XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

26 Noyabr 2019 - 18:44

Prezident NATO və Rusiya generallarını qəbul etdi –Müzakirə + FOTOLAR

Prezident İlham Əliyev noyabrın 26-da NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

– Çox şadam ki, artıq neçə il ərzində Azərbaycan belə mühüm görüşlər üçün öz logistika dəstəyini və məkanını təqdim edir. Biz bunu yüksək qiymətləndiririk. Biz bunu aramızda olan dostluq və tərəfdaşlıq əlaməti hesab edirik. Həmçinin etimad əlaməti kimi də qəbul edirik. Çünki dünyada çoxlu ölkə var. Birləşmiş Millətlər Təşkilatında demək olar iki yüz ölkə var. Lakin müəyyənliyə, əməkdaşlığa, risklərin azalmasına və planetimizin daha təhlükəsiz olmasına gətirib çıxaran bu görüşlərin keçirilməsi yeri kimi Azərbaycan seçilmişdir. Biz çox şadıq və qürur hissi keçiririk ki, Azərbaycan həm NATO, həm də Rusiya tərəfindən bu görüşün keçirilmə yeri kimi seçilmişdir. Ümidvarıq ki, əvvəlki, bugünkü və növbəti görüşlər sülh və sabitliyə töhfə verəcəkdir. Bir daha xoş gəlmisiniz.

NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiç deyib:

– Cənab Prezident, təşəkkür edirəm. Əvvəlcə icazə verin Baş katib cənab Stoltenberqin salamlarını Sizə çatdırım. O, Sizə ən səmimi salamlarını çatdırır.

Prezident İlham Əliyev: Çox sağ olun, mənim də salamlarımı cənab Baş katibə çatdırın. Mən onunla NATO mənzil- qərargahında görüşümü xatırlayıram. Həmçinin Şimali Atlantika Şurasında səfirlərlə ünsiyyətimi xatırlayıram. Mən orada dəfələrlə olmuşam.

Ser Stüart Piiç: Bugünkü görüşə əlavə olaraq icazə verin Silahlı Qüvvələrinizin NATO-ya dəstəyinə görə Sizə təşəkkürümü bildirim. Tərəfdaş və dost olaraq bu, bizim üçün çox önəmlidir. Sizin Silahlı Qüvvələrinizə bizim böyük hörmətimiz var, onlar çox peşəkar və effektivdirlər.

Prezident İlham Əliyev: Çox sağ olun. Biz NATO-nun etibarlı tərəfdaşıyıq və bizim hərbçilərimiz Əfqanistanda NATO hərbçiləri ilə çiyin-çiyinə xidmət edirlər. Bildiyiniz kimi, bu yaxınlarda biz hərbçilərimizin sayını 30 faiz artırdıq, indi onların sayı 120 nəfərdir. Həmçinin biz Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində də işləyirik. Eyni zamanda, Əfqanistana gedən yüklərə mühüm logistik və nəqliyyat dəstəyini təmin edirik. Həmçinin iki il bundan əvvəl biz Azərbaycan və Türkiyə arasında dəmir yolunun açılışını etdik və hazırda bu yoldan daşımalar üçün istifadə edilir. Digər vacib məsələ ondan ibarətdir ki, biz Lapis Lazulinin öz sistemimizlə bağlanmasına nail olduq. Biz artıq Əfqanıstandan onların ixrac etdiyi yükləri qəbul etməyə başlamışıq. Beləliklə, biz Əfqanistana iqtisadi və sosial inkişaf üçün daha çox pul qazanmağa kömək edirik. Eyni zamanda, biz bir neçə dəfə Əfqan Milli Ordusunun Etimad Fonduna ianələr vermişik. Həmçinin biz Əfqanıstan hökuməti ilə islahatlar üzərində yaxından işləyirik. Çox qürurvericidir ki, dövlət xidmətlərinin göstərilməsi üzrə ilk mərkəz olan ASAN, – bu nou-xaunun sahibi bizik, – Əfqanıstanda açılmışdır. Beləliklə, bu, vahid pəncərə sistemi çərçivəsində çox nadir dövlət xidmətləri mərkəzidir. İki yüzdən çox xidmət var, bunlar onlayn və çox səmərəli şəkildə göstərilir. Burada bu mərkəzin bəyənilmə səviyyəsi 100 faizə yaxındır. Bəlkə nümayəndə heyətinizin bəzi üzvləri onların birinə baş çəkə bilər, Bakıda beş mərkəz mövcuddur. Bunu biz əfqan tərəfdaşlarımıza nəyi təklif etdiyimizi görsünlər deyə deyirəm. Əlbəttə, təhlükəsizlik və terrorla mübarizə əməliyyatları çox vacibdir, lakin ölkəyə iş yerləri, məşğulluq, sosial müdafiə, iqtisadi islahatlar lazımdır və biz bu məsələlərlə bağlı Əfqanıstan hökuməti ilə çox geniş iş aparırıq.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib.

 Strateq.az xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli Valeri Vasilyeviç.

Hörmətli qonaqlar.

Sizi yenidən görməyimə çox şadam. Xoş gəlmisiniz. Rusiyanın və NATO-nun ali hərbi komandanlığının Bakıda görüşlər keçirməsi yaxşı bir ənənəyə çevrilib. Biz bunu yüksək qiymətləndiririk. Keçən il üç dəfə belə görüş olub. Bu il artıq ikinci görüşdür. Yəni, bu ənənə artıq yaşayır və düşünürəm ki, davam edəcək. Biz bunu bizə böyük etimad əlaməti kimi qiymətləndiririk. Ona görə ki, belə görüşlərin keçirildiyi yer çox ölkələr ola bilərdi, lakin seçim Bakının üzərinə düşüb və artıq üçüncü ildir ki, bu ənənə davam edir, – görüşlərin təməli 2017-ci ildə qoyulub, – bu, o deməkdir ki, bu məkan nəticə verir. Biz belə düşünürük.

Əlbəttə, hər bir görüş, zənnimcə, bütün dünyada ümid doğurur. Ona görə ki, təkcə bizim regionda deyil, həm də dünyada təhlükəsizlik və sülh sizin əldə etdiyiniz razılaşmalardan asılıdır. Buna görə biz, əlbəttə ki, bundan qürur duyuruq. Bunu həm də bizim aramızda böyük etimada əsaslanan münasibətlərin əlaməti kimi qəbul edirik. Bu gün ən yüksək səviyyəyə çatmış münasibətlərimizin qədim tarixi də bunu təsdiq edir.

Mehriban Əliyevanın Moskvaya dünən başa çatmış rəsmi səfəri də bizim münasibətlərin yüksək səviyyədə olmasını bir daha təsdiq etdi. Biz bu səfəri çox yüksək qiymətləndiririk. Başa düşürük ki, bu, beynəlxalq siyasətdə görünməmiş hadisədir, dövlətdə birinci şəxs olmayan adam Prezident tərəfindən, özü də dünyanın aparıcı ölkəsinin Prezidenti və dünya siyasətçiləri arasında bir nömrəli Prezident tərəfindən ən yüksək səviyyədə qəbul edilir. Zənnimcə, bu, təkcə mənim fikrim deyil, rəhbərlərin böyük əksəriyyətinin fikridir. Biz dəvət faktının özünü, münasibətlərin səviyyəsini, Mehriban Əliyevanın şəxsən Prezident tərəfindən ali “Dostluq” ordeni ilə təltif edilməsini və bu təltifdən sonra deyilən sözləri çox yüksək qiymətləndiririk. Biz bütün bunları çox yüksək qiymətləndiririk və əlbəttə, şadıq ki, ölkələrimiz arasında münasibətlər bu cür yüksək səviyyəyə çatıb. Əlbəttə, Hökumətin sədri ilə, Federasiya Şurasının sədri ilə görüşlər də çox konstruktiv, zəngin olub və həmçinin regionlararası yubiley forumunun keçirilməsi və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılması – bütün bunlar bizim əlaqələrin möhkəmlənməsi işində çox mühüm addımlardır. Əminəm ki, növbəti il də səmərəli olacaq. Gələn ay Vladimir Vladimiroviçlə görüşümüz olacaq.

Əlbəttə, sizin məşğul olduğunuz sahədə də müsbət dinamikanı görürük. Sizin Bakıya hər gəlişiniz, o cümlədən hərbi əməkdaşlığı, çox uğurla inkişaf edən hərbi-texniki əməkdaşlığı bir daha müzakirə etmək və gələn il qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirmək üçün bir fürsətdir. Hesab edirik ki, Rusiya ilə Azərbaycan arasında həm ənənəvi istiqamətlərdə, həm də yeni istiqamətlərdə əməkdaşlıq potensialını artırmağa imkan var. Ona görə də bir daha xoş gəlmisiniz. Qarşıdakı görüşdən yaxşı nəticələr arzu edirəm.

xxx

Görüşdə tərəflər beynəlxalq və regional təhlükəsizlik problemlərini, həmçinin hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini, o cümlədən müdafiə idarələrinin Xəzərdə qarşılıqlı fəaliyyətini müzakirə ediblər.