XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2019 - 13:00

“Bir prezidenti vəzifədən uzaqlaşdırmaq bu qədər asan olmamalıdır”- Şahin Cəfərli Trampın impiçmentindən yazır

Şahin Cəfərli,

politoloq

 

Donald Tramp impiçmentə məruz qalmış 3-cü ABŞ prezidenti kimi tarixə düşdü.

Amma demokratlar bu qərarla qumar oynamış oldular: bu addımın Trampın lehinə işləməsi ehtimalı var. Şəxsən məndə şübhə yoxdur ki, Tramp qanunlara, Konstitusiyaya, ABŞ dövlətinin uzun illər ərzində formalaşmış idarəçilik qaydalarına etinasız yanaşan, hətta öz ölkəsinin tarixini yaxşı bilməyən adamdır. Amma irəli sürülən ittihamların inandırıcılıq problemi var. Ən azı, ittihamlarda mübahisəli məqamlar mövcuddur və bunları fərqli şərh etmək, o yana bu yana çəkişdirmək mümkündür. Bir prezidenti vəzifədən uzaqlaşdırmaq bu qədər asan olmamalıdır. Məhz bu səbəblə Nümayəndələr Palatasının təcrübəli sədri Nensi Pelosi impiçment ideyasına müəyyən müddət müqavimət göstərdi, amma sonda partiya tərəfdarlarından gələn basqılara dözməyərək prosedurun başlanmasına icazə verdi.

Qərardan sonra cümhuriyyətçilərin ənənəvi seçici kütləsi (ağ protestantlar) seçki ərəfəsində prezidentin ətrafında daha sıx birləşəcək. İmpiçment proseduru zamanı məhkəmə funksiyasını yerinə yetirən Senatdakı çoxluq da öz faktiki lideri Trampa sahib çıxacaq və onun ikinci dəfə seçilməsinə çalışacaq. Cümhuriyyətçilər sosial-demoqrafik səbəblərdən ölkədə zəminin tədricən onların ayaqları altından sürüşdüyünün fərqindədir və bu gedişatdan ciddi narahatlıq duyurlar. Ağ anqlo-sakson protestantların sayı getdikcə azalır, ispandilli və Asiya mənşəli amerikalılar isə çoxalır. İspan dili tədricən ölkədə yayılma arealını artırır və bəzi ştatlarda ingilis dilini yavaş-yavaş sıxışdırır. Сümhuriyyətçilər bunu amerikan milli identikliyinin itirilməsi təhlükəsi kimi qiymətləndirirlər və bu prosesi dayandırmağa çalışırlar.

Trampın Meksika ilə sərhədə divar hörmək istəməsi və miqrant qəbulu siyasətini sərtləşdirməsinin kökündə məhz bu amil dayanır. Meksika dövləti özünü görməməzliyə vursa da, indiyədək qitənin müxtəlif ölkələrindən milyonlarla ispandilli miqrantı qonşu ölkəyə buraxaraq ABŞ-ın ispanlaşmasını əl altından dəstəkləyib. ABŞ millətçiləri bunu Meksikanın 1846-48-ci il savaşındakı məğlubiyyətinin intiqamı kimi qiymətləndirirlər. Həmin müharibənin yekununda imzalanmış Guadalupe-Hidalgo sülh müqaviləsi ilə Meksika öz ərazisinin təxminən yarısını, indiki Kaliforniya, Nyu Meksiko, Arizona, Nevada, Kolorado və Yuta ştatlarının ərazisini (ümumilikdə 1,3 milyon kv km) itirib, daha əvvəl isə Teksasın ABŞ-ın tərkibinə keçməsinə əngəl ola bilməyib.

Çox uzatmadan deyim ki, Trampın ilk baxışdan dəlilik kimi görünən bəzi qərarlarının altında ciddi mətləblər dayanır və ənənəvi cümhuriyyətçi seçici onu sahiblənməyə davam edəcək.

Burada önəmli olan Swing State deyilən, yəni hər iki tərəfə gedib-gələn, tərəddüd edən ştatların əhalisinin rəyidir. Tramp 2016-cı ildə həmin ştatların demək olar ki, hamısında qalib gəldiyi üçün seçildi. Bu ştatların cəmi ikisində – Florida və Ohayoda uduzsaydı, seçilməyəcəkdi. İmpiçment prosedurunun tərəddüd edən ştatlarda Trampın nüfuzuna nə dərəcədə zərbə vurduğunu bilmirəm. Amma faktdır ki, Tramp seçicilərə verdiyi bir çox vədini yerinə yetirib və bu istiqamətdə inadla çalışıb. Onun dövründə iqtisadi inkişaf qeydə alınıb, işsizlik tarixi minimumlara enib. Mübahisəsiz həqiqətdir ki, ölkədə indiki prezidentin reytinqini sarsıdacaq heç nə baş verməyib. Təbii ki, bu, hələ Trampın qələbəsi üçün təminat yaratmır. Qarşı cəbhənin namizədinin kim olacağı və demokrat seçicilərin davranışları böyük önəm daşıyır.

Demokratların əsas problemi daxildə ideoloji zəmində yaşadıqları bölünmədir. Dörd şanslı namizəddən ikisi (Bayden və Butticic) mötədil, ikisi (Sanders və Uorren) proqressist (sosialist və liberal-sol) qanadın nümayəndəsidir. Proqressist qanadın əsas gücü dinamik universitet gəncliyinin dəstəyidir. Amma bu, eyni zamanda partiyanın problemidir, çünki mötədillər ilkin seçkidən qalib çıxsa, həmin gənclərin seçkidə iştirakı problem olacaq. Xüsusən ən gənc namizəd (37 yaş) olmasına baxmayaraq, ənənəvi dəyərlərə yaxınlığı ilə diqqət çəkən homoseksual Butticic solçu demokratlarda qıcıq doğurur.

Kampaniyanın son həftələrində özünü açıq şəkildə sola qarşı mövqeləndirən və əksəriyyəti Baydenə yönəlmiş mötədillərə oynayan Bitticic proqressistlər tərəfindən gizli respublikaçı olmaqda, böyük korporasiyaların maraqlarını təmsil etməkdə ittiham olunur. Belə bir vəziyyətdə ilkin seçkilərin qalibi olacaq istənilən namizəd bütün demokrat seçiciləri səfərbər edib, eləcə də müstəqillərin dəstəyini qazanıb, onları seçkiyə aparmaq üçün ciddi əziyyətə qatlaşmalı olacaq.