Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıya səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.
Rusiyanın TASS İnformasiya Agentliyi bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına istinadən xəbər yayıb.
Məlumata görə, tərəflər, həmçinin gələcəkdə mütərəqqi və hərtərəfli əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər. Patruşev işgüzar səfəri zamanı Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov ilə də görüşüb.
“Həmsöhbətlər terrorçuluq və ekstremizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən I Avropa Oyunları çərçivəsində kütləvi tədbirlərin keçirilməsi zamanı təhlükəsizlik tədbirlərini müzakirə ediblər”, – deyə mətbuat xidmətinin məlumatında bildirilir.