Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkəti istirahət günlərində müəssisələrində törədilən hücumlar nəticəsində yaranan fasilələrdən sonra neft tədarükünü bərpa etdiklərini açıqlayıb.
“Reuters” xəbər verir ki, bu barədə Neft Tədarükü Planlaşdırması Mərkəzinin (Oil Supply Planning and Scheduling, OSPAS) bildirişində göstərilib.
Mənbələrin bildirdiyinə görə, neftin tankerlərə vurulması da normal şəkildə gedir.
Xatırladaq ki, dünyanın ən iri neft istehsalçısı və ixracatçısı olan Səudiyyə Ərəbistanının neft obyektlərində şənbə günü törədilmiş hücumlardan sonra hökumət 9,8 milyon barellik gündəlik hasilat həcmini 5,7 milyon barelədək azaltdıqlarını açıqlayıb.
“Saudi Aramcı” şirkətinin müəssisələrinə dron hücumunun məsuliyyətini Yəməndəki Husi üsyançıları üzərlərinə götürsələr də, ABŞ-ın dövlət katibi Maykl Pompeo bununla bağlı İran hökumətini ittiham edib. İran XİN-i isə M.Pompeonun bəyanatının yalan olduğunu açıqlayıb. (Report)