XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

30 Dekabr 2019 - 15:59

Bu il Azərbaycanda 34 nəfərə dövlət hesabına böyrək köçürülüb –Səhiyyə Nazirliyinin şöbə müdiri

Hazırda Azərbaycanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəz 661 süni böyrək aparatı ilə təchiz olunub.

Bu barədə Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclasında çıxış edən Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov məlumat verib.

Onun sözlərinə görə, 3900-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur: “Qeyd edək ki, 10 il öncə 12 mərkəzdə 198 süni böyrək aparatı quraşdırılmış və 1200 nəfər xəstəyə xidmət göstərilirdi. İndi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 1000-ə yaxın insan var və dövlət onların dərman təminatını öz üzərinə götürüb. Cari ildə dövlət hesabına 34 nəfərə böyrək köçürülməsi əməliyyatı aparılıb”.

Şöbə müdiri bildirib ki, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” Azərbaycanda ilk dəfə 2012-ci ildə qəbul edilib, 2013-2017-ci illəri əhatə edərək uğurla başa çatıb: “2018-ci ilin fevral ayında ölkə başçısının sərəncamı ilə 2018-2022-ci illər üçün “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” təsdiq edilmiş və hazırda icra olunur. Dövlət Proqramı çərçivəsində 1135 xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr maliyyə baxımından çox baha başa gələn yüksəkeffektli dərman preparatları ilə dövlət hesabına təmin olunurlar. Görülən tədbirlər, bu xəstəlikdən əlliliyin və ölüm hallarının azalmasına şərait yaradıb”.