XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

08 May 2015 - 17:13

Namiq Hacıheydərli yenidən kükrədi

“Xalq şairi və xalq yazıçısı xalqa yadsa”

Mətbuatdan bildiyimiz kimi son günlərdə Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri Namiq Hacıheydərli bəyanat verərək bölmə rəhbərliyindən istefa verdi. Namiq Hacıheydərli öz bəyanatında AYB rəhbərliyini Muğan bölməsinə laqeyd münasibətdə və ölkədə baş verən ictimai-siyasi proseslərdə qurum rəhbərliyinin tutduğu susqun mövqeyinə görə qınamışdı. Bəyanat cəmiyyətdə əks-səda doğurdu və birmənalı qarşılanmadı. Bu bəyanata görə bölmə rəhbərini alqışlayanlar da oldu, təəssüflənənlər də.

İlginc münasibətlərdən biri isə AYB sədrinin köməkçisi Rauf Aslanovdan gəldi. Rauf Aslanov AzNews.az-a bəyanatla bağlı açıqlamasında bunları deyib: “Məktub mənə tədqim edilib. özünü ziyalı hesab edən qələm sahibi niyə Yazıçılar Birliyinin mövqeyini gözləyir. Qoy ziyalı kimi mövqeyini ortaya qoysun. Bəyəm onun ağzından tuturlar ki, mövqeyini deməsin? Respublikamızda ictimai-siyasi vəziyyət həddindən artıq yaxşıdır. Bütün Azərbaycan Avropa Oyunlarına hazırlaşır. Bundan artıq nə olmalıdır ki? Anlaya bilmirəm, Yazıçılar Birliyi nəyə münasibət bildirməlidir? Gəlib bizə kömək etməkdənsə, boş-boş danışırlar”.

Strateq.az saytı bölmə rəhbərindən AYB yetkilisinin cavabına münasibətini soruşdu. Namiq Hacıheydərlinin cavabı belə oldu:

Birincisi, saytın əməkdaşını qınayıram ki, mənim bəyanatıma münasibəti niyə AYB sədrinin köməkçisindən soruşub? Həmin bəyanatım AYB-nin sədri Anar müəllimə ünvanlanmışdı, cavab vermə haqqına və yetənəyinə də sahib olan odur.

İkincisi, bəyanatımda AYB rəhbərliyini susqun mövqeyinə, ölkəmizdəki yazarların acınacaqlı durumuna kifayət qədər diqqət ayırmamaqda qınamışam. Bəyanatıma cavab verən şəxs isə bu cavabla mənim nə demək istədiyimin mahiyyətinə vara bilmək gücünə və iradlarıma anlayış göstərmək özəlliyinə sahib olmadığını bəlli edib.

üçüncüsü, AYB rəhbərliyinin şiddətlə qınandığı bəyanata münasibət bildirən adamın arqumentinə baxın: “Bütün Azərbaycan Avropa Oyunlarına hazırlaşır. Bundan artıq nə olmalıdır ki? Anlaya bilmirəm, Yazıçılar Birliyi nəyə münasibət bildirməlidir?” Gülüncdür, deyilmi? Osmanlı demişkən, “nə əlaqəsi ya”?

özünüz müqayisə edin. Sizcə, kimdir “boş-boş” danışan? Mən deyirəm ki, ölkədə korrupsiya tuğyan edir, ziyalılar zəlil günə salınıb, yazar ordusu bir tikə çörəyə möhtacdır, il boyu ölkədə ixtisarlar gedir, bazarda qiymətlər gündən-günə bahalaşır, minlərlə gənc evsizlikdən və işsizlikdən ailə qura bilmir, insanlarımız dərman almağa pul tapmır… Mən deyirəm ki, bütün bunlara AYB rəhbərliyi və şəxsən Anar müəllim niyə susur? Əlbəttə, ölkədə baş verənlərə hakimiyyət məsuliyyət daşıyır. Lakin niyə AYB rəhbərliyi, xalq şairləri və xalq yazıçılarımız xalqın görən gözü, danışan dili olmaq əvəzinə hər gün xalqın haqqını tapdalayanların yanında yer alır?

Mən deyirəm ki, xalq şairi və xalq yazıçısı xalqa yadsa, AYB rəhbərliyi məmur özbaşnalığına “dur”- deyə hayqırmaq əvəzinə, məmura, oliqarxa yarınmaq yolunu tutubsa, mən onlardan deyiləm. Gələcək nəsillərin nifrətini və Tanrının qəzəbini haqq etmək istəmirəm. Mənim Anar müəlimə böyük sayğım var. Mən onu məhz haqqın və xalqın tərəfində görmək istəyirəm. Əslində mənim bəyanatım xoşməramlı mesaj idi və bəyanatda söylədiklərimdən nəticə çıxarılmalı, AYB rəhbərliyi çağdaş tariximizdə tutduğu yanlış mövqeyə yenidən baxmalı idi”.