XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2019 - 22:11

Azərbaycanda bələdiyyə seçkiləri Seçki Məcəlləsinə uyğun keçirilir –Fikrət Sadıxov

Bələdiyyə seçkiləri ölkənin siyasi həyatında vacib hadisə sayılır, ona görə də düşünürəm ki, bələdiyyələrin fəaliyyət dairəsi və statusu artırılmalıdır.

Bunu Trend-ə ekspert, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxov deyib.

O qeyd edib ki, Azərbaycanda qanunvericilik sistemində bələdiyyələr xüsusi yerlərdən birini tutur.

“Azərbaycanda bələdiyyə seçkilərini beynəlxalq müşahidəçiləri qrupu izləyir. Onlar seçkilərin nəticələri ilə bağlı rəylərini verəcəklər. Bugünkü seçkilərdə ciddi qanun pozuntusu müşahidə olunmayıb. Seçkilər Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə keçirilir. Seçki məntəqəsinə gələn insanlar etimad göstərdikləri şəxsə səs verir və bu etimadın özünü doğruldacağına əmindirlər”.

Ekspertin sözlərinə görə, bələdiyyələr xarici ölkələrin bir çoxunda vacib yerlərdən birini tutur:

“Düşünürəm ki, bələdiyyələrə bəzi əlavə səlahiyyətlər verilərsə və sosial-iqtisadi həyatın müəyyən sahələri üçün məsuliyyət daşıyarlarsa, sadə Azərbaycan vətəndaşını maraqlandıran vacib məsələləri həll etmək haqları olar və bunu bacararlar”.

F.Sadıxovun sözlərinə görə, bələdiyyələrin rolu getdikcə artacaq:

“Bu, indiki seçicini, Azərbaycan vətəndaşını maraqlandıran ən vacib amildir. Hesab edirəm ki, gələcəkdə bələdiyyələr Azərbaycanın siyasi və iqtisadi həyatında çox ciddi rol oynayacaqlar”.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edib.

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.