XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

30 Dekabr 2019 - 22:45

“Avropa bazarına ildə 10 milyard kubmetr qaz göndəriləcək” –Prezident İlham Əliyev

“Bizim və ya Rusiyanın həyata keçirdiyi enerji layihələri məsələsi heç vaxt hər hansı ciddi diskussiyaların mövzusu olmayıb. Yəni, mənim fikrimcə, bizim həyata keçirdiyimiz layihələri həm Rusiyada, həm də Azərbaycanda dəstəkləyirlər”.

Bunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına müsahibəsində bildirib.

Dövlət başçısı bildirib: “Türk axını” layihəsinə gəldikdə, bu layihənin həm Rusiya üçün, həm də Türkiyə üçün nə dərəcədə vacib olduğunu bilirik. Hər iki ölkə bizim yaxın tərəfdaşlarımızdır. Buna görə də biz bu layihəni lap əvvəldən dəstəkləmişik.

Azərbaycan qazının Avropa bazarına çıxması məsələsinə gəldikdə, Cənub Qaz Dəhlizi layihəsi həyata keçiriləndən sonra Avropa bazarına ildə 10 milyard kubmetr qaz göndəriləcək. Rusiyadan göndərilən həcm ilə müqayisədə, – dəqiq rəqəm yadımda deyil, lakin ayrı-ayrı illər üzrə təxminən 150-170 milyard kubmetrdir, – bu, çox kiçik həcmdir. Ona görə də Cənub Qaz Dəhlizi layihəsi, əlbəttə, əsla rəqib deyil. Biz də bunu heç vaxt belə hesab etməmişik. Sadəcə, bu layihə Azərbaycana öz qaz ehtiyatlarını beynəlxalq bazarlarda satmaq imkanı verəcək. Bu dəhliz üzrə qazın bir hissəsi artıq Türkiyə bazarına çatdırılır. Bu il noyabrın sonunda TANAP layihəsi – Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu qaz kəməri artıq Yunanıstan sərhədinə çatdırılıb. Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya qədər qaz kəmərinin tikintisi də 90 faizdən çox tamamlanıb. Beləliklə, biz uzunluğu 3500 kilometr olan bu layihəni gələn il bütünlüklə istifadəyə verməyi nəzərdə tuturuq. Bu, həm də bizə hazırda işlənilmə mərhələsində olan yeni qaz yataqlarını istismara verməyə imkan yaradacaq və daha düşünməyəcəyik ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Ona görə ki, biz nəqliyyat və enerji dəhlizləri vasitəsilə artıq çoxdan həm Qara dəniz, həm də Aralıq dənizi bazarına çıxmışıq və indi, əlbəttə, Türkiyənin və Avropanın qaz bazarlarına nisbətən böyük həcmdə çıxırıq”.