XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2019 - 11:22

“TANAP və STAR Azərbaycan və Türkiyə üçün geosiyasi uğur və gəlir gətirir” –Türkiyəli professor

“Trans-Anadolu Boru Kəməri (TANAP) və STAR Neft Emalı Zavodunun istismara verilməsi hər iki ölkə üçün geosiyasi uğurlarla yanaşı, gəlir də gətirir”.

Bunu türkiyəli professor Sedat Aybar bildirib.

O, hər iki layihənin faydalarını vurğulayıb: “Məsələn, STAR zavodu inşaatın pik vaxtında 3 mindən çox mühəndis olmaqla 14 ölkədən 19 500-ə yaxın işçini işlə təmin edib. STAR zavodu neft-kimya sektorunun əsas xammalı olan nafta, ksilol və reformatın əldə olunmasını asanlaşdıraraq Türkiyənin bu sektorda idxaldan asılılığını azaldıb. Eyni zamanda, zavod dizel, təyyarə yanacağı, LPG və neft koksu kimi neft məhsullarını istehsal edərək cari kəsirin azalmasına yardım edib”.

Professor həmçinin bildirib ki, TANAP Azərbaycan təbii qazını qərbdəki istehlakçılara çatdırmaq baxımından strateji layihədir: “TANAP Bakıdan İtaliyaya qədər uzanan 3 500 km-lik Cənub Qaz Dəhlizi layihəsinin ən önəmli həlqəsini təşkil edir. Layihə 7 mlrd. dollar dəyərində qiymətləndirilir. TANAP Avropa və Türkiyənin təbii qaz mənbələri çeşidliyini artırmaqla yanaşı, Türkiyənin enerji dəhlizinə çevrilməsi üçün atılan ən strateji addımlardan biridir. Amma TANAP sadəcə təbii qaz tədarükündə mənbələrin şaxələndirilməsini təmin etmək və ya beynəlxalq güc tarazlığı baxımından önəmli deyil. Bu layihə həm də Türkiyəyə ildə 6 mlrd. kubmetr təbii qaz nəql edəcək və Türkiyənin təbii qaz ehtiyacının 12%-ni qarşılayacaq. Bu, Türkiyəyə əhəmiyyətli iqtisadi rahatlıq təmin edəcək”.

S.Aybar bu layihələrin Azərbaycana faydalarının bəlkə də Türkiyəyə faydalardan daha çox olduğunu da əlavə edib. “Burada qarşılıqlı “qazan-qazan” vəziyyəti var. TANAP mənbə ölkə olan Azərbaycanın məhsulunu bazara daha rəqabətli şərtlərdə təqdim etməsini təmin edən bir layihədir. AzərbaycanTürkiyə ilə yanaşı, Avropa bazarına, məsələn, İtaliyaya nəqli birbaşa marşrutla həyata keçirəcək. O bazara qaz tədarükünə qatılması Azərbaycanın həm Avropa İttifaqı, həm də region çərçivəsində strateji dəyərini artırır. Bu mənada Türkiyədəki layihələrin Azərbaycan üçün qazanclarını iqtisadi və geosiyasi uğurlar olaraq dəyərləndirmək mümkündür”.

Professor TANAP və STAR layihələrinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdə olduğunu vurğulayıb: “Ümumiyyətlə, bu cür sərmayələrin bir qayda olaraq məşğulluq  yaratmasına töhfə verdiyi aydındır. SOCAR-ın Türkiyədəki böyük layihələri başlıca olaraq məşğulluq təmin etməsi baxımından ölkə iqtisadiyyatına fayda verir. Təbii qaz və enerjidə xaricdən asılı ölkə olan Türkiyə üçün SOCAR və onun ölkəsinin Azərbaycan olması çox önəmlidir. Türkiyənin enerji və təbii qaza tələbatı ödəmək baxımından problemi var. Türkiyə üçün TANAP-ın regional enerji tarazlığı baxımından daşıdığı önəm aydındır. STAR zavodu isə sadəcə məşğulluq yaratmır, innovasiya və sahibkarlığı dəstəkləyir. Türkiyə üçün çoxfunksiyalı fayda təmin edir”. (Report)