5,3 milyon uşaq 5 yaşına çatmamış ölüb
Uşaqların 5,3 milyonu beş yaşına çatmamış, bunun demək olar yarısı isə həyatının ilk ayında ölüb.
“Doğuş zamanı analara və yeni doğulan körpələrə kömək edən bacarıqlı əllər, təmiz su, adekvat qidalanma, əsas dərman və vaksinlər həyatla ölüm arasında fərq yaradar”, – UNICEF-in İcraçı direktoru Henrietta For deyib.
O, hökumətləri və səhiyyə rəsmilərini tibbi xidmətlərə yatırım etməyə, “onların qiymətli həyatını xilas etmək üçün hər şeyi etməyə” çağırıb.
Hesabat regionlar arasında böyük bərabərsizliyi ortaya qoyub. Saharaaltı Afrikada qadınlar və uşaqların digər yerlərdən daha çox erkən ölüm riskiylə üzləşdiyi vurğulanır.
Saharaaltı Afrikada qadınlar arasında doğuşla əlaqədar ölüm halları zəngin ölkələrdən 50 dəfəyədək artıqdır. Onların övladlarının ilk aylarında ölüm ehtimalı isə 10 dəfə çoxdur.
Ancaq 1990-cı ildən yaşı 15-dən az uşaqlar arasında ölüm halları 56% azalıb, 14,2 milyondan 2018-ci ildə 6,2 milyona düşüb. Şərqi və cənub-şərqi Asiya ölkələrində ən böyük irəliləyiş qeydə alınıb, yaşı 5-dən az uşaqlar arasında ölüm halları 80% azalıb. (azadliq.org)