XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020

Digər Xəbərlər

04 Yanvar 2020 - 10:19

“İraqdakı 5000 ABŞ qoşunu potensial hədəfdir”- İran Süleymaninin qisasını necə alacaq?

İran İnqilab Keşikçilərinin Qüds qüvvələri komandanı, nüfuzlu general Qasım Süleymaninin Trampın əmri ilə İraqda öldürülməsinə İran necə bir cavab verəcək?

Qisas alınacağı gözləniləndir. Zəncirvari intiqam aktları iki ölkəni birbaşa münaqişəyə gətirə bilər. Vaşinqtonun İraqda gələcəyi sual altına düşəcək. Və Prezident Trampın regionla bağlı strategiyası varsa da, hər zamankından daha artıq sınanacaq.

“Bu hücum amerikalıların İrana “müharibə elanıdır”– Ağ Evin Obama admninstrasiyası üçün Yaxın Şərq və Körfəz koordinatoru olmuş Filip Qordon deyib.

Qüds Qüvvələri İran təhlükəsizlik qüvvələrinin xaricdə əməliyyatlara məsul qanadıdır. Süleymani İranın nüfuzunu Livan, İraq, Suriya və digər ölkələrdə hücumlar və ya Tehranın müttəfiqlərini dəstəkləmək yoluyla genişləndirən bir hərbçi idi.

Vaşinqton üçün isə o, əlinə ABŞ qanı bulaşmış bir qatil idi. Ancaq o İranın özündə də böyük rəğbət sahibi idi. O, Tehranın ABŞ sanksiyaları və təzyiqinə qarşı mübarizəsinə rəhbərlik edən biri idi.

Bəs bundan sonra nə olacaq? Əsas sual budur. Prezident Tramp bəlkə də ümid edir ki, bir sərrast həmlə ilə İranı qorxudub və regiondakı İsrail və Səudiyyə Ərəbistanı kimi müttəfiqlərinə dişlərinin hələ də iti olduğunu göstərib. Ancaq İranın ağır zərbəylə cavab verməyəcəyini düşünmək belə mümkün deyil. O cavab tezliklə olmayacaqsa belə.

İraqdakı 5000 ABŞ qoşunu potensial hədəfdir. Onun kimi də, İranın və ya onun proksilərinin əvvəllər vurduğu digər hədəflər. Körfəzdə gərginlik hədsiz yüksək olacaq. Təəccüblü deyil ki, ilk reaksiya neftin qiymətlərindəki artım oldu.

ABŞ və onun müttəfiqləri müdafiə olunmağa çalışacaqlar. Vaşinqton artıq Bağdaddakı səfirliyində təhlükəsizliyi gücləndirib. O, regiondakı hərbi ayaq izlərinin sayını tezliklə artırmaq planı da hazırlayacaq.

Ancaq mümkündür ki, İranın cavabı assimetrik- başqa sözlə, hücuma hücumla cavab yox, Süleymaninin yaratdığı və maliyyələşdirdiyi proksilərin yardımından yararlanmaq  olsun.

Məsələn, ABŞ-ın Bağdaddakı səfirliyinin mühasirəsi və bununla da İraq hökumətini çətin vəziyyətə salmaq və ABŞ-ın oraya qoşun göndərməsini sual altına qoymaq kimi addımlar. Sonra başqa yerlərdə etiraz nümayişləri pərdəsi altında yeni hücumlar…

General Süleymaninin hücumla öldürülməsi ABŞ hərbi kəşfiyyatı və bacarıqlarının nümayiş etdirilməsi idi. Regionda çoxları onun ölümünə ağlamayacaq.  Amma Prezident Tramp tərəfindən bu, nə qədər müdrik qərar idi?

Pentaqon bundan sonra baş verəcəklərə hazırdırmı? Bəs bu hücum cənab Trampın regionda strategiyası barədə bizə nə deyir? Bu strategiya dəyişibmi? İranın əməliyyatlarına tolerantlıq indi sıfır səviyyəsinəmi enib?

Yoxsa bu, prezidentin şübhəsiz ki, “çox pis adam” hesab etdiyi İran komandirini sadəcə aradan qaldırmaq istəməsi idimi?

Conatan Markus,

BBC