XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

13 May 2015 - 10:58

“Həqiqətən onların 20-30 milyardlıq əmlakı olub?” – Deputat həbslərdən heyrətlənib

Bir neçə gündür Azərbaycanda maliyyə xəyanətlərinə görə həbs olunanlarla bağlı Milli Məclisin deputatı Zahid Orucdan maraqlı açıqlama gəlib.

Strateq.az xəbər verir ki, deputat “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həbs olunan insanların ictimai statusu sıradan şəxs olmamalarını sübut edir ki, burada səbəblər heç də kredit məsələləri və aşağı faizlərlə bağlı deyildir.

Onun sözlərinə görə, burada hər hansı bir şəkildə ictimai əmlakın ələ keçirilməsi və başqa xarakterli məsələlər də var:
“Hesab edirəm ki, bütün bu məsələlər fonunda çıxaracağımız nəticələr var. Bu ondan ibarətdir ki, hər zaman hökumət maliyyə-bank sektorunda fəaliyyəti diqqət mərkəzində saxlamalıdır. çünki böyük pul kütlələri həmişə ölkədəki maliyyə sabitliyinə təsir göstərə bilir. Əgər 21 fevral devalvasiyadan sonra kimlərsə ölkədə möhtəkirliyə əl atıbsa, eyni zamanda küllü-miqdarda vəsaitləri malik olduqları sirlər əsasında əldə ediblərsə və bunun nəticəsi olaraq Azərbaycan özünün müəyyən maliyyə rezervlərindən məhrum olubsa bu yöndə işləri daha konfidensial, daha fərqli şəkildə aparmaq lazımdır. Dövlət sirri deyilən bir anlayış var, bunun mahiyyəti ondan ibarətdir ki, istənilən iqtisadi-maliyyə tədbiri çox məhdud bir dairədə qəbul olunur və icraya yönəldilir. Əgər onun dairəsi genişlənirsə bu, avtomatik müxtəlif problemlərə yol açacaq. İkincisi, müxtəlif maliyyə vəsaitlərinin aşağı faizlə verilməsi fonunda əvəzi olaraq qoyulmamış hansısa əmlaklar praktikası aşkarlanırsa, bu cinayətlər müəyyənləşirsə, burada başlıca məsələ küllü-miqdarda kreditlərin verilməsi mexanizminin dəqiq müəyyənləşməməsi ilə bağlıdır.
Əgər 200-300 milyon, bəzən 500 milyonluq kreditlərdən söhbət gedirsə və bu 6-7 milyarddan yuxarı bir kredit resursu kimi bir vəsaitin iri sahibkarın çevrəsində xərclənməsinə gətirib çıxarırsa, düşünmək lazımdır ki, həqiqətənmi onların 20-30 milyardlıq əmlakları olubdur ki, belə bir qarantiya ilə çıxış edə biliblər.
çünki dövlət kənar kreditlər olmadığında bu məsələdə zəmanət məktubu ilə çıxış eləmir. Məsələnin başqa bir önəmli tərəfi ondan ibarətdir ki, bütün hallarda bu həbslərin sayı 70 olmasa da, məhdud sayda insanları əhatə etsə də, yəqin ki onun ətrafında müəyyən kampaniyalar qurulacaq. Yəni maliyyə kütləsinə malik olan şəxslərin müdafiəçiləri çox olacaq. Onların ətrafında belə komitələrin yaradıması praktikasını keçmişdə də görmüşük”.
Millət vəkili bildirib ki, həbslərlə bağlı hüquq-mühafizə orqanları tərəfindən cəmiyyətə geniş şəkildə məlumat təqdim olunacaq, səbəbləri və ilk ittihamedici məsuliyyət müddəları ilə bağlı aydınlıq gətiriləcək.
Z.Oruc həmçinin növbəti oliqarx həbslərinin olub-olmayacağı ilə bağlı sualı cavablandırıb və bildirib ki, o, mətbuatda adı gedən şəxsləri oliqarx hesab etmir:
çünki bu anlayış o mənanı daşıyır ki, oliqarxiya vəzifə adamının böyük pul kütləsinə sahib olması və onun həbsə məruz qalması deməkdir. İndiki halda isə söhbət iri burjuaziyanın ayrı-ayrı təmsilçilərindən gedir. Qəti şəkildə onların nə dərəcədə məsuliyyətli olub-olmadığını söyləyə bilmərik. Bizim bu məsələdə prokuror olmağa ixtiyarımız yoxdur”.