XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020

Digər Xəbərlər

29 Yanvar 2020 - 13:21

Süleymanidən sonrakı İran:yenə böhran (TƏHLİL)

Şahin Cəfərli,

politoloq

 

2020-ci il Orta Şərq və bütün dünya üçün çox gərgin başladı. İranın xarizmatik generalı Qasım Süleymaninin yanvarın 3-də Bağdadda ABŞ ordusuna məxsus dronun raket zərbələri ilə öldürülməsindən sonra İran dövləti və onun bölgədəki paramilitar gücləri tərəfindən səsləndirilən qisas bəyanatları, İraq və İranda milyonların qatıldığı yas-dəfn mərasimləri və qəzəbli kütlələrin antiamerika çağırışları, İraqdakı ABŞ hərbi bazalarına İran tərəfindən raket zərbələri endirilməsi ilk anda elə təsəvvür yaratmışdı ki, iki ölkə arasında çoxdan gözlənilən müharibə artıq qaçılmaz hala gəlib. Amma müharibə baş vermədi və çox qısa müddətdə diqqət yenidən İranın öz içərisinə – xalq etirazlarına yönəldi. Bu yazıda Süleymaninin qətlindən sonrakı vəziyyəti şərh edəcəyəm.

İranın Süleymani olayını öz lehinə çevirmək siyasəti   

İslam İnqilabı Keşikçiləri Korpusunun (qısaltması: Sepah, yaxud Pasdaran) “Qüds” gücünün məşhur komandanının ABŞ bombardmanı nəticəsində öldürülməsinə İran rəsmi ritorika səviyyəsində sərt və emosional reaksiyalar versə də, əməli səviyyədə öz praqmatizmindən vaz keçmədi. Nə qədər paradoksal səslənsə də, İraqdakı ABŞ hərbi bazalarına raket zərbələri müharibəyə deyil, əksinə, deeskalasiyaya xidmət etdi. Çünki bu zərbələr qarşı tərəfin əvvəlcədən bildiyi və daha çox İran dövləti üçün təbliğat məqsədli addım idi. İran dövləti ABŞ-la açıq müharibədə uduş variantının olmadığını yaxşı anladığı üçün daha real vəzifələrin həyata keçirilməsinə qərar verdi və Süleymaninin ölümündən sonrakı atmosferi – yüksələn antiamerikanizmi ABŞ-a qarşı yönəldib, onun bölgədəki dayaqlarını zəiflətməyə, eyni zamanda özünün son aylarda zərbə alan nüfuzunun restavrasiyasına çalışdı.

3 yanvar 2020-ci ildən əvvəl bölgədə vəziyyət belə idi: 2019-cu ilin noyabr ayında İranda benzinin qiyməti artırıldıqdan sonra kütləvi etirazlar ölkəni bürümüş, bir çox yerdə üsyan xarakteri almış və təhlükəsizlik qüvvələri odlu silahdan istifadə etmiş, Reutersin məlumatına görə, 1500-ə yaxın adam ölmüşdü. Hadisələr səngisə də, əks-sədası hələ davam etməkdə idi. 2019-cu ilin oktyabrında isə İraqda və Livanda xalq etirazları başlamışdı. Küçələrə çıxan insanlar ilk növbədə yerli siyasi elitaları hədəf alsalar da, İraqda etirazlar həm də İrana qarşı yönəlmişdi. Çünki İraq daxili siyasətinə son illər İranın təsiri xeyli artıb və İran bu ölkədəki mövcud vəziyyətin – Adil Əbdülmehdi hökumətinin əsas dəstəkçisidir. Livanda isə nümayişlər İraqdakı qədər antiiran xarakterli olmasa da, İranın bölgədə dəstək verdiyi ən böyük siyasi-hərbi qruplaşma olan Hizbullah bu etirazlara qarşı çıxdı, eyni zamanda hadisələr İranda da narahatlıq yaratdı. (İraq və Livan hökumətləri istefaya getdilər, amma hələlik yeni hökumətlər qurulmayıb.)

İran dövləti bu atmosferi tərsinə çevirmək üçün Süleymaninin ölümündən sonra soyuqqanlı və planlı hərəkət edərək generalı dəfn etmək üçün tələsmədi. Cənazə böyük izdihamın müşayiəti ilə şiəlik üçün müdəddəs sayılan yerlərdə təvaf etdirildi: əvvəlcə Bağdadın şimalındakı Kazımiyyədə yerləşən 7-ci imam Musa Kazım ve 9-cu imam Məhəmməd Təqinin türbələrinə, sonra helikopterlə Kərbəlada İmam Hüseynin türbəsinə və daha sonra Nəcəfdə Həzrəti Əlinin dəfn edildiyinə inanılan türbəyə aparıldı. İran daxilindəki marşrut isə belə idi: noyabrdakı etiraz aksiyalarının əsas mərkəzlərindən olan Əhvaz şəhəri – İmam Rzanın məqbərəsinin olduğu Məşhəd – paytaxt Tehran – Qum – mərhumun doğulduğu Kirman. Təşkilatçıların bölgə şiələrini konsolidasiya etmək və protest potensialını ABŞ-a qarşı yönəltmək niyyəti ortada idi, bu məqsədlə şiə-cəfəriliyin əzadarlıq mədəniyyətindən irəli gələn ritualların nə qədər ön plana çıxarıldığını gördük. Nəcəf və Kərbəladakı mərasimlərə nüfuzlu dini lider və şiələrin mərcəyi-təqlidlərindən biri, ayətullah Seyid Əli Sistaninin oğlunun və təmsilçilərinin qatılması bu baxımdan əhəmiyyətli fakt kimi qeyd edilməlidir. Çünki şiəliyin Nəcəf (İraq) və Qum (İran) hövzələri arasında örtülü rəqabət və həm dini, həm də dünyəvi məsələlərə fərqli yanaşmalar var. Qum hövzəsi islam inqilabından sonra İranın dövlət quruluşu olan vilayəti-fəqihin ideoloji məktəbi rolunu oynayaraq siyasiləşdiyi halda, Nəcəf məktəbi mümkün qədər siyasətə qarışmamağa, məzhəbçilikdən uzaq durmağa və vahid iraqlı kimliyini önə çıxarmağa çalışır. Fərqli yanaşmalara son nümunələrdən biri kimi İranın ali dini lideri, ayətullah Əli Xameneinin İraq və Livandakı qarışıqlıqların arxasında Amerikanın dayandığını söylədiyi halda, ayətullah Əli Sistaninin bu mövqe ilə razılaşmayaraq etirazlara daxili problemlərin səbəb olduğunu bəyan etməsini göstərmək olar. Yaxın keçmişə dair başqa maraqlı fakt bundan ibarətdir ki, Sistani müxtəlif vaxtlarda 3 dəfə Qasım Süleymani ilə görüşməkdən imtina edib.

Bu əhval-ruhiyyənin fonunda İranın ilk konkret uğuru İraq parlamentinin ABŞ hərbi qüvvələrinin ölkə ərazisindən çıxarılması ilə bağlı qərar qəbul etməsi oldu. Amma yanvarın 8-i gecəsi baş verən hadisə işləri korladı. ABŞ hərbi bazalarına raket zərbələrindən bir neçə saat sonra Tehrandan havaya qalxan Ukrayna sərnişin təyyarəsinin qəzaya uğradığı və 176 nəfərin öldüyü barədə xəbər yayıldı. İran dövləti 3 günlük inkarçı mövqeyindən sonra təyyarənin ölkə hava hücumundan müdafiə qüvvələri tərəfindən yanlışlıqla vurulduğunu etiraf etdi, bu isə ölkə daxilində etirazların yenidən baş qaldırmasına səbəb oldu. Həmin günün axşamı paytaxt Tehranda tələbələr “Diktatora ölüm”, “İslam cümhuriyyəti istəmirik” və rejim əleyhinə yönəlmiş digər şüarlarla küçəyə çıxdılar. (Diktator dedikdə ali rəhbər nəzərdə tutulur.) Başqa şəhərlərdə də etirazlar oldu. Bu dəfə aksiyalar 2019-cu ilin noyabr və 2017-ci ilin dekabrındakı qədər geniş miqyas almasa da, İran daxilində müxtəlif sosial təbəqələr arasında narazılığın güclü olduğunu, bu narazılığın birbaşa sistemə və onun başındakı şəxsə qarşı yönəldiyini bir daha göstərir. Noyabrdakı küçə aksiyaları sosial-iqtisadi problemlər səbəbi ilə əyalətlərdən başlamışdı və iştirakçılar əsasən yoxsullar, işsizlər idi, bu dəfə isə əhalinin təhsilli və aktiv hissəsi olan tələbələr siyasi şüarlarla paytaxtda meydana çıxdılar. Bu, rejim üçün növbəti həyəcan siqnalıdır. Doğrudur, Süleymani üçün meydanları dolduran qələbəlikləri də qeyd etmək lazımdır, kəmiyyət baxımından onlar müxaliflərdən dəfələrlə çox idi. Amma qeyri-demokratik, qapalı rejimlərdə, xüsusən də İran kimi teokratik avtokratiyanın hökm sürdüyü ölkələrdə qələbəliklər çox vaxt süni olur və dövlət gücünün əli ilə bir yerə toplanır. Sabah mərkəzləşdirilmiş idarəetmə sistemi zəifləyərsə, həmin kütlələrin yenə hakim güc ətrafında toplanacağına təminat yoxdur.

İranda sistemə onun öz içərisindən – islahatçı qanaddan gələn tənqidlərin dozası da getdikcə yüksəlir. Bu baxımdan İran parlamentinin sabiq sədri, ali rəhbəri seçən Üləmalar Məclisinin keçmiş üzvü, Xameneinin keçmiş müşaviri, 4 dəfə prezidentliyə namizəd olmuş höccətülislam Mehdi Kərrubinin rəhbərə ünvanladığı məktub diqqətəlayiqdir. Kərrubi sərnişin təyyarəsinin vurulması ilə əlaqədar yazdığı məktubunda hadisədə birbaşa ali rəhbəri ittiham edib və bu hadisənin onun dövründə yaşanan ilk qalmaqal olmadığını söyləyib. O, ölkədəki “serial qətllərə, seçki saxtakarlıqlarına və nümayişçilərə qarşı qanlı repressiyalara” görə (sitat məktubdandır) Xameneini günahlandıraraq onun legitimliyini şübhə altına alıb. 2009-cu ildə seçki saxtakarlığına qarşı prezidentliyə namizəd Mirhüseyn Musəvinin liderliyi ilə Yaşıl hərəkat adlanan kütləvi etiraz tədbirlərinin təşkilatçılarından biri olmuş 82 yaşlı Kərrubi 2011-ci ilin fevralından bəri ev dustağıdır. Kərrubi 2017-ci ilin sonlarında ölkə miqyasında baş verən kütləvi etirazlardan sonra rəhbərə yazdığı məktubunda isə Sepahın və onun könüllü milis gücü olan Bəsicin ölkə siyasəti və iqtisadiyyatı üzərində təsir imkanlarından məhrum edilməsini tələb etmişdi. Ötən müddətdə islahatçı qanada mənsub siyasətçilər dəfələrlə Xameneidən Musəvi və Kərrubinin ev dustaqlığından azad edilməsini tələb etsələr də, bu tələblər cavabsız qalır.

Yeni sanksiyalar və seçki ili

İranda iqtisadi böhran davam edir və 2018-ci ilin avqust, noyabr aylarında ABŞ sanksiyalarının bərpasından sonra vəziyyət daha da ağırlaşıb. Bu mövzuda Bakı Araşdırmalar İnstitutunda daha öncə məqalə yazmışdım. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2019-cu ildə İran iqtisadiyyatında 9,5% həcmində kiçilmə baş verib. Bu, böyük rəqəmdir. İnflyasiya təxminən 40%-dir, hər 4 gəncdən biri işsizdir. Belə bir vəziyyətdə ABŞ hökuməti bu il yanvarın 10-da növbəti sanksiya paketini açıqladı. Bu dəfə İranın metallurgiya (polad, alüminium, dəmir, mis istehsalçıları), tikinti, dağ-mədən və tekstil sənayesi hədəf alınıb. Bu sahələrdə fəaliyyət göstərən 17 İran şirkəti qadağalara məruz qalıb. İran metallurgiya sənayesinin ildə təxminən 10 milyard dollarlıq ixracatı olduğu nəzərə alınarsa, bu sanksiyaların təsirini təsəvvür etmək çətin olmaz. Tramp hökumətinin məqsədi İranı onun nüvə və raket proqramlarını təkrar müzakirəyə açmağa razı salmaqdır. Lakin İran qəti olaraq bunu rədd edir və görünən odur ki, ən azı ABŞ-dakı prezident seçkilərinə qədər Tramp hökuməti ilə masaya oturmayacaq. İran dövləti seçkidə demokratların namizədinin qələbəsinə və onların 2015-ci ildə Obama administrasiyası tərəfindən imzalanan anlaşmaya geri dönəcəyinə ümid edir. Güman ki, Trampın ikinci dəfə seçilməsi İran məsələsində gərginliyi artıracaq və İranın geri addım atmayacağı təqdirdə, müharibə ehtimalı yüksələcək.

Bu il İranda da seçki ilidir: fevral ayında parlamentə – İslam Şurası Məclisinə seçki keçiriləcək. Dünyəvi-demokratik ölkələrin parlamentləri ilə müqayisədə İran İslam Şurası Məclisinin ölkə sistemində çəkisi və rolu aşağıdır. İranda seçki prosesi Konstitusiyaya Nəzarət Şurası (Şurayi Negahban) adlı konstitusion orqanın ciddi nəzarəti altındadır. Namizədlər bu qurum tərəfindən araşdırılır və filtrasiyadan keçirildikdən sonra ya seçkidə iştiraka buraxılır, ya da prosesdən kənarlaşdırılır. Şuranın 12 üzvü var: bunlardan 6-sı ali dini rəhbər tərəfindən təyin olunan fəqihlər (ayətullahlar), 6-sı isə məhkəmə sistemi rəhbərinin təqdimatı ilə parlament tərəfindən təyin olunan hüquqşünaslardan ibarətdir. Lakin məhkəmə sisteminin başçısını da ali rəhbər təyin etdiyi üçün Konstitusiyaya Nəzarət Şurasının Xameneinin iradəsindən kənara çıxmadığını  söyləmək mümkündür. Bundan əvvəlki seçkilərdə Şura namizədlik üçün daxil olan müraciətlərin 60%-ni rədd edib. Hazırkı 290 millət vəkilindən artıq 90 nəfərinin müraciəti də eyni aqibətlə üzləşib. Bu şəxslərin mütləq əksəriyyəti islahatçı qanadın nümayəndələridir. Bir sözlə, parlamentə seçiləcək şəxsləri – istər mühafizəkarları, istərsə də islahatçıları xalqdan əvvəl bu qurum müəyyənləşdirir.

Seçki qanununa əsasən islam dininə həm etiqadi, həm də əməli şəkildə bağlı olmaq, İslam Cümhuriyyətinə və vilayəti-fəqih sisteminə mütləq sədaqət millət vəkili olmağın əsas şərtləri sırasındadır. Bununla yanaşı, azlıqlara 5 yer verilir, bunlardan 2-si ermənilər üçün nəzərdə tutulub. Yəni İranda seçki sistemi demokratik deyil, baxmayaraq ki, səsvermə günü xalqın səs verdiyi namizədlər əksər hallarda qutudan çıxır. Qarşıdakı seçkilərin vacibliyi onunla əlqədardır ki, bir neçə ay əvvəlki qanlı noyabr hadisələrindən, Süleymanin qətlindən, sərnişin təyyarəsinin məhvindən və bundan sonra baş verən etirazlardan sonra keçiriləcək. Bütün bu hadisələrin xalqın əhvalına və siyasi mövqeyinə necə təsir etdiyi maraqlıdır. Vətəndaşların seçkidə fəal iştirak edib-etməyəcəyi də vacib detaldır. Protest elektoratı indiyədək adətən islahatçı namizədlərə səs verib, amma son illərdə narazı təbəqələr islahatçıları dəstəkləməyin də vəziyyəti köklü şəkildə dəyişmədiyini görürlər və onları da mövcud sistemin bir hissəsi hesab edirlər. Bu səbəblə, fevral seçkilərində iştirak faizinin aşağı düşməsi ehtimalı var, bu isə legitimlik problemi yarada və bir qədər sonra yeni etiraz dalğasının başlamasına səbəb ola bilər. Görünür, 2020-ci il İran üçün daha bir çətin və gərgin il olacaq.

bakuresearchinstitute.org