XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020

Digər Xəbərlər

04 Oktyabr 2019 - 09:00

Qurban Qurbanov:"Bu, qorxaqlıqdır, fəxr edirəm ki, "Qarabağ"a rəhbərlik edirəm"

“İlk növbədə futbolçularımı təbrik edirəm. Hesabdan çox oyun maraqlı idi. Futbolçular bunu bacardılar. Lakin hesab bizi aldatmamalıdır. Rəqibin gücünü gördük. “Düdelanj”ın APOEL üzərində layiqli qələbə qazandığını düşünürəm. Bəzi səhvlərimiz oldu. Bununla belə, uzun yol gəlmişdik. İkinci hissənin sonlarına doğru oyunumuzda bəzi çatışmazlıqlar göründü. Bunlar da normaldır. Futbolçularımıza və komandamıza möhtəşəm dəstək olan bütün azarkeşlərə təşəkkür edirəm”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Lüksemburqda “Düdelanj”a 4:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis ilk yarıda baş vermiş erməni təxribatı ilə bağlı da danışıb. O bildirib ki, idmanda belə halların tərəfdarı deyil: “İdmanda hamımız həmrəy olmalıyıq. Amma bir dəfə də belə hadisə baş vermişdi. O zaman çox da fikir bildirməmişdim. Demişdim ki, onların adlarını dilimə gətirmək istəmirəm. Həmişə bu cür halları qorxaqlıq adlandırıram. Bir şeyi qeyd etmək istəyirəm ki, həmişə azərbaycanlı və “Qarabağ”lı olaraq, harada olsaq belə, mədəniyyətimizi göstərməyə, intizamlı olmağa çalışırıq. Bura gələn futbolçular, hər kəs bilir ki, hansı komandanı təmsil edirlər və necə oynamalıdırlar. Məğlubiyyətlər ola bilər, amma bir şeyi qeyd etmək istərdim ki, bu hərəkət sadəcə qorxaqlıqdır. Mən fəxr edirəm ki, azərbaycanlıyam, fəxr edirəm ki, “Qarabağ”ı çalışdırıram, fəxr edirəm ki, belə bir kollektivim var. Biz belə təxribatlara getməməliyik.

Oyun 15 dəqiqə dayandıqda da maksimum çalışdıq ki, peşəkarlığımızı göstərək, meydanda oyun nizam-intizamımızı qoruyub saxlayaq. Bəli, soyunub-geyinmə otağında futbolçular pis olmuşdular, hirslənmişdilər. Onları oyuna kökləmək çətin idi. Amma hər bir halda futbolçularıma təşəkkür edirəm ki, məni eşitdilər, mənə çox diqqətlə qulaq asdılar və özlərini meydanda əsl peşəkar kimi göstərdilər. Sevinirik ki, gözəl qalibiyyətlə dönürük. Bəlkə gələcəkdə də belə hallar baş verəcək. Amma məncə, bunların baş verməsi üzücüdür”.

Qurbanov bildirib ki, erməni təxribatından sonra meydanı tərk etsəydilər, komandaya problem yarana bilərdi: “Qaydalara görə, meydanı tərk ediriksə, qayıtmağa məcbur idik. Əks halda, bu, bizə böyük problem ola bilərdi. Digər tərəfdən, bayaq da qeyd etdiyim kimi, biz peşəkarıq. Belə hallar tez-tez baş verə bilər, bunlara Avropa futbolunda çox rast gəlmişik. İstənilən halda, biz qorxaq deyilik, meydandan qaçmağı bacarmarıq, elə zəifliyimiz yoxdur. Bu, idmandır. Uduzsaydıq belə, meydana qayıdacaq və sonadək mübarizə aparacaqdıq. Ümumiyyətlə, bir “Qarabağ”lı və azərbaycanlı olaraq, qaçmağı gözümə heç vaxt almamışam. Bəli, döyülə, yıxıla, məğlub ola bilərik, amma qaçmaq bizə yaraşmaz. İstənilən hesab olsaydı, biz yenə qayıdacaq və mübarizəni davam etdirəcəkdik”.

Baş məşqçi klubun UEFA-ya müraciət edəcəyini də bildirib: “Əlbəttə, bu işlə klub rəhbərliyi məşğul olacaq. Amma məncə, burada müraciətə ehtiyac yoxdur. UEFA belə hallarda çox ciddi qərarlar qəbul edir. Gözləyək, görək necə qərar verəcəklər. Onların qərarından da çox şey asılıdır. Sərt qərar qəbul etsələr, bu, hamı üçün böyük siqnal olar ki, daha diqqətli olsunlar və daha böyük təxribatların qarşısını alsınlar”.

Təcrübəli mütəxəssis ikinci hissədə əvəzlədiyi Qara Qarayevin diz nahiyəsində ağrıları olduğunu və buna görə meydanda sonadək saxlamağa risk etmədiyini də əlavə edib.

Qurbanov qarşıdakı bütün oyunlara ciddi yanaşmalarının vacibliyini vurğulayıb: “İndidən hər hansı fikir söyləyə bilmərik. Çox vacib 3 xal qazandıq. Bundan sonra daha ciddi olmalıyıq. Səfərdə 4 qol vuraraq, qalib gəlmişik. Buraxılan qoldan danışmalı deyilik. Futbol elə oyundur ki, hətta 100-cü dəqiqədə də qol buraxılır. Qarşımıza ümumiyyətlə qol buraxmamaq vəzifəsi qoyulmayıb. “Düdelanj” ilk turda APOEL-ə səfərdə 4 qol, çempionatda isə 7 qol vurub. Deməli, bu komandanın qol vurmaq potensialı var, bu, elə-belə deyil. Digər tərəfdən, pis nəticələrimizi yada salmamalı, əksinə, bütün hazırlıqlarımıza pozitiv yanaşmalıyıq. Qolu ilk dəqiqələrdə də, ilk hissənin sonlarında da buraxa bilərdik, amma oyunun sonlarında buraxdıq. Heç bir futbolçu və mən istəmərəm ki, qol buraxaq. Buraxsaq belə, hər birimizin fikri qələbə idi və bu da bizə nəsib oldu”.

Baş məşqçi A qrupundakı II turun görüşlərindən sonra “Qarabağ”ın mərhələ şansları barədə sualı da cavablandırıb: “Əvvəlcədən hər hansı fikir söyləyə bilmərik. Bu gün çox vacib 3 xalı əldə etdik. Qrupun favoriti “Sevilya”dır. Qalan 3 komanda isə ola bilər ki, 1/16 finala növbəti vəsiqə uğrunda öz aralarında sonadək mübarizə aparsınlar və hər şey son turda bilinsin. Yenə deyirəm: Bu hesab bizi aldatmalı deyil. 4:1 hesablı qələbəmiz rəqibin zəifliyi demək deyil. Rəqib həqiqətən də qol vurmağı, futbol oynamağı bacaran komandadır. Ona görə də son turadək mübarizə aparacağımızı düşünürəm”. (report)