Ekstremizm və fanatizmin geniş yayıldığı, “nifrət zəhərinin” isə bəşəriyyətin böyük bir hissəsinin həyatını zəhərlədiyi bir vaxtda dözümlülük həyati əhəmiyyətli bir amildir. Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, bu fikri 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibətilə bəyanatında UNESKO-nun Baş direktoru Odri Azule ifadə edib.
Beynəlxalq Tolerantlıq Günü 1996-cı ildən qlobal səviyyədə qeyd olunur. Həmin il noyabrın 16-da BMT Baş Assambleyası üzv dövlətlərə dözümlülük konsepsiyasını yaymaq və təhsil müəssisələrində, habelə geniş ictimaiyyət arasında müvafiq tədbirlər keçirmək barədə çağırış edib.
Böyük fransız mütəfəkkiri Fransua-Mari Volterin “Dözümlülük traktatı” əsəri müasir humanizm ideyalarının əsasını təşkil edir. 250 il əvvəl yazılmış bu əsərə müraciət edən Odri Azule qeyd edib ki, “dözümlülük zəkanın, baş verənləri dərk etməyin əlamətidir və həyati zərurət daşıyır”. UNESKO-nun rəhbərinin sözlərinə görə, müasir tolerantlığın mahiyyəti mədəniyyətlərin rəngarəngliyini nifaq səbəbi kimi deyil, bəşəri sərvət kimi qəbul etməkdir. O xatırladıb: “Hər bir mədəniyyəti aşkar fərqlilik prizmasından yox, bəşəriyyətin ortaq dəyərləri kontekstində qəbul etmək insanlar arasında ümumi dil tapmaq deməkdir”.
Odri Azule diqqətə çatdırıb ki, UNESKO dinc yanaşı yaşayış və mədəniyyətlərin qarşılıqlı mövcudluğu sahəsində fəaliyyətini ildən-ilə gücləndirir. Əlavə edib ki, təşkilat bütün fəaliyyəti ərzində irqçilik və qeyri ayrı-seçkiliyin bütün təzahürləri ilə mübarizə aparıb. Baş direktor bütün ölkələri tolerantlıq və humanizm ideyalarını yaymağa çağırıb.
Bu gün Azərbaycan dünyada tolerantlığın mərkəzi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər ölkəmizi müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Azərbaycanda bu istiqamətdə son illər həyata keçirilən müxtəlif sanballı beynəlxalq tədbirlər – forumlar, sammitlər bunun bariz nümunəsidir. Bu günlərdə Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin tolerantlıq ideyalarının flaqmanına çevrilməsinin daha bir sübutu oldu. Sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb: “Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılmışdır və bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Tədbirlərin bəziləri ənənəvi xarakter daşıyır. Məsələn, Bakı Humanitar Forumu ənənəvi olaraq keçirilir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən dəstəklənir. BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Zirvə görüşləri, yəni, bütün bu tədbirlərin bir məqsədi var – dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə öz töhfəmizi verməkdir”.