Türkiyədə CHP-nin Aydın şəhər Efeler rayon təşkilatının sədrinə hücum olub.
Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə vaxtı ilə saat 20.00 radələrində naməlum şəxslər rayon təşkilatının sədri Polat Bora Mersinə evinin qarşısında qəfil hücum ediblər.
Həmin şəxslər Mersinə ağır zərbələr endiriblər.
Hadisə şahidləri polisə xəbər verib. Bundan sonra hadisə yerinə polis və təcili yardım həkimləri gəliblər.
Məlumata görə, ölümcül zərbələr alan Polat Bora Mersin xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
CHP-nin Aydın şəhər təşkilatının sədri Ali Çamkır və deputat Bülent Tezcan yazılı açıqlama yayaraq hücumu kəskin pisləyiblər. Onlar, eyni zamanda, təşkilat sədrinə hücum edən şəxslərin tapılmasını tələb ediblər.
Yüzlərlə CHP-li isə xəstəxananın qarşısına toplanıblar.
Yerli polis hadisə ilə bağlı açıqlama yayaraq, hücum edənlərin axtarışına başlanıldığını elan edib.