XƏBƏR LENTİ

19 Fevral 2020
18 Fevral 2020

Digər Xəbərlər

21 Yanvar 2020 - 22:44

Türkiyə-Rusiya müttəfiqliyinin ömrü nə qədərdir?- Sevil Nuriyeva yazır (TƏHLİL)

Sevil NURİYEVA İSMAYILOV,

Star.com.tr

 

Qəddafinin taleyi – tarixi proses bugünkü Qərb dünyası ilə əldə edilmiş razılaşmaların və verilən vədlərin sabun köpüyü olduğunu göstərib!

Qəddafinin devrilməsindən bir neçə gün əvvəl İtaliya və İngiltərənin Baş nazirləri Liviyada anlaşma görüntüsü adı altında peyda oldular.

O vaxta qədər “Qəddafi razılaşmaq istəyir” və “Qərblə birgə hərəkət edəcək” kimi sözlər verilmişdi. Nəticə göz qabağındadır!

İndi Liviya və Aralıq dənizi perspektivindən baxdıqda, görünən kritik nöqtə və bütün maraqlı dövlətlərin bu nöqtədən yararlanmağa çalışması yaxın gələcəkdə sülhün əldə olunacağı qənaətini yaratmır.

Berlindəki toplantıya dəvət olunan dövlətlərin hökumət nümayəndələri ilə birlikdə başa düşdük ki, Liviya məsələsi təkcə bir neçə tərəfli anlaşma formalaşdırmayacaq. Elə işin qəliz tərəfi də budur. Ortada çox sayda iddiaçının olduğu bir vəziyyətdə Berlin konfransında sülh razılaşması olmasa da, silahlardan istifadə edilməyəcəyinə dair ortaq fikrin səsləndirilməsi özü bir uğurdur.

Həftərın Moskvadakı danışıqlar masasından qaçması həm də Berlində çoxtərəfli aktyorların fraksiyası ilə bağlıdır. Rusiya-Türkiyə əlaqələrinin bu vəziyyətdə nə dərəcədə təsirli olacağını da Berlin zirvəsiylə yenidən anlamış olduq.

Bəs, Liviya məsələsində Rusiya ilə tərəfdaşlıq qalıcıdırmı? Bunu indidən söyləmək mümkün deyil. Rusiyanın Avropa və ABŞ-la münasibətlərini necə şəkilləndirəcəyi və gələcəkdə nə cür ittifaqlar yaranacağı bu sualın cavabı baxımından əhəmiyyətlidir.

Lakin bir şey dəqiqdir: Rusiya Türkiyəyə qalıcı və uzunmüddətli ittifaqın təmin edilməsi lazım olan tərəf kimi baxır. Bununla yanaşı, Rusiya Aralıq dənizi və ətrafı mövzularında da Türkiyəsiz addım atılmasının mümkün olmadığını bilir.

Rusiya, ABŞ başda olmaqla Qərb ittifaqının özünə qarşı həmlələrini və bu həmlələrin Rusiyanın çöküşünə hesablandığını bildiyi üçün alternativ tərəfdaşlarlarla uzunmüddətli siyasət qurmağı planlaşdırır. Bu yanaşma bölgədəki bütün siyasi atmosferi dəyişdirəcək gücdədir!

Türkiyənin artıq Qərbin ağzı ilə danışmayan, məsələlərinə Ankara mərkəzli siyasət anlayışı ilə baxan yanaşması da Rusiya baxımından ciddi bir arqumentdir.

Rusiyada çoxşaxəli vəziyyətin olduğunu dəfələrlə yazmışam. Rusiyadakı son olaylar, həmçinin referendum dəyişiklikləri ölkə daxilində Qərbin ağzı ilə danışanlarla məsafə saxlanacağının siqnalını verir.

Bu bizə nəyi izah edir? Rusiya Liviya, Suriya və İran hadisələri ilə meydanı hərtərəfli təhlil etdi. Uzun müddətdir gerçək meydandan uzaq düşən Rusiya meydanda uzunmüddətli planlaşdırmanın necə olduğunu gördü. Nəzəri biliklərinin təcrübədə əksini birbaşa yaşamış oldu.

O, Qərbin Aralıq dənizindəki səylərini Rusiya təbii qazından asılılıqdan xilas olmaq cəhdi kimi təhlil edir. Alternativ təbii qaz xəttinin ən çox Rusiyaya mənfi təsir edəcəyi bəllidir! Bu vəziyyətdə Türkiyənin Liviya həmləsini qəbullanması, hətta bu mühitdə dəstək verməsi Rusiyanın maraqlarına xidmət etməkdir.

Əlbəttə ki, bunu edərkən ruslar meydanda hər kəslə təmasa imkan verən siyasi ağıldan istifadə edirlər! ABŞ-ın etdiyini edir və hər kəslə təması saxlamaqla qalıcı olmağın mümkünlüyünü təhlil edir.

Berlin konfransı ilə Qərbi kənarda saxlamadan özünü tərəflərdən biri edə bildi. Rusiyanın bu nöqtəyə gəlişində yeni nəsil silahının olması ilkin faktor kimi görünə bilər.

Lakin Türkiyə ilə razılaşa bilməsi və Türkiyənin masada bir cür, meydanda ayrı cür davrananlardan fərqli olaraq, sözü ilə əməlinin bir-birini tutması, Rusiyanın nəzərində qalıcı siyasi etibarının təməllərini atmış oldu.

Bu nə qədər davam edər? Rusiyanın maraqları ilə Türkiyənin maraqları toqquşmayana qədər! Əgər keçmişdə Türkiyə ilə Rusiya xətti döyüşlərlə tənzimlənirdisə, bundan sonrakı mərhələnin sülhdən ilham alacağı açıqdır. Bu vəziyyət isə yalnız Orta Şərqdə deyil, həm Rusiyanın, həm də Türkiyənin təsir və maraq sahələri olan bölgələrdə də işə yarayacaq.

Tərcümə Strateq.az-ındır

Mətnin orijinalı bu linkdə:

https://www.star.com.tr/yazar/akdenizde-yeni-durum-ve-rusya-turkiye-faktoru-yazi-1508260/