XƏBƏR LENTİ

28 Fevral 2020

Digər Xəbərlər

04 Oktyabr 2019 - 23:41

“Ağdamı təmsil edən “Qarabağ”ın oyununda belə bir “bayraq”, əski iddiası gülüncdür” –Qara Qarayev

“Biz Lüksemburqa qələbə qazanmaq üçün getmişdik. Üç xal qazanmaq istəyirdik”. 

Bunu “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib.

Yarımmüdafiəçi, Azərbaycan çempionunun Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində jurnalistlərə açıqlama verib.

Q.Qarayev Avropa Liqasının qrup mərhələsinin II turunun “Düdelanj”la Lüksemburqdakı matçında əldə olunan 4:1 hesablı qələbənin vacibliyini qeyd edib: “Hər şeyə hazır idik. Amma əsas fikrimiz oyuna yönəlmişdi. Komandanın əzmi, birliyi sayəsində istəyimizə nail olduq. Ən əsası bu idi”.

Oyun zamanı erməni təxribatı ilə üzləşən komandanın üzvü baş verənləri gülünc addım adlandırıb: “Digər tərəfdən isə futbolda belə hadisələr olur. Ağdamı təmsil edən “Qarabağ”ın oyununda belə bir “bayraq”, əski iddiası gülüncdür. Bunu yalnız onlar bacara bilərdilər. Bizə layiq olan tərzdə etirazımızı bildirdik. Ola bilər ki, biz hesabda öndə olduğumuzdan psixoloji təsir göstərmək istəyirdilər. Ancaq komanda olaraq layiqli və ən önəmli qələbələrdən birini qazandıq. Lüksemburqun idman naziri ölkəsi adına bizdən üzr istədi ki, bunun onlarla əlaqəsi yoxdur. Bizim “Düdelanj” və ya Lüksemburqla problemimiz yoxdur. Onlar əllərindən gəldiyi kimi dostcasına qarşıladılar. Hadisə zamanı da dostca yanımızda olduqlarımı qeyd etdilər. İşimizi görməliyik, eyni tərzdə hazırlaşmalıyıq. Kiməsə nəyisə sübut etmək, eyforiyaya qapılmaq artıq olar. İşimizi görüb, ölkəmizə layiqli nəticələr qazanmalıyıq. Bu xallar çox önəmlidir. Lakin qrupdan çıxmaq barədə danışmaq hələ tezdir. Qarşıda çətin oyunlar var. APOEL-lə iki matçda qrupun taleyi həll oluna bilər”.

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” matçında təxribat Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb. Separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilib. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb. Təxminən 25 dəqiqəlik fasilədən sonra oyun davam etdirilib və Azərbaycan çempionu 4:1 hesablı qələbə qazanıb. (apa)