XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2020 - 17:14

Rusiya niyə parlament-prezident üsul-idarəsinə keçir?- Şahin Cəfərlinin təhlili

Şahin Cəfərli,

politoloq

Rusiya parlament-prezident üsul-idarəsinə keçir. Putinin bugünkü müraciətindən anlaşılan budur.

Rusiya prezident respublikası olaraq qalır, amma ölkənin idarəetmə sistemində qanunverici orqanın rolu gücləndirilir. Bu məqsədlə Dövlət Duması və Federasiya Şurasının səlahiyyətləri artırılacaq. Hökuməti artıq prezident yox, parlament formalaşdıracaq, baş naziri də prezident təyin etməyəcək, parlament seçəcək.

ABŞ-da olduğu kimi, bir şəxs yalnız iki dəfə prezident ola biləcək. Yəni 2 dəfə ardıcıl prezident vəzifəsini tutub, sonra növbəti müddət namizəd olmayıb, ondan sonra təkrar prezidentliyə namizəd olmağın önü kəsilir.

Konstitusiya Məhkəməsinin qanunvercilik prosesinə nəzarəti təmin ediləcək.

Putinə inansaq, hazırda kağız üzərində mövcud olan federalizmin də idarəçilikdə real olaraq əksini tapması, ədəmi mərkəziyyətin (desentralizasiya) təmin olunaraq yerli hakimiyyətlərin (qubernatorlar, bələdiyyələr) səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur.

Referenduma çıxarılacaq bu təkliflərə şübhəsiz ki, “2024-cü il problemi” kontekstində yanaşmaq lazımdır. Bilirsiniz ki, 2024-cü ildə Putinin səlahiyyət müddəti başa çatır və o, prezidentliyə namizəd ola bilməyəcək. Putinin hakimiyyətdən tamamilə əl çəkib, təqaüdçü kimi öz köşəsinə çəkilməsini gözləmək sadəlövhlük olar. (Hərçənd, həyatdır, ağır xəstəlik və digər fors major situasiyanın yaranmasını da tam istisna etmək olmaz.) Kreml siyasi texnoloqları (Vayno – Kiriyenko) xeyli vaxt idi Putinin prezidentlikdən getsə də, hakimiyyətdə qalmasının formulunu axtarırdı. Belə görünür ki, tapıblar.

İki mümkün variant var:

1. Putinin yenidən baş nazir olması, amma bu dəfə real səlahiyyətlərlə.

2. Dövlət Şurasına sədr seçilməsi.

Bugünkü çıxışında Putin Dövlət Şurasının rolunun və statusunun Konstitusiyada təsbit olunması təklifi ilə çıxış etdi. Hazırda Şura konstitusion orqan deyil, prezident yanında məşvərətçi orqandır. Şuraya prezident sədrlik edir, Federasiya Şurasının sədri, Dövlət Dumasının sədri, ali vəzifəli şəxslər (ali icra orqanlarının rəhbərləri), Dumadakı fraksiyaların rəhbərləri, federasiya subyektlərinin başçıları Şuranın üzvləridir.

Əgər Konstitusiya dəyişikliyi ilə bu orqan prezidentin tabeliyindən çıxarılaraq, səlahiyyətli və prezident üstü dövlət institutuna çevrilərsə, onda Nazarbayev modelinə oxşar şəkildə Putin Dövlət Şurasının sədri – həm icra, həm də qanunverici hakimiyyət qollarının fəaliyyətini əlaqələndirən, onlara rəhbərlik edən ali lider qismində Rusiya dövlət idarəçiliyi sistemində öz yerini ala bilər.

(Əslində ilk variant mənə daha ağlabatan gəlir, amma belə görünür ki, Putin Dövlət Şurasına sədrlik variantını da ehtiyatda saxlamaq istəyir.)

Rusiyada baş verən siyasi dəyişikliklər postsovet məkanına da təsir edir və presedent yaradır. Ona görə də, şimaldakı havanın Azərbaycana və hazırda aparılan siyasətə təsirləri də mümkün ehtimaldır.