XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2019 - 23:37

MTRŞ özəl telekanallarda yol verilən əsas pozuntuları açıqladı –Hesabat

2019-cu il ərzində Azərbaycanda fəaliyyət göstərən özəl yayımçılar tərəfindən teleradio yayımı haqqında qanunvericiliyin müxtəlif maddələrinin pozulması hallarına da yol verilib.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2019-cu il üzrə hesabatında bildirilir ki, televiziya kanallarının yayım zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun daha çox 35.2 (Texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanması qadağandır) və 35.7-ci (Reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz) maddələrinin tələblərinə əməl etməmələri müşahidə edilib.

Müxtəlif verilişlərdə, hətta xəbər proqramlarında gizli reklam halları mövcud olub. Belə ki, xəbər adı altında hansısa əmtəə, kommersiya obyekti, brend haqqında reklam xarakterli süjetlərə bəzi kanalların (Xəzər TV, ATV, Lider TV, ARB) xəbər buraxılışlarında rast gəlinib.

Aparılmış monitorinqlərdə reklamın 1 saata düşən həcminin qanunvericilikdə nəzərdə tutulmuş maksimumdan (12 dəqiqə) artıq olması və «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (Sponsor və sponsor reklamı) tələblərinin pozulması halları diqqəti cəlb etmişdir. Xüsusən seriallarda, sponsor reklamlarında ciddi nöqsanlar var. Bəzən hətta sponsorlar serialın süjet xəttinə də daxil edilir və serialın müəyyən bir bölümü səhnələşdirilmiş şəkildə sponsorun qabarıq reklamına həsr olunur.

Bundan başqa, “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın 2.2-ci maddəsinin (Yayımlanan televiziya proqramlarının kadrına qaçan sətirlə yerləşdirilən reklam kadrın aktiv hissəsinin 7 faizindən çox sahəsini tutmamalıdır) tələblərinin mütəmadi olaraq pozulması halları da aşkarlanıb.

Bir sıra özəl yayımçıların efirində “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32.0.9-cu maddəsinin (milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) tələblərinə tam surətdə riayət olunmaması diqqəti cəlb etmişdir. Qeyd etmək lazımdır ki, milli-mənəvi dəyərlərin efirdə pozulması halları sosial problemlərin müzakirə olunduğu verilişlərdə də baş verir. Belə ki, müzakirə tipli verilişlərdə bir çox hallarda ailələrin, şəxslərin özəl-intim həyatının nümunə olmayacaq təfsilatları müzakirəyə çıxarılır, faktlar səsləndirilir.