XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2019 - 09:00

“Mədəni müxtəlifliyə və plüralizmə hörmət” –Dünya Bioetika Gününün əhəmiyyəti nədir?

Sevda Aydın Kərimova

AMEA Hüquq və İnsan haqları İnstitutunun “Bioetika” və “Cinayət Hüququ” ixtisasları üzrə doktorantı

* * *

19 Oktyabr 2005-ci ildə “Bioetika və İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin UNESCO-nun Baş Konfransının 33-cü sessiyasında qəbul edilməsi ilə 19 Oktyabr Dünya Bioetika Günü kimi müəyyən edilib. İlk dəfə 2016-cı ildə “İnsan ləyaqəti və insan haqları” şüarı ilə qeyd edilən Dünya Bioetika Günü UNESCO şəbəkəsi içindəki səksəndən çox qurumun iştirakı ilə gerçəkləşdirilib.

Hər il fərqli şüarlarla qeyd edilən Bioetika Günü 2017-ci ildə “Bərabərlik, Ədalət və Tərəfsizlik”, 2018-ci ildə isə “Həmrəylik və Əməkdaşlıq” başlığı ilə təşkil edilib. Bu il keçiriləcək dördüncü Dünya Bioetika Günü 70-ə yaxın ölkədə elmi programlarla qeyd edilir.

Dünya Bioetika Günü Beynəlxalq Komitəsi tərəfindən bu ilin mövzusu “Mədəni müxtəlifliyə və plüralizmə hörmət” kimi müəyyən edilmişdir. Günün dünya səviyyəsində qeyd edilməsinin və bu tədbirlərin keçirilməsinin əsas məqsədi elmi araşdırma və texnoloji nailiyyətlərdə bioetika sahəsinin önəmi haqda məlumatlılığı artırmaq,bu sahədə beynəlxalq həmrəylik və işbirliyini gücləndirmək, fərqli sahələrdən olan şəxs, qurum və mütəxəssislərin bir araya gələrək fikir mübadiləsi aparmalarını təşviq etmək və bioetika ilə bağlı global əhəmiyyətə malik, dünya ictimaiyyətinin diqqət mərkəzində olan hadisələrin düzgün istiqamətdə gedişinə yön verməkdir.

Əsasən elmi fəaliyyət olan və toplum politikalarına istiqamət verən bioetika sadəcə elm adamları arasında deyil, fərqli çevrələrdə də müzakirə predmetinə çevrilməkdədir.

Müasir dövr fərdin bütün dəyər, xüsusiyyət və müstəqilliyi ilə yenidən gündəmə gəldiyi, insan mərkəzli universal əxlaqın inkişafı, insan hüquqları anlayışlarının önə çəkildiyi dövrdür. Bu dövrün ortaya çıxardığı vacib elm sahələrindən biri olan bioetika yeni elmi-tədqiqat sahəsi və ictimai münasibətlər sistemi olub, sürətlə genişlənən elmi-texniki tərəqqinin uğurlarının, tibbi biliklərin nailiyyətlərinin insanın sağlamlığı, həyatı və cəmiyyətin mövcud əxlaqi və mənəvi dəyərləri ilə uzlaşdırılması mexanizmi kimi mövcuddur.

Başqa sözlə, insanın tibb və biologiya sahəsindəki fəaliyyətinin etik tərəflərini öyrənən bioetika, yeni texnika və texnologiyaların tibb sahəsinə daxil olması nəticəsində meydana gələn qeyri-adi, mürəkkəb, ziddiyyətli, cəmiyyət tərəfindən birmənalı qarşılanmayan problemləri həll etmək zərurətindən yaranmışdır.

Müasir həyatın və dünyanın mahiyyətini anlayan, bəşəriyyətin və planetin təhlükəsizliyini düşünən, insanın sağlamlığına, rifahına, uzunömürlülüyünə önəm verən hər kəs dünyada aparılan böyük elmi tədqiqatların, sağalmaz və ya mahiyyəti aydın olmayan xəstəliklərin müalicəsi üçün insanlar üzərində yeni- yeni eksperimentlərin, sınaqların aparılmasının əleyhinə olmaz, əksinə bu proseslərə yardımçı olar.

Bununla belə, insanın hüquq və azadlıqlarına, yaşamaq və sağlam olmaq haqqına dəyər verən hər kəs belə tədqiqat, kəşf, sınaq və eksperimentlərin aparılmasından sui-istifadə edilməsinə, insan orqanlarının alverinə, evtanaziyadan “lazımsız” insanların öldürülməsi vasitəsi kimi istifadəsinə, insanlığı aşağılayan qanunsuz klonlaşdırmaya, gen dəyişdirməyə və s. etiraz edir, bu proseslərdə bəşəriyyət üçün ciddi təhlükə görürlər.

Dünya ictimaiyyəti – siyasətçilər, bioloq-alimlər, tibb mütəxəssisləri, hüquqşünaslar, din xadimləri, filosoflar, hüquq müdafiəçiləri, ziyalılar və b. bu sahədə qızıl ortanı tapmağa (həm elm inkişaf etsin, həm də onun uğurları insanın həyatına və sağlamlığına təhlükə yaratmasın) cəhd göstərir, məsələnin tibbi, etik, fəlsəfi, hüquqi, bioloji aspektlərini araşdırmaqla bu münasibətlərin düzgün tənzimlənməsi üçün beynəlxalq hüquqi mexanizmlər yaratmağa, prinsiplər və standartlar müəyyənləşdirməyə çalışırlar.

Bioetikanın araşdırdığı problemlər ümumbəşəri xarakter daşıdığından, ümumən insanlığın mövcudluğu ilə bağlı olduğundan o, dünyəvi xarakter daşıyır. Ona görə də, beynəlxalq təşkilatlar bu məsələyə xüsusi diqqət yetirirlər.

Beynəlxalq səviyyədə insan haqları və bioetikanın hüquqi aspektləri İnsan Hüquqlarına dair Ümumi Bəyannamə (UN, 1948), Beynəlxalq Tibbi Etika Məcəlləsi (WMA, 1949), İnsan Üzərində Tibbi Tədqiqatların Etik Prinsiplərinə dair Helsinki Bəyannaməsi (WMA, 1964), Elmi-Texniki Tərəqqidən Sülh və Bəşəriyyətin Rifahı Naminə İstifadə Olunmasına dair Bəyannamə (UN, 1975), Pasiyentin Hüquqları Haqqında Lissabon Bəyannaməsi (WMA, 1981), Məhkum Olunmuş və ya Saxlanılan Şəxslərin İşgəncələrdən və Digər Qəddar, Qeyri- İnsani və ya Ləyaqəti Alçaldan Münasibət və Cəzalardan Müdafiəsində Səhiyyə İşçilərinin, Xüsusilə Həkimlərin Roluna Dair Tibbi Etikanın Prinsipləri (UN, 1982), İnsan Orqanlarının Transplantasiyası ilə Əlaqədar Bəyannamə (WMA, 1987), Bioetikaya dair Proqram (UNESCO, 1993), Pasiyentin Hüquqlarının Təminatına Yardım Haqqında Bəyannamə (WMA, 1994), Sosial İnkişaf Haqqında Kopenhaqen Bəyannaməsi (UN, 1995), Səhiyyədə İslahatlara dair Lyublyana Xartiyası (WMA, 1996), Biologiya və tibbin tətbiqi baxımından insan hüquqları və insan ləyaqətinin qorunması konvensiyası: İnsan hüquqları və biotibb haqqında Konvensiya (CU, 1997), İnsan Genomu və İnsan Hüquqları haqqında Ümumi Bəyannamə (UNESCO, 1997), Bioetika və Uşaq Hüquqlarına dair Qətnamə (UNESCO, 2001), Pasiyentin Hüquqları haqqında Avropa Xartiyası (EU, 2002), İnsan Hüquqları və Bioetikaya dair EKOSOS-un Qətnaməsi (UN, 2003), İnsanın Genetik Məlumatları haqqında Bəyannamə (UNESCO. 2003), Genetik Konfidensiallıq və Qeyri-Diskriminasiyaya dair EKOSOS-un Qətnaməsi (UN, 2004), İnsanın Klonlaşdırılması haqqında Bəyannamə (UN, 2005), İnsan Hüquqları və Bioetikaya dair Ümumi Bəyannamə (UNESCO, 2005) və s. kimi sənədlərdə öz ifadəsini tapıb.

Nəzərə almaq lazımdır ki, bioetika sahəsində beynəlxalq-hüquqi münasibətləri tənzimləyən ilk və hələlik tək hüquqi məcburi sənəd Biologiya və Tibbin Tətbiqi Baxımından İnsan Hüquqları və İnsan Ləyaqətinin Qorunması Konvensiyası: İnsan Hüquqları və Biotibb haqqında Oviedo Konvensiyası (1997) və onun 4 əlavə protokoludur. Bu Konvensiyaya görə iştirakçı dövlətlər hər kəsə tibbin və biologiyanın nailiyyətlərindən istifadə edərkən insan hüquq və əsas azadlıqlarını təmin etməyə zəmanət verir, öz üzərinə zəruri öhdəliklərgötürür. Artıq bir çox dövlətlər öz milli qanunvericiliyində bu və ya digər bioetik normaların pozulmasına görə cinayət məsuliyyəti müəyyənləşdiriblər. Azərbaycan Respublikası hələ ki bu Konvensiyaya qoşulmasa da öz qanunvericiliyini onun müəyyən etdiyi norma və standartlara uyğunlaşdırmağa çalışır.

Bu ilki Dünya Bioetika Gününün mövzusu olaraq “Bioetika və İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 12-ci maddəsi olan “Mədəni müxtəlifliyə və plüralizmə hörmət” başlığının seçilməsi olduqca aktualdır. Müxtəlif mədəniyyətləri təmsil edən insanların qarşılıqlı əlaqələrinin gündən- günə artdığı müasir dünyada insanlar arasında mədəni fərqlər və onun təsirlərindən xəbərdar olmaq vacibdir.

Cəmiyyətlər mədəni dəyərlər, davranışlar, adətlər, ifadə tərzi, təhsil sistemləri, həyat səviyyəsi və daha bir çox cəhətlərlə fərqlənirlər.

Müxtəliflik birlikdə sülh və təhlükəsizlik içində yaşamaq istəyən bütün insanlar üçün yaş, cins, milliyyət, etnik mənşə və inanc başda olmaqla çoxölçülü və əhatəli bir mövhumdur. Sağlam insan münasibətləri yalnız mövcud olan fərqlərə hörmət etməklə əldə edilə bilər. Multikulturalizmin aparıcı siyasi və sosial-mədəni kurs kimi qəbul edildiyi ölkəmizdə əsasən toplumun liderlərindən və dövlətin rəhbərlərindən gözlənilən, lakin strateji əhəmiyyətinə görə daha çox töhfə və iştirak tələb edən mədəni müxtəlifliyin və plüralizmin hüdudları dəqiq müəyyənləşdirilməli və sosial məsuliyyət hamı tərəfindən bölüşdürülərək yerinə yetirilməlidir.

YUNESKO-nun “Mədəni müxtəliflik haqqında Ümumi Bəyannaməsi”nə uyğun olaraq, mədəniyyət cəmiyyətə, yaxud sosial qrupa xas olan fərqləndirici əlamətlərin – mənəvi və maddi, intellektual və emosional əlamətlərin məcmusudur. O, incəsənət və ədəbiyyatdan başqa, həyat tərzini, birgəyaşayış yollarını, dəyərləri, ənənələri, inanc və etiqad sistemlərini də əhatə edir. Mədəniyyətin formaları və mahiyyəti zaman və məkanca dəyişir. Mədəni müxtəliflik bəşəriyyəti təşkil edən qrup və cəmiyyətlərə xas olan xüsusiyyətlərin təkrarsızlığında və çoxformalılığında təzahür edir.

Mədəni müxtəliflik bəşəriyyətin ümumi sərvətidir, ona görə də o, indiki və gələcək nəsillərin rifahı naminə tanınmalı və qorunmalıdır. Biomüxtəliflik təbiətə nə qədər önəmlidirsə, mübadilə, innovasiya və yaradıcılıq mənbəyi olan mədəni müxtəliflik də bəşəriyyətə bir o qədər zəruridir.

Plüralizm isə ən ümumi mənada müxtəlifliyin təsdiqi və qəbul edilməsidir. Bu anlayış geniş dairəni – siyasət, elm, təbabət və tibbi praktika, din, fəlsəfə, etika və s. sahələri əhatə edir. Dəyər plüralizmi anlayışı eyni dərəcədə ədalətli və fundamental olan, lakin bununla belə bir-birilə toqquşan bir neçə dəyərin bərabər hüquqlu mövcudluğunu göstərir.

Bioetika elmi-texniki tərəqqi və insanın yaşam və sağlamlıq problemlərindən bəhs edən etik müzakirələrin və hüquqi qaydaların məcmusudur. Bioetikanın inkişafı cəmiyyətin demokratikliyinin və insan hüquqlarının müdafiəsinin əsas göstəricilərindən biridir. Bu mənada, interdisiplinar sahə olan bioetika elminin populyarlaşdırılması, insanların məlumatlılığının artırılması baxımından Dünya Bioetika Gününün qeyd edilməsi vacibdir.

 

İstifadə edilmiş ədəbiyyat siyahısı:

1. Mədəni müxtəliflik haqqında Ümumi Bəyannamə. YUNESKO. 2001.

2. Bioetika və İnsan Hüquqları haqqında Ümumi Bəyannamə. YUNESKO. 2005.

3. Bioetika Baza Tədris Proqramı. 2008. AMEA İnsan Hüquqları İnstitutunun tərcüməsi.

4. Bioetikanın hüquqi aspektləri. S.A.Kərimova. Qanun jurnalı. Bakı. 2017. Dekabr.

5. Kültürel Farklılıkların Yönetimi ve Alternatif Bir Strateji: Kültürel Zeka. S.Yeşil. KMU İİBF Dergisi Yıl:11 Sayı:16 Haziran/2009

6. Managing cultural differences. Hoecklin, L. 1995. Cambridge: Addison-Wesley Pub.

7. http://www.unesco-chair-bioethics.org/?page_id=3602

8.http://www.deontoloji.hacettepe.edu.tr/unescobiyoetik/activities/pdf/2018dbgturkce raporson.pdf