XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2019 - 13:19

SİRAB Şirkətindən etiraz:"Bizim adımızı belə çirkin işlərə qatmayın!"

“Babək “SİRAB” ASC olaraq, bir daha bəyan edirik ki, “Sirab Europa Gmhb” adlı şirkətin “SİRAB” şirkətinə zərrə qədər də aidiyyəti yoxdur. Həmçinin “SİRAB” ASC-nin Azərbaycandan kənarda rəsmi və ya qeyri-rəsmi hər hansı filialı, nümayəndəliyi, törəmə şirkəti də mövcud deyil”.

Strateq.az xəbər verir ki, bu bəyanatla son günlər Avropada baş verən azərbaycanlı mühacirlər qalmqalında “SİRAB” şirkətinin adının hər hansı formada hallandırılmasına etiraz edən Babək “SİRAB” ASC-nin İdarə Heyətinin sədri Namiq Novruzov çıxış edib.

Namiq Novruzov deyib: “Bir müddət əvvəl özünü “müsavatçı mühacir jurnalist” kimi təqdim edən Laçın Məmişov tərəfindən “Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və indiki rəhbəri Arif Hacılının “SİRAB” şirkəti tərəfindən maliyyələşdirilməsi” haqqında əsassız və yalan iddia ortaya atılmışdı. L.Məmişov qeyri-peşəkar bir davranış sərgiləyərək, heç bir araşdırma və dəqiqləşdirmə aparmadan, Babək “Sirab” ASC-yə məxsus “SİRAB”  mineral sularının fotoşəkillərini də öz yalan xəbərinə əlavə etməklə şirkətimizin imicinə yönəlik çirkin mahiyyətli xəbərlərin yayılmasına rəvac vermişdi. Ucuz sensasiya axtaran bəzi media qurumları üçün də bu, bir növ, göydəndüşmə olmuş və yuxarıda qeyd olunan başlıqlı iftira bir sıra qeyri-populyar saytlarda yayımlanmışdı”.

N.Novruzovun bildirdiyinə görə, Babək “Sirab” ASC həmin vaxt məsələ ilə bağlı araşdırma aparıb və həmin məlumatın saxta və yalan olduğunu ifşa edib: “Bəlli oldu ki, əslində söhbət Babək “SİRAB” ASC-dən yox, Avropada qeydiyyatdan keçirilmiş və orada da fəaliyyət göstərən “Sirab Europa Gmbh” adlı bir daşımacılıq şirkətindən gedir… Təbii ki, yalanın ömrü az olar və bi məsələdə də əsl həqiqət yayımlandı, “SİRAB”a atılan iftira ifşa edildi, cəmiyyətdə süni şəkildə yaradılmış çaşqınlığa son qoyuldu. Azərbaycan ictimaiyyətinə agah oldu ki, Avropada qeydiyyatdan keçmiş “Sirab Europa Gmbh” adlı daşımacılıqla məşğul olan bu şirkətin Naxçıvanda qeydiyyatdan keçmiş və ölkəmizdə “SİRAB” mineral sularının istehsalı və satışı sahəsində fəaliyyət göstərən Babək “Sirab” ASC ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur”.

Namiq Novruzovun bildiridiyinə görə, eyni iddianı bugünlərdə başqa bir mühair jurnalist – Yafəz Əkrəmoğlu təkrar gündəliyə gətirib: “O, sosial şəbəkələrdə paylaşdığı statusunda “Almaniyada baş verәn son hadisәlәrdәn sonra Azәrbaycanda әn çox maddi ziyan görәn Arif Hacılı vә Vasif Talıbovdur” fikrini səsləndirən, Babək “SİRAB” ASC-nin adını da ziddiyətli fikirlərlə dolu yazısında hallandıran bu adamın yazdıqlarını oxuduqdan sonra bir daha əmin olursan ki, bu adamlar Azərbaycanın beynəlxalq arenada günü-gündən güclənən imcini və nüfuzunu ləkələmək üçün nəinki dövlətimizə və onun rəhbərlərinə, Azərbaycan adını ləyaqətlə təmsil edən bütün insanlara və qurumlara, hətta siyasətlə bağlılığı olmayan özəl şirkətlərə belə çirkab atmağa hazırdırlar… Ölkədə aparılan islahatlar və quruculuq işləri, iş adamları və sahibkarlara geniş dövlət dəstəyinin təmin olunması, eləcə də Naxçıvan Muxtar Respublikasının yüksək inkişafından narahat olan bu insanların ölkə gündəminə oturmuş “siyasi mühacir” qalmaqalında Babək “SİRAB” ASC-nin adını hallandırmaları iftira və böhtandan, “SİRAB” şirkətinə və onun kollektivinə qarşı “mənəvi terror”dan başqa bir şey deyil.

Babək “SİRAB” ASC olaraq, qətiyyətlə bəyan edirik ki, “Sirab Europa Gmhb” adlı şirkətin “SİRAB” şirkətinə zərrə qədər də aidiyyəti yoxdur. Həmçinin “SİRAB” ASC-nin Azərbaycandan kənarda rəsmi və ya qeyri-rəsmi hər hansı filialı, nümayəndəliyi, törəmə şirkəti də mövcud deyil”.

Namiq Novruzov bəyanatının sonunda bir daha vurğulayıb ki, yalan olduğunu bilə-bilə bəzi saytların bu dezinformasiyalardan yararlanıb Babək “SİRAB” ASC-nin ünvnına kampaniya aparmaları barədə isə müvafiq hüquqi addımlar atacaqlar: “Hesab edirik ki, bu mövzunun təkrar-təkrar eyni şəxslər və media qurumları tərəfindən gündəmə gətirilməsi tək şirkətimizə deyil, eləcə də Azərbaycana yönəlik qərəzin və məkrli kampaniyanın tərkib hissəsidir. Bu cür qeyri-dəqiq, iftira və böhtan dolu xəbəri yayan bəzi media quruluşlarının da bir müddət əvvəl təkzib vermələrinə rəğmən, yenidən bu mövzuya qayıtmaları sübut edir ki, onlar da adlarıçəkilən şəxslərin apardıqları çirkin qarayaxma kampaniyasının iştirakçıları və dəstəkçiləridirlər. Hesab edirik ki, müvafiq dövlət qurumları bu məsələyə diqqət yetirəcək, bu yöndə lazımi tədbirləri görəcəklər. Naxçıvan MR rəhbərliyinə və Babək “SİRAB” ASC-yə, eləcə də “SİRAB” markasına yönəlik bu cür böhtan dolu informasiyanı yayan xəbər saytlarından əsassız yalanlarını düzəldərək təkzib vermələrini tələb edir, bir daha bu kimi hallara yol verəcəkləri təqdirdə, hüquqi müstəvidə bütün zəruri addımları atacağımızı bəyan edirik”.