XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

30 Dekabr 2019 - 17:06

Bu il uşaqların 91 faizdən çoxu müayinələrə cəlb olunub –Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri

Bu ildə uşaqların 91 faizdən çoxu müayinələrə cəlb olunub.

Bu barədə Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclasında çıxış edən Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov məlumat verib.

Onun sözlərinə görə, tibbi müayinədən keçirilən uşaqların 4 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülmüş, 0,9 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub: “Maddi texniki bazanın inkişaf etdirilməsi, kadrların ixtisas səviyyəsinin yüksəlməsi hesabına bu gün ölkəmizdə bir sıra ağır xəstəliklər müalicə olunur. 2019-cu ildə dövlət hesabına 915 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub ki, onlardan 263-ü uşaqlardır. 2019-cu il ərzində 2075 xəstəyə angioqrafiya müayinəsi aparılıb və onlardan 680 nəfərə angioplastika əməliyyatı icra edilib. Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə son illərdə 110 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb. 10 il öncə cəmi 7 nəfərə endoprotezləşmə əməliyyatı aparıldığı halda, cari ildə bu əməliyyatların sayı 119-a bərabərdir”.

G.Poladov bildirib ki, son illər Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir: “Ümumilikdə, 89 sümük iliyi transplantasiyası aparılıb, onlardan 13 nəfər kəskin leykoz, 6 nəfər aplastik anemiya, digər 70 nəfər isə böyük beta-talassemiya xəstəsi olub.

“Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 10 il öncə 19,5 ton qan tədarük edilmişdisə, 2019-cı il ərzində bu rəqəm 43 tondan artıq olub. Yalnız Məhərrəm Aşura günü ərzində 5809 nəfər insandan qan götürülüb və 2614 litr qan tədarük edilib. Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir”, – o qeyd edib.

G.Poladov vurğulayıb ki, artıq Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısı alınması istiqamətində konkret addımlar atılır: “Belə ki, il ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunub. Onların arasında 3393 talassemiya daşıyıcısı, 135 qazanılmış immun çatışmazlığı sindromu, 297 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında talassemiyalı 55 cütlük aşkar edilib. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb ki, nəticədə 19 sağlam, 31 daşıyıcı, 15 xəstə döl aşkarlanıb. Ümumilikdə, xəstəlik müəyyən edilən 15 halda hamiləliyin pozulması qadınlara məsləhət görülüb və həyata keçirilib. Hazırda Respublikamızda 1667 hemofiliyalı xəstə qeydiyyatdadır. Bu xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunub”. (report)