XƏBƏR LENTİ

18 Yanvar 2020
17 Yanvar 2020

Digər Xəbərlər

06 Dekabr 2019 - 12:53

Prezident və xanımı Şamaxıda:Şahxəndan türbəsinin ətrafındakı abadlıq işləri ilə tanış oldular, ağac əkdilər - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

Strateq.az xəbər verir ki, Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev aksiya barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində ümumilikdə 83 şəhər və rayonda 37 növdə 650 min ağacın əkilməsi nəzərdə tutulur.

Ağacların hamısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik təsərrüfatlarında yetişdirilib. Aksiya ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların əkiləcəyi ərazilərin elektron xəritəsi hazırlanıb. Şəhər və rayon icra hakimiyyətləri tərəfindən ərazilərdə müvafiq hazırlıq işləri görülüb. Əkiləcək ağacların becərilməsində damcılı suvarma sistemindən və suvarma kanallarından istifadə olunacaq.

Qeyd edildi ki, Şamaxı rayonundakı ağacəkmə aksiyasında 50 minədək ağacın əkilməsi nəzərdə tutulub. Şamaxı şəhərinin girişindəki ərazidə keçirilən aksiyada isə 5 min ağac əkilib. Bu ərazinin relyefinə uyğun olaraq burada əsasən tuya və Eldar şamı ağacları əkilib. Burada əkilən ağaclar ilə “Nəsimi 650” yazısı formalaşdırılacaq. Aksiyada 300-dək şamaxılı gənc və könüllü ilə yanaşı, IDEA İctimai Birliyinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin üzvləri də fəal iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağac əkdilər.

Sonda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aksiyada iştirak edən gənclərlə xatirə şəkilləri çəkdirdilər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Şamaxı rayonunda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Son illər Azərbaycanda tarixi, mədəni, dini abidələrin bərpası istiqamətində əhəmiyyətli layihələr icra olunur. Bu layihələr davamlı xarakter almaqla ümumilikdə, tarixi-mədəni irsimizin qorunub-saxlanılmasında, gələcək nəsillərə ötürülməsində çox mühüm rol oynayır. Bu baxımdan Şamaxıda Şahxəndan türbəsinin ətrafında geniş abadlıq işlərinin aparılması da xüsusi əhəmiyyəti ilə seçilir. Yaxın vaxtlarda isə abidənin konservasiyasına başlanacaq.

Milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə xüsusi önəm verən, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması sahəsində böyük addımlar atan Heydər Əliyev Fondu tərəfindən “Nəsimi ili” çərçivəsində dahi şairin qardaşı Şahi Xəndanın dəfn olunduğu Şamaxı rayonundakı Şahxəndan qəbiristanlığındakı türbənin ətrafında aparılan geniş abadlaşdırma işləri zamanı böyük hissəsi torpağın altında qalan türbənin ətrafı qazılaraq torpaq başqa əraziyə daşınıb, abidədə olduğu kimi səkkizguşəli döşəmə salınıb, türbəni ziyarət edənlərin rahatlığı üçün hərtərəfli şərait yaradılıb. Türbənin ətrafında təmizlik və abadlıq işləri avstriyalı bərpaçı-memar Erik Pumerin rəhbərliyi ilə aparılıb.