XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

20 Dekabr 2019 - 16:39

“İnanıram ki, cinayətlər törətmiş digər məmurlar da müvafiq formada cəzalandırılacaq” –Asim Mollazadə

Rüşvətə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə saxlanılan Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyevə, eyni zamanda, Yevlaxın keçmiş icra başçısı Qoca Səmədova qarşı görülən zəruri tədbirlər hər bir məmur üçün çox ciddi xəbərdarlıqdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, məmurlar yalnız dövlətin müəyyən etdiyi siyasəti həyata keçirməlidirlər. Əks halda, törədilmiş cinayətlərə görə qanun qarşısında cavab verməli olacaqlar:

“Azərbaycan dövlətinə qarşı olan bir çox cinayətlər məhz məmur özbaşınalığı, onların öz məsuliyyətini itirməsi ilə bağlıdır. Belə məmurların törətdiyi əməllər dövlətə qarşı olan bir qəsddir. İnanıram ki, cinayətlər törətmiş digər məmurlar da müvafiq formada cəzalandırılacaq”.

Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nizaməddin Quliyev dekabrın 20-də dövlət başçısının sərəncamı ilə tutduğu vəzifədən azad edilib.