XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2020 - 16:17

Avropa İttifaqı İran XİN rəhbərini Brüsselə dəvət edib:"Şiddətli qarşıdurmaların artmasından dərin narahatıq"

Avropa İttifaqı (Aİ) İranın Xarici İşlər naziri Cavad Zərifi Brüsselə dəvət edib.

Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel və İranın Xarici İşlər naziri Cavad Zərif arasında telefon danışığı olub.

Tərəflər İraqda baş verən son hadisələr,  regionda gərginliyin aradan qaldırılmasının vacibliyi və Hərtərəfli Birgə Fəaliyyət Planının saxlanılmasının önəmi barədə fikir mübadiləsi aparıblar.

Cozef Borel general Qasım Süleymaninin öldürülməsi də daxil olmaqla İraqda şiddətli qarşıdurmaların artmasından dərin narahatlığını ifadə edib.

O, İranı təmkinli olmağa, bütün regionu və onun xalqlarını təhlükəyə atan eskalasiyadan çəkinmək üçün istənilən reaksiya barədə diqqətlə düşünməyə çağırıb.

Aİ-nin Ali Nümayəndəsi de-eskalasiya prosesinə töhfə vermək üçün hazır olduğunu ifadə edib.

 C.Borel  bildirib ki, regional siyasi həll yolu gərginliyin aradan qaldırılması və sabitliyin bərpası üçün yeganə həldir və Aİ bu istiqamətdə dəstək verməyə hazırdır.

Telefon söhbəti zamanı tərəflər həmçinin İranın nüvə proqramı ilə bağlı olan Hərtərəfli Birgə Fəaliyyət Planını da müzakirə ediblər. Aİ-nin Ali Nümayəndəsi bu sazişdə əsas koordinator rolunu həyata keçirməyə davam edəcəyini və bu sazişin həyata keçirilməsi və dəstəklənməsi üçün sazişdə qalan tərəflərin birliyini qorumaq üçün səylərini davam etdirəcəyini qeyd edib.

Cozef Borel telefon danışığı zamanı müzakirə olunan məsələlərin daha ətraflı müzakirəsi üçün Cavad Zərifi Brüsselə dəvət edib.

Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəliyindən bildirilib ki, tərəflər arasında telefon danışığı baş verən son hadisələrin kontekstində baş tutub. /APA