Zakir ŞİRİYEV,
hüquqşünas, ədliyyə müşaviri
08 dekabr 1960-cı il tarixli Azərbaycan SSR Cinayət Məcəlləsinin 22-ci maddəsinə əsasən, bir sıra xüsusilə ağır cinayətlərə görə ölüm cəzasının (güllələnmənin) müstəsna cəza növü kmi tətbiqinə yol verilirdi. Cinayət Məclləsində əsasən Vətənə xəyanətə, terror aktı, təxribat, banditizm, zorlama, rüşvətxorluq, külli məbləğdə dövlət əmlakının oğurluğu, hava gəmisi qaçırma, bir sıra hərbi cinayətlərə görə ölüm cəzası tətbiq edilirdi.
Müəyyən zəruri səbəblərə görə, ölkəmizdə də 10 fevral 1998-ci il tarixdən ölüm cəzasının tətbiqi dayandırılmışdır.
Ölüm cəzasının mahiyyətini tam araşdırmaq və tətbiqi mexanizmini dəqiqləşdirmək üçün ölüm cəzasının yaranma tarixi, hal-hazırda hansı ölkələrdə tətbiqi və Azərbaycan Respublikasında ölüm cəzasının bərpasını zəruri edən səbəbləri ətraflı qeyd etməyi məqsədəmüvafiq hesab edirəm.
Qeyd etmək lazımdır ki, ölüm cəza siyasətinin tətbiqi mürəkkəb bir tarixi dövrdə formalaşmışdır.
Qətl üçün məsuliyyətə cəlb etmək üstündə qan qisası (və ya intiqam) “taliyon” və “kompozisiya” (qan bahası) ibtidai icma quruluşunda əmələ gəlsə də, hər dövrə uyğun cinayət hüququna dair yaradılan hüquq mənbələri və həmin dövrlərdə hazırlanmış qanunlarla tənzimlənirdi.
Məsələn, Misir quldarlıq cəmiyyətində hüququn ən qədim və ilkin mənbəyi adət olmuşdur. VIII əsrdə qədim Misir dövlətinin cinayət hüququ həmin dövr üçün xarakterik olan qorxutmaq prinsipinə əsaslanırdı. Bu məqsədlə cinayətkarlara qarşı işgəncəli cəza tətbiq edilirdi.
Qədim Misirin “Ölülər” kitabında hətta müqəddəs sayılan heyvanları – pişik, keçi və bir sıra quşları qəsdən öldürmək, müalicə qaydalarının pozulması və insan həyatına qəsd etmək kimi ağır cinayət hesab edilirdi.
Qədim Babilistanın 282 maddədən ibarət olan Hammurapi Məcəlləsinə görə, uğursuz cərrahiyyə əməliyyatı aparan həkimin, xəstənin ölümü və ya xəsarət almasından asılı olmayaraq, barmaqları kəsilirdi.
Hammurapi Məcəlləsinə görə, cəza növü kimi ölüm, bədən orqanlarına xəsarət yetirmək, döymək, namussuz damğası vurmaq, yaşadığı ərazi və ya evdən qovmaq, hər hansı vəzifədə çalışmaqdan məhrum etmək və s. tətbiq edilirdi.
Həmin Məcəlləyə görə, atasını təhqir edən oğulun dili kəsilirdi.
Əgər təqsirsizlik prezumpsiyasının tələblərini pozan hakimin günahkar olmayan şəxsi ölüm cəzasına məhkum etməsi faktı aşkar edilərdisə, həmin hökmü çıxaran hakimin özü ölüm cəzasına məhkum edilirdi.
Qədim Hindistanda Manu Qanunlarında cinayətlərin qəsdən, ehtiyatsızlıqdan və təkrar törədilməsinə görə konkret normalar olmuşdur. Həmin qanuna görə, zina edən qadını odda yandırmaqla ölüm cəzası tətbiq edilirdi. Lakin qızları korlamağa görə təqsirkar şəxsə yüngül cəza verilirdi.
Manu Qanununa görə, cinayətkarlara qarşı cəza növü olaraq ölüm cəzası seçilir, həmçinin bədən üzvlərindən məhrum etmək, təqsirkarın cinsi üzvlərinin, dilinin, burun-qulaqlarının, əllərinin, ayaqlarının kəsilməsi və gözlərinin çıxarılması kimi cəzalar tətbiq edilirdi.
VII əsrdə qədim Çinin cinayət qanunvericiliyində cəza siyasəti son dərəcədə ağır şərtlərlə icra edilməsi ilə səciyyələnirdi. Lakin cəza siyasətində qəsdən və ehtiyatsızlıq üzündən törədilən cinayətlər fərqləndirilirdi.
Çin cinayət qanunvericiliyinin fərqləndirici cəhəti ondan ibarət idi ki, ölüm cəzasına dair hökm fəsildən asılı olaraq icra edilirdi. Belə ki, qədim Çin adətlərinə görə, təbiətin oyandığı və canlandığı yaz və yay fəsillərində heç bir canlını, xüsusən insanı məhv etmək olmazdı.
Odur ki, həmin fəsillərdə çıxarılan hökmlər payız və qış fəsillərində icra edilirdi.
VII əsrdə qədim Yunanıstanda Afina dövlətində adam öldürmə cinayəti xüsusi ittihamlı iş hesab edilirdi. Belə ki, ölüm cinayətləri ilə səlahiyyətli dövlət orqanları deyil, öldürülənin qohumları maraqlanmalı idi və onlar təşəbbüs göstərməsəydilər, onda cinayət işi başlanmırdı.
Afina cinayət hüququna əsasən, qəsdən törədilən ölüm hadisəsi ilə ehtiyatsızlıq üzündən edilən ölüm hadisəsi bir-birindən fərqləndirilirdi.
Qədim Spartada ən çox tətbiq edilən cəza növləri öldürmək, hüquqlardan məhrumetmə, sürgün, cərimə və s. idi.
Qədim Hindistanda məhkum edilən şəxs (atimiya) qanundankənar hesab edilməklə, dövlət və məhkəmə orqanlarına şikayət etmək hüququndan məhrum edilirdi.
Olüm cəzası əsasən boğmaq, hündür və sıldırım qayalardan tullamaqla icra edilirdi.
VIII əsrdə təşəkkül tapmış Roma quldarlıq dövlətində cinayət qanunvericiliyi əsasən “XII cədvəl” Qanunu ilə tənzimlənirdi.
Həmin Qanuna görə, ölüm cəzası nəzərdə tutan əməllər qəsdən deyil, ehtiyatsızlıq nəticəsində baş verdikdə, o, vurulan cəriməni ödəməklə kifayətlənirdi.
Qəsdən adam öldürməyə görə ölüm cəzası tətbiq edildikdə, bu cəza təqsirkarın başının vurulması, hündür qayadan tullamaq və sair üsullarla icra edilirdi.
Romanın imperiya dövründə qüvvədə olan Oktavin Qanununa görə, ər-arvad münasibətlərində xəyanət edən şəxs ölüm cəzasına məhkum edilirdi.
Roma Qanununa görə, yaxın qohumlarını və ya valideyinlərini öldürənlər it, ilan, xoruz və ya meymunla birlikdə göndən tikilmiş kisəyə qoyulur və suya atılırdı.
Müsəlman cinayət hüququna görə, cinayətin obyekti şərti olaraq bütün islam cəmiyyətinə mənsubiyyətinə toxunan cinayətlərə və konkret şəxslərin mənafeyinə ziyan vuran cinayətlərə bölünürdü. Eyni zamanda mənəviyyat və əxlaq normalarına zidd olan hərəkətlər küfr hesab edilirdi və təqsirkar lənətlənirdi.
Cəza növü kimi, edam, bədənin müxtəlif orqanlarını kəsmə və s. tətbiq edilirdi. Adam öldürmə cinayəti ilə bərabər, qeyri-qanuni cinsi əlaqəyə (uşaqbazlıq) görə edam cəzası verilirdi.
Şəriət və müsəlman hüququnun mənbəyi “Quran”, Sünnə (Məhəmməd Peyğəmbərin kəlamları, hədisləri), Qiyas (Bənzətmə), Esma (görkəmli hüquqşünasların və ilahiyyətçilərin müştərək rəyləri), Fitva (altı ruhani şəxslərin yuridik hökmləri və qərarları) və adətlər hesab edilirdi.
Qəsdən adam öldürməyə görə cinayət məsuliyyətinə cəlb edilmə IX-X əsrlərdə “Rus hüququ”nun (“Russkaya Pravda”) bütün mətnlərində var idi. Qətlə görə xüsusi intiqamla yanaşı, təqsirkarın Cəzalar haqqında Qanunnamənin 1472-ci maddəsinə əsasən özünü öldürmək üstündə verilən cəza, ölən şəxsin “Xristian qaydası ilə dəfn olunmaqdan“ məhrum etməkdən ibarət idi. Özünü öldürməyə sui-qəsd etmək üstündə verilən cəza kilsədə tövbə etməkdən ibarət idi və pul ödəməklə cəzasının əvəzləşdirilməsi mümkün idi.
1497-ci il Qanun kitabçasına əsasən, qətlə görə edam cəzası tətbiq edilirdi. 649-cu il Qanunnaməsi (çar Aleksey Mixayıloviçin Qanunnaməsi), 1716-ci il “Əsgəri Nizamnamə” ilə qətlə görə edam cəzası tətbiq edilirdi. Ata qatili, körpə uşaqların qətli, qohum qətli, özünüöldürmə və özünü öldürməyə qəsd etmə ağır cinayətlər hesab edilirdi.
Qərb ölkələrində, xüsusən Fransa cinayət qanunvericiliyində (1810-cu il cəza məcəlləsi) qəsdən edilən qətllər sadə, qabaqcadan düşünülüb edilən qətl kimi qiymtləndirilirdi.
Atanı, ananı və yüksək xətt üzrə digər qohumları qəsdən öldürməkdən ibarət qətllər ata qətli kimi qiymətləndirilirdi. Qeyd edilən cinayətlərə, o cümlədən zəhərləməyə görə edam cəzası tətbiq edilirdi.
İngilis cinayət qanunvericiliyində qəsdən, ehtiyatsızlıq və uşaq qətlləri ağır cinayət hesab edilirdi və bu cinayətlərə görə edam cəzası tətbiq edilirdi.
1532-ci ildə Almaniyada imperator V Karl tərəfindən nəşr edilən və onun adı ilə adlanan “Karolina Məcəlləsi”nə əsasən, qətlə görə edam, digər cinayətlərdə isə suda boğmaq, kəsmək və s. cəzalar verilirdi.
Cinayət qanunvericiliyinin təkmilləşdirilməsində klassik, antropoloji, sosioloji məktəblərin və müxtəlif fəlsəfi cərəyanların da böyük rolu olmuşdur.
Klassik məktəbin 200 ildən artıq davam edən fəaliyyəti dövründə müxtəlif fəlsəfi nəzəriyyələrə baxmayaraq, əsas amil hüquqi dünyagörüş idi.
“Qanunların ruhu haqqında” əsərində Monteskyö (1689-1755) vətəndaşların qanun qarşısında bərabərliyini əsas götürməklə ağır cəzaları zərərli və faydasız hesab edirdi.
Monteskyönün fikrincə, cinayətlə cəza arasında obyektiv əlaqələr, verilən cəza isə insanpərvər olmalıdır.
1764-cü ildə nəşr etdirdiyi “Cinayət və cəza haqqında” əsərində Çarlz Bekkariya qeyd edirdi ki, cinayət cəmiyyət üzvlərinin rahatlığı, təhlükəsizliyi və rifahı üçün insanlar arasında başlanmış ictimai müqaviləyə qarşı çevrilən əməldir. Ç. Bekkariya ölüm cəzasının əleyhinə idi.
XIX əsrdə klassik məktəbin inkişafında böyük xidmətləri olan İmmanuel Kanta (1724- 1804) görə, cinayətlər ümumi və xüsusi hissələrə bölünməklə, həm əxlaq, həm də hüquq imperativi üzərində qurulurdu.
Kantin fikrincə, cəza talion prinsipinə uyğun icra edilməlidir. Belə ki, cinayətkar öz cinayəti ilə başqasını məhkum etdiyi nemətdən məhrum edilməli idi. Əgər cinayətkar bir qadını zorlamışdısa, o, axtalanmalı, qətl törətdikdəsə edam edilməli idi.
Alman kriminalisti A.Feyerbaxa (1775-1833) görə, bütün törədilən cinayətlərin əsasını hissiyat təşkil edir. Cinayətə sövq edən arzu nə qədər güclü olarsa, törədiləcək cinayət də bir o qədər təhlukəli olur. Hər kəs səbəblə nəticə arasında səbəbli əlaqənin olmasını bilməlidir.
Alman filosofu Hegel (1770-1830) özünün “Hüquq fəlsəfi” əsərində əxlaq, cinayət, cəza, təqsir və s. anlayışlara şərhini verərək, cəzanın tətbiq edilməsinə qanunpozanın özünün hüquq və azadlığının səbəb olduğunu qeyd etmişdir.
XIX əsrin axırı və XX əsrin əvvəlində cinayət hüquq nəzəriyyəsində, nisbi götürdükdə, klassik məktəbi antropoloji məktəb əvəzlədi.
İtaliyada həbsxana həkimi işləmiş Lombardo (1836-1909) özünün “Cinayətkar adam” əsərində yazırdı ki, cinayətkar adamlar cinayətkarlardan olmayanlardan yalnız onlara xas olan anatomik fizioloji xüsusiyyətləri ilə fərqlənirlər və onlar anadangəlmə cinayətkardırlar. Belə ki, onlar kəlləsinin və ayrı-ayrı kəllə hissələrinin quruluşu, həmçinin digər yalnız onlara xas olan anatomik fizioloji xüsusiyyətləri ilə fərqlənirdilər. Onun fikrincə, cinayətkarların beyninin çəkisi ruhi xəstənin beyninin çəkisinə yaxınlaşır. Eyni zamanda, onun fikrincə, cinayətkarların əxlaq hissiyyatı olmur, hədsiz dərəcədə şöhrətpərəst, rəhmsiz olurlar.
Lombardonun cinayət nəzəriyyəsinə görə, törədilən cinayətlərdə iqlim, ilin fəsilləri, temperatur, coğrafi məkan, irqi əlamətlərin əhəmiyyəti böyükdür.
Lombardonun təlimini tədqiq edən psixiatrlar, bioloqlar, həkimlər, kriminalistlər belə nəticəyə gəldilər ki, cinayətkarı cinayətkar olmayandan ayırd etmək üçün heç bir antropoloji əlamət yoxdur. Lakin həmin təlimin davamçısı olan Ferri (1856-1929) hər bir cinayəti fərdi, cismani və ictimai amillərin qarşılıqlı nəticəsi kimi qiymətləndirərək, sosioloji məktəbin əsasını qoymuşdu.
Onun fikrincə, qətl və zorlama əsasən cinayətkarın şəxsi xüsusiyyətlərinin nəticəsidir.
Sosioloji məktəb ictimai münasibətləri əsas tutmaqla, cinayətin bir ictimai hadisə olduğunu təsdiq edirdi.
Sosioloji məktəbin başlıca nümayəndəsi List (1851-1919) olmuşdur. O, 1898-ci ildə “Cinayət ictimai-patoloji haldır” adlı məruzəsində və nəzəri baxışlarında cinayətin ayrı-ayrı insanın həyatında baş verən hadisə olmasını, bu hadisənin həmin insanın fərdi xüsusiyyəti ilə izah edilməsini ona görə də hər bir cinayətin insanın şəxsi xüsusiyyətlərini və ictimai şəraitin məhsulu olması kimi izah edirdi.
Müasir dövrdə Qərb dövlətlərində belə bir prinsip əsas götürülür ki, bütün insanların öz həyatlarını sərbəst həll etmək hüququ vardır. Hər bir şəxs öz seçimində sərbəstdir və öz ölümünə də razılıq verə bilər.
Lakin bu, təhlükəli və çoxşaxəli cinayətlərin törədilmə mənbəyi ola bilməsi nəticəsinə gəlməyə əsas verir.
Hazırki dövrdə ayrı-ayrı ölkələrdə ölüm cəzasının tətbiqi aşağıdakı üsullarla icra edilir:
1. Adamı asaraq öldürmə – Yaponiya, İordaniya, Pakistan, Sinqapur, İran, Yəmən və digər ölkələrdə tətbiq edilir;
2. Güllələnmə – Şimali Koreya, Vyetnam və digər ölkələrdə tətbiq edilir;
3. Tapdalanma – Hindistanın bir sıra ştatlarında tətbiq edilir. Bu halda məhrum filin ayaqları altına atılıb öldürülür;
4. Elektrik cərəyanı ilə öldürmə – ABŞ və bir sıra Latın Amerika ölkələrində tətbiq edilir;
5. Daşqalaq etmək – bu ölüm cəzasının icrası Əfqanıstan və İranda tətbiq edilib;
6. Baş kəsməklə öldürmə – bu üsulla ölüm cəzası Səudiyyə Ərəbistanında tətbiq edilir;
7. Qaz kameralarında boğma – bu üsulla adam öldürmə Almaniya və İngiltərədə tətbiq edilib;
8. İnyeksiya – zəhərli iynə ilə öldürmə – bu üsulla ölüm cəzası ABŞ, Tailand və digər ölkələrdə tətbiq edilir.
Hal-hazırda postsovet dövlətlərindən yalnız Belarus Respublikasında ölüm cəzası saxlanılıb.
Rusiya Federasiyasında isə ölüm cəzası ləğv edilməsə də, ölüm cəzasının tətbiqi dayandırılmışdır. Hazırda Rusiya Federasiyasında bu məsələyə yenidən baxılması fikirləri səslənir.
Avropda və bütün dünyada ölüm cəzasına qarşı mübarizə günü münasibətilə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Şurası Baş Katibinin 10 dekabr 2018-ci il tarixli birgə qəbul etdikləri bəyannamədə yetkinlik yaşına çatmayanlar, hamilə qadınlar, psixi xəstələr və ya əqli qüsuru olan insanlar barədə ölüm hökmünü icra etməmək tövsiyə edilir.
***
Ölkəmizə gəldikdə, 30 dekabr 1999-cu il tarixli Qanunla təsbiq edilmiş və 08 fevral 2000-ci ildən qüvvəyə minmiş Cinayət Məcəlləsində ölüm cəzası ömürlük həbs cəzası ilə əvəzlənib.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 57-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrumetmə yalnız sülh və bəşəriyyət, insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və Dövlət Hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə tətbiq edilir (57.1 m).
Lakin burada istisnalıqlar vardır. Belə ki, CM-nin 57.2-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrumetmə qadınlara, cinayət törədərkən 18 yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək 65 yaşına çatmış kişilərə təyin edilmir.
Cinayət Məcəlləsinin 57.3-cü maddəsinə əsasən, məhkəmə ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən mərhumun azadlıqdan məhrumetmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkəmənin həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrumetmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.
Lakin burada da bir istisnalıq vardır. Belə ki, CM-nin 57.4-cü maddəsinə əsasən, bu məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan məhrumetmə cəza növünü on beş ilədək azadlıqdan məhrumetmə ilə əvəz etmək olar.
Müqayisə üçün Cinayət Məcəlləsinin 217-ci maddəsini (banditizm) götürək. Həmin maddədə (217.2) 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Və ya Cinayət Məcəlləsinin 219-cu maddəsi – hava və ya su nəqliyyat gəmisini, yaxud dəmiryolu qatarının qaçırması. Həmin maddədə ağırlaşdırıcı hal kimi on iki ildən on beş ilədək müddətdə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Cinayət Məcəlləsinin iğtişaşa dair 220-ci maddəsində ağırladırıcı hal kimi, 4 ildən 15 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Hər üç cinayət dövlətin həm iqtisadi, həm siyasi, həm də dövlət quruluşunu dağıtmağa yönələn cinayətlərdir.
Eyni zamanda, Cinayət Məcəlləsinin 120-ci maddəsinə əsasən, ağırlaşdırıcı halda qəsdən adam öldürmə 12 ildən 15 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Buna Cinayət Məcəlləsinin 108-ci – cinsi zorakılıq, 140-cı – zorlama maddələrini də əlavə etmək olar.
İnsanı həyatdan məhrumetmə, cəmiyyətdə mənəvi-psixoloji mühitə zərbə vurma, əxlaqi dəyərləri tapdalama və s. bu cinayətlərin törətdikləri fəsadlardır.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərdə CM-nin (234-241-ci maddələr) cəzanın yuxarı həddi 15 ilədək azadlıqdan məhrumetmədən ibarətdir.
İndi həmin qəbildən olan cinayətləri təhlil edək. Qeyd edilən cinayətlərin fəsadları aşağıdakılardan ibarətdir:
1. Ən çox həmin cinayət törədilən bölgələrdə genefond məhv edilir;
2. Kütləvi surətdə qurulan ailələr dağılır;
3. Narkotik aludəçiləri narkotik maddə əldə etmək üçün hər cür cinayət törədirlər;
4. İfrat formada vəhşilik və qəddarlıqla törədilən cinsi zorakılıq, qəsdən adam öldürmə və s. ağır cinayətlər də çox vaxt narkomanlar tərəfindən törədilir;
5. Cəmiyyət üçün sağlam yox, xəstə nəsil yetişir və s.
Nəzərə almaq lazımdır ki, narkomanlarda psixi və ya fiziki cəhətdən hər hansı narkotikdən asılılıq yaranır.
1961-ci il narkotik vasitələrin konvesiyasını, 1971-ci il psixotrop maddələrin vahid konvensiyasını hazırda mövcud olan narkotik və psixotrop maddələrin siyahısı ilə tutuşdurduqda və onun daha da “zənginləşməsini” nəzərə aldıqda, bunun çoxşaxəli cinayət olub, cəmiyyətə sarsıdıcı zərbə vuruduğu qənaətinə gəlmək olar.
Bununla bağlı bir faktı qeyd etmək istəyirəm. Məşhur psixiatır alim Ziqmund Freyd (1856-1939) 1884-cü ildə özü kokain qəbul etməklə onun təsirini tədqiq edib. Onun fikrincə, kokaindən astmanın, depressiyanın, nevrozun müalicəsində dərmanı kimi istifadə etmək olar. Lakin yaxın dostu Fon Fiyaysi kokainin təsirindən öldükdən sonra, özü də narkotik alüdəçisi olduğundan, bu bəladan qurtarmağa çalışıb. Nəticədə, 7 il intensiv müalicədən sonra sağalıb və narkotikin xəstəliklərin müalicəsində təhlükəli oldğu qənaətinə gəlib.
Ölkəmizə gəldikdə, 2010-2018-ci illərdə qeydiyyatda olan narkomanların sayı aşağıdakı müqayisəli cədvəldə qeyd edilən kimi olmuşdur:
İllər üzrə narkomanların sayı | ||||||||
2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | 2017 | 2018 |
25489 | 26717 | 27910 | 28376 | 28656 | 28559 | 29448 | 30131 | 31432 |
Müqayisəli cədvəldən göründüyü kimi, rəsmi qeydiyyatda olan narkomanların sayı artan xətt üsrə inkişaf edir.
Hal-hazırda Respublika Narkoloji Mərkəzində rəsmi qeydiyyatda 32 min nəfərdən artıq narkoman, o cümlədən 50 nəfərə yaxın yeniyetmə qeydiyyatdadır.
Eyni zamanda bəzi orta mərtəbələrdə psixotrop maddələrdən istifadəetmə halları müşahidə edilir.
Qeydiyyatda olmayan narkomanların sayı qeyd edilənlərdən dəfələrlə çoxdur. Lakin narkotiklərdən ölənlərin sayı barədə konkret məlumat yoxdur. Nəzərə almaq lazımdır ki, bir narkoman bütün ailə üzvlərinə, o cümlədən valideynlərinə və uşaqlarına, onu əhatə edən çevrəsinə də ağır formada həm maddi, həm də mənəvi ziyan vurur.
Narkomaniyaya qarşı mübarizədə əsas məsuliyyət bu sahədə çalışan mütəxəssislərin üzərinə düşür.
Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinin III hissəsinə əsasən, insanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəl edilirlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun 11-ci maddəsində də həmin müddəa öz əksini tapmışdır.
Azərbaycan Respublikasında narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası, onun rayon və şəhər şöbələri fəaliyyət göstərir. Eyni zamanda narkomaniya ilə bağlı mübarizə Dövlət proqramının icrası ilə bağlı bütün dövlət orqanları qarşısında konkret tələblər qoyulmuşdur. DTX və Daxili İşlər Nazirliyinin bu sahədəki mübarizəsi daha təqdirəlayiqdir.
Eyni zamanda 15 aprel 2019-cu il tarixdə narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakı şəhərində keçirilməsi də əsas verir ki, dövlət bu sahədə mübarizəni gücləndirmək üçün bütün tədbirlər görür.
Nəzərə almaq lazımdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi mütəşəkkil cinayətkarların, terrorizm, çirkli pulların yuyulması və korrupsiyanın maliyyə mənbəyidir. Bu yolla dövlətin iqtisadi, siyasi, maddi, mənəvi dayaqlarının, genofondunun məhv edilmsinə cəhd olunur.
Dövlət özü milli-mənəvi dəyərlərimizin qorunmasını daim diqqət mərkəzində saxlasa da, bütövlükdə cəmiyyətin buna səfərbər edilməsi çox vacib və zəruridir. Çünki son vaxtlar əsasən Qərbdən axıb gələn və milli-mənəvi dəyərlərimizə, əxlaqımıza ziddi təlimlərin, ideoloji baxışların qarşısını yalnız bütövlükdə dövlət-cəmiyyət əlaqələrini, imkanlarını bu istiqamətə səfərbər etməklə almaq mümkündür.
Hazırda Qərb dəyərləri qlobal miqyasda nə qədər cəlbedici təqdim edilsə də, onun gerçək mahiyyətində millətləri öz soy-kökündən, adət-ənənlərindən və milli-mənəvi dəyərlərindən uzaq salmağın durduğunu artıq hər kəs, elə Qərb alimlərinin özləri də etiraf etməkdədilər. Məsələn, ingilis alim Riçard Belli bunu yığcam şəkildə belə ifadə edib: “Avropa böyük tənəzzül qarşısındadır. Üzdə olan dəbdəbə və cəh-cəlalın arxasında özünəqəsd, ruhi xəstəliklər, əxlaqsızlıq, narkomaniya və alkoqolizm, qarət, zorlama, zöhrəvi xəstəliklərin görünməmiş vüsəti durur. Qarşılıqlı məhəbbət və inam yoxa çıxıb. Ölüm qorxusu hamını vahiməyə salır. Ailənin bütövlüyü sarsılmış və onun üzvləri arasında əlaqələr kəsilmişdir…”.
Qərb ölkələrinin müasir həyat tərzlərindən də aydınca görürük: eynicinslilərin nikahına icazə verilib, sving-klublar yaradılıb (bu klub üzvləri keçirilən şənliklərdə öz arvadını başqa klub üzvünün arvadı ilə dəyişir və s.), evtanaziya və narkotik maddələrin istifadəsi leqallaşdırılıb, bir sözlə, mənəvi dəyərlər tənəzzülə uğrayıb…
Ən pisi və təhlükəlisi odur ki, Qərbin bu ideoloji baxışları və həyat tərzinin əsrlər boyu belə tendensiyalara qarşı çıxan ölkələrdə, o cümlədən Azərbaycanda və yenicə müstəqillik əldə etmiş digər keçmiş sovet respublikalarında sürətlə yayılmasına səy göstərilir, bu məqsədlə milyonlarla vəsait xərcləyərək həmin ölkələrin milli-mənəvi dəyərlərini məhv etməyə çalışırlar.
Ölüm cəzasının bərpası müharibə şəraitində olan ölkəmizdə yuxarıda qeyd edilən cinayətlərin qarşısının alınması, sağlam nəslin yetişməsi, dövlət quruluşunun qəsdlərdən qorunması məqsədinə görə də zəruridir.
Mərhum Prezidetn Heydər Əliyev uzaqgörən və müdrik şəxsiyyət idi. O, ölüm cəzasının tətbiqini dayandırdı, lakin Konstitusiyanın 27-ci maddəsində nəzərdə tutulan müddəalara toxunmadı və bununla bağlı referendum da keçirmədi. Nəticədə, Konstitusiyanın həmin maddəsi hal-hazırda da qüvvədədir.
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən:
1. Hər kəsin yaşamaq hüququ vardır.
2. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
3. Müstəsna cəza tədbiri kimi ölüm cəzası tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.
4. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla, insana qarşı silah işlədilməsinə yol verilmir.
Konstitusiyanın 27-ci maddəsinin III hissəsinə əsasən, müstəsna cəza tətbiqi kimi ölüm cəzası yalnız:
1. Dövlətə;
2. İnsan həyatına və sağlamlığına qarşı;
3. Xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyat keçirilməsi haqqında” 24 dekabr 2002-ci il tarixli Konstitusiya Qanunun 2-ci maddəsində məhdudlaşdırılması qadağan olunan insan hüquqları qeyd edilmişdir.
Belə ki, həmin Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsində (müharibənin hüquqa uyğun aparılması nəticəsində baş verən ölüm halları istisna olmaqla) 28-ci maddəsinin I hissəsində, 46-cı maddəsinin III hissəsində, 63-cü, 64-cü maddəsində və 71-ci maddəsinin VIII hissəsində nəzərdə tutulan hüquqlar məhdudlaşdırıla və onlara dair qeyd-şərtlər müəyyən edilə bilməz.
Yəni Konstitusiyanın 27-ci maddəsinə əsasən, ölüm cəzası tətbiq edildikdə aşağıdakılara riayyət edilməlidir:
1. Hər kəsin azadlıq hüququ vardır (Konstitusiyanın 28-ci m. I h.);
2. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini açaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz (Konstitusiyanın 46 m. III.h.);
3. Konstitusiyanın 63-cü maddəsinə əsasən:
I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.
IV. Ədalət mühakiməsi həyata keçirilərkən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.
V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.
4. Heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz (Konstitusiyanın 64-cü mad.).
5. Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişdirsə, yeni qanun tətbiq edilir.
Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən, qanunvericilik sistemi:
1. Konstitusiya;
2. Referendumla qəbul edilmiş aktlar;
3. Qanunlar;
4. Fərmanlar;
5. Nazirlər Kabinetinin qərarları və sairədən ibarətdir.
Konstitusiyanın 149-cu maddəsinin III və IV hissələrinə əsasən, Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Fərmanları Konstitusiya və Qanunlara zidd olmamalıdır.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Qanunun 2.3-cü maddəsinə əsasən, referendumda qəbul edilən akt, qanun, fərman və ya digər normativ hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Konstitusiyası tətbiq edilir.
Beləliklə də, qeyd edilən əsaslara görə və Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsi də qüvvədə olduğu üçün ölüm cəzasının bərpası və xüsusilə ağır cinayətlər törədənlərə tətbiq edilməsi zəruridir.
Mən burada bir məsələni qeyd etməyi önəmli hesab edirəm. Ölkəmizdə hər il 1990-cı il 20 yanvar və 26 fevral 1992-ci il Xocalı soyqırımını ümumxalq matəm günü kimi qeyd edilir.
Məlum olduğu kimi, 20 yanvar 1990-cı il tarixdə keçmiş SSRİ-nin xüsusi təyinatlıları və qoşun hissələri Bakı şəhərində qırğınlar törətməklə, nəticədə, 100 nəfərdən artıq dinc sakin qətlə yetirilmiş, çoxlu sayda insanlar yaralanmış, 200 ev və mənzil, 80 ədəd müxtəlif markalı minik və təcili yardım avtomaşınları məhv edilmiş, Neftçala və Lənkəran şəhərlərində 8 nəfər qətlə yetirilmişdir.
Eyni zamanda 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xankəndi şəhərində 366-cı motoatıcı alayın və hərbi heyətin köməkliyi ilə ermənilər tərəfindən 613 nəfər dinc sakin qətlə yetirilmiş, dövlət və şəxsi mülkiyyətdə olan əmlak talan edilmişdir.
Ermənilər tərəfindən işğal olunmuş Azərbaycan Respublikasına məxsus olan ərazilərdə qanunsuz məskunlaşan ermənilər, həmçinin Ermənistan dövləti tərəfindən milli sərvətlərimiz, o cümlədən maddi-mədəniyyət abidələrimiz məhv edilmiş və hələ də bu proses davam edir.
Eyni zamanda həmin ərazilərdə xarici şirkətlər qanunsuz olaraq milli sərvətlərimizi istismar etməklə ölkəmizə milyonlarla ziyan vururlar. Vəziyyət o yerə çatıb ki, qeyd edilən soyqırımın iştirakçıları informasiya resurslarında müsahibələr verərək, həmin hadisələrdə iştiraklarını, həyasızcasına xalqımıza qarşı törətdikləri ağır cinayətləri böyük fəxrlə etiraf edir, hətta həmin cinayətləri törətmə mexanizmini də ətraflı qeyd edirlər.
Mən ümid edirəm ki, müharibə yolu ilə işğal olunmuş ərazilər geri qaytarılacaqdır. Məhz buna görə də zaman gələcək, həmin cinayətin təşkilatçıları və icraçıları cinayət məsuliyyətinə cəlb ediləcəklər. Odur ki, cinayət məsuliyyətinə cəlb etmədə müddəti və cinayəti törədənlərin yaş həddi məsələsinin istisnasız təşkil edilməsi zəruridir.
Belə olan halda, cinayət qanunvericiliyində hal-hazırda zəruri dəyişikliklər edilməsi məqsədəmüvafiqdir.
Belə ki, 30 dekabr 1999-cu il tarixli Qanunla təsdiq edilmiş Cinayət Məcəlləsinin 11-ci maddəsində cinayət qanununun Azərbaycan Respublikası ərazisində törədilən cinayətlərə görə qüvvəsi həmin cinayəti tördənlərin məsuliyyətə cəlb edilən andan hesablanması zəruridir.
Eyni zamanda Cinayət Məcəlləsinin 13-cü maddəsində həmin cinayəti törədənlərin başqa ölkələrə verilməsi (ekstradisiyası) məhdudlaşdırılmalıdır.
Düzdür, Cinayət Məcəlləsinin 11.1 və 12.3-cü maddələrində müəyyən müddəalar olsa da, bunun konkret göstərilməsi zəruridir.
Nəzərə almaq lazımdır ki, ermənilərə həm daxildən, həm də xaricdən himayədarlıq edən böyük güclər vardır. Onlar heç vaxt ölkəmizin inkişafı və işğal olunmuş ərazilərin işğaldan azad olunmasında maraqlı deyillər.
İnsan haqlarının müdafiəsi ilə bağlı yalançı canfəşanlıq edən həmin qüvvələr nə üçün ermənilərin işğalçı siyasətləri, minlərlə azərbaycanlıların deportasiyası və məcburi köçkün kimi yaşamaları, ermənilər tərəfindən maddi-mədəniyyt abidələrimizin məhv edilməsi, təbii sərvətlərimizin talan edilməsi, Xocalı soyqırımı və digər cinayətlər barədə heç bir söz demirlər?!
Ermənilərə himayədarlıq edənlərin yalançı canfəşanlıqlarının və riyakar planlarının ifşası üçün xalqımızın birliyi, daxildə ictimai nəzarətin gücləndirilməsi, sabitliyin qorunması və ölkənin müharibə qanunları ilə idarə edilməsi zəruridir.