın rəhbəri Elon Musk neftin ucuzlaşmasının həm elektrik, həm də benzinlə işləyən avtomobillərin istehsalına zərər vuracağından əndişələnir.
Elon Muskun əndişələri isə əsassız deyil. Belə ki, ABŞ-da son 7 ildir, az yanacaq işlədən avtomobillər alıcı rəqbəti qazandığı halda, 2015-ci ildən etibarən, maraqlar dəyişilib, böyük maşınlara diqqət artıb. Ötən il ABŞ-da çox yanacaq işlədən 17.5 milyon maşın satılıb. Elektirikli avtomobil satışları isə 3/1 nisbətində azalıb.
Halbuki ABŞ prezidenti Barak Obama 2008-ci ildə ilk dəfə prezidentlik postunda əyləşəndə 2015-ci ilə qədər 1 milyon elektrikli avtomobil satışını hədəf olaraq müəyyənləşdirmişdi. 2015-ci il başa çatsa da, hədəfin yarısı belə reallaşmayıb. Ölkədə 2015-ci ilin sonuna qədər yalnız 400 min elektrik avtomobil satılıb və 2020-ci ildən əvvəl 1 milyonluq hədəfə varılmayacağı ortaya çıxıb.
ABŞ-ın regional bankları da neftin qiymətlərinin kəskin ucuzlaşmasından çətin vəziyyətə düşənlərdəndir. Onlar əsasən şist qazı şirkətlərinə verdikləri kreditlər səbəbiylə iflas həddinə yaxınlaşıblar. Çünki hər barreli ən azı 40 dollara başa gələn şist qazı şirkətlərinin özlərinin də iflas edəcəyi gözlənilir.