XƏBƏR LENTİ

19 Yanvar 2020
18 Yanvar 2020

Digər Xəbərlər

05 Dekabr 2019 - 20:15

Elmar Məmmədyarov ATƏT-in toplantısında:"İşğal heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək"

“Münaqişənin həllinə dair Azərbaycanın mövqeyi tutarlıdır və o, Nazirlər Şurasında iştirak edən dövlətlər arasında paylanan Memorandumda əksini tapmışdır. Xatırladım ki, münaqişənin həlli prosesi mərhələli yanaşmaya əsaslanır. Bu yanaşmanın alternativi yoxdur, çünki bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına, xüsusən münaqişənin siyasi həlli üçün yeganə hüquqi çərçivəni təşkil edən 1994-cü ildə Budapeşt Sammitinin qərarına əsaslanır”.

Bunu Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

“İlk addım münaqişənin əsas nəticələrinin aradan qaldırılmasıdır, bununla da ilk növbədə, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ regionundan və Azərbaycanın işğal edilmiş digər ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır. Ardınca məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz evlərinə, mülklərinə, o cümlədən Dağlıq Qarabağ regionuna qayıtması, həmin ərazilərin qarşılıqlı istifadəsi, bərpası və iqtisadi inkişafı üçün regionda bütün kommunikasiyaların açılması təmin olunmalıdır. Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın daxilində Dağlıq Qarabağ bölgəsinin əhalisi üçün özünüidarəetmə statusu hazırlamaq və müəyyənləşdirmək üçün yaxşı bir fürsət təmin edəcəkdir. Belə bir status bölgədəki erməni və azərbaycanlı icmalarının dinc yanaşı yaşamasını təmin etməli və hər kəsə bərabərhüquqlu və ayrı-seçkilik edilmədən insan hüquqlarının və əsas azadlıqların tam şəkildə həyata keçirilməsini təmin etməlidir”, – nazir vurğulayıb.

“Statusun müəyyən edilməsi hüquqi proses çərçivəsində dinc şəraitdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi əhalisinin, yəni erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə və yalnız Azərbaycan Respublikası Konstitusiyası çərçivəsində Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqədə həyata keçirilməlidir. Ermənistanın status məsələsini ön plana çıxarmaq üçün səy göstərməsi BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə qəbul edilmiş ATƏT-in qərarlarına ziddir və əslində sülh prosesinə və Minsk Qrupu həmsədrlərinin mandatına zərbədir. Münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcəkdir. Azərbaycan bu məntiqi yanaşmaya əsaslanaraq münaqişənin həlli prosesinə sadiqdir, – E.Məmmədyarov bildirib/Report.