XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

06 Fevral 2016 - 16:23

Samir Şərifov Sabirabadda [color=red] Prezidentin tapşırıqlarından danışıb

Samir-Sherifov-Sabirabad.jpg

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Maliyyə naziri Samir Şərifov Sabirabad rayon ictimaiyyətinin nümayəndələri və sahibkarlarla görüşüb.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub.

Azərtac xəbər verir ki, görüşdə qeyri-neft sektorunun inkişafında Sabirabad rayonunun potensial imkanları müzakirə olunub. Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Kənd təsərrüfatı sektorunun inkişafından, kəndarası yolların təmirindən, yeni təhsil və səhiyyə müəssisələrinin açılmasından danışan icra hakimiyyətinin başçısı bunu dövlətin regionlara qayğısı kimi səciyyələndirib. Bildirib ki, Prezidentin tapşırığı ilə rayonda “ASAN xidmət” mərkəzi istifadəyə verilib, Heydər Əliyev Mərkəzi inşa olunub, 74 kəndin 47-si qazlaşdırılıb. Kür və Araz çayları üzərində körpülər salınıb, yeni asfalt zavodu, 2 min ton tərəvəz istehsal edən istixana işə salınıb. Hazırda 205 yerlik xəstəxananın tikintisi davam edir.

Görüşdə çıxış edən Maliyyə naziri Samir Şərifov 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin verdiyi tapşırıqlar barədə danışıb. Qeyd edib ki, dövlətimizin başçısı konfransdakı nitqində regionların inkişafı ilə bağlı məsələlər nəzərə alınmaqla mövcud vəziyyəti dərindən təhlil edərək bu istiqamətdə konkret vəzifələr müəyyənləşdirib. Bu vəzifələrə əsasən, qeyri-neft sektorunun inkişafı üçün əlverişli mühit yaradılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, maliyyə bazarında tarazlığın yaranması və əhalinin milli valyutaya etimadının bərpa edilməsi, dövlət orqanlarında struktur islahatlarının aparılması, süni qiymət artımının qarşısının alınması, sosial təminat sahəsində məqsədyönlü işlərin görülməsi daxildir. Prezidentin tapşırıqları, qəbul etdiyi qərarlar hər bir vəzifəli şəxsdən çevik tədbirlər görməyi tələb edir.

Maliyyə naziri bildirib ki, son illər Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, müxtəlif sahələri əhatə edən irimiqyaslı layihələr həyata keçirilib. Bunun nəticəsində uzun müddət Azərbaycanın maliyyə dayanıqlılığı qoruyub saxlamaq mümkün olub. Lakin dünyanın enerji bazarında yaranan təlatümlər, Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətinin 4 dəfə aşağı düşməsi milli valyutanın devalvasiyasına gətirib çıxarıb. Dünyada gedən proseslərə toxunan Maliyyə naziri Samir Şərifov deyib ki, böhranın yeni fazası dünya istehlakının artım templərinin və qlobal ticarətin zəifləməsi, bununla əlaqədar qiymət şoklarının, əsasən də xammallar üzrə qiymətlərin kəskin enməsi ilə müşayiət olunur. 2015-ci ildə enerji, metal və bitki əmtəələrinin qiymətlərində son 5 ilin ən yüksək səviyyəsi ilə müqayisədə orta hesabla 45 faiz geriləmə baş verib.

Qlobal iqtisadiyyatda cərəyan edən proseslərin yaratdığı yeni çağırışları diqqətə çatdıran nazir vurğulayıb ki, Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, 2015-ci ildə ölkə iqtisadiyyatının inkişafı, büdcə-fiskal dayanıqlılığı təmin edilib. Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində qlobal iqtisadi böhranın iqtisadiyyatımıza təsiri minimuma endirilib. Yaradılan siyasi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan iqtisadi islahatlar neft amilindən asılılığı azaldıb. Biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı dayanıqlığını təmin edib.

Ölkəmizdə həyata keçirilən antiböhran tədbirləri, qeyri-neft sektorunun, sənaye və sahibkarlığın inkişafı, o cümlədən Sabirabadın potensial imkanlarından səmərəli istifadə olunması kimi məsələlərdən bəhs edən nazir bunun üçün böyük imkanlar yarandığını diqqətə çatdırıb. Qeyd edib ki, dünya iqtisadiyyatında böhran yaşandığı bir zamanda ölkəmizdə sosial-iqtisadi inkişaf davam edir, nəzərdə tutulan layihələr icra olunur. Prezidentin sərəncamı ilə maaşlar, müavinətlər, təqaüdlər artırılıb, aztəminatlı ailələrin sosial müdafiəsi gücləndirilib.

Çıxış edən sahibkarlar dövlətimizin başçısının imzaladığı son sərəncam və fərmanların dinamik inkişafa səbəb olacağına əminliklərini ifadə edib, eyni zamanda, yeni istehsal və emal müəssisələri, iş yerlərinin yaradılması ilə bağlı bir sıra təkliflər veriblər.

Milli Məclis deputatları Əhliman Əmiraslanov, Rüstəm Xəlilov və Elçin Quliyev 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda qarşıya qoyulan vəzifələrin icrasının bütün ölkənin, eləcə də Sabirabadın inkişafına böyük təkan verəcəyini bildiriblər.

İctimaiyyət nümayəndələri regionlara, o cümlədən Sabirabada göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.