XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

31 Yanvar 2020 - 16:29

Hərbi Prokurorluqda iclas: “14 əməkdaş nöqsanlara görə məsuliyyətə cəlb olunub” – Xanlar Vəliyev hesabat verdi

Bu gün Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda mərkəzi aparatın işçilərinin və ərazi hərbi prokurorlarının iştirakı ilə 2019-cu ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlərin vəziyyəti, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilən əməliyyat müşavirələrinin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclası keçirilib.

Hərbi Prokurorluqdan Strateq.az-a verilən məlumata görə, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev ədə olunan nailiyyətlər və qazanılan uğurlar fonunda ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatların məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasına və bu sahədə də islahatların dərinləşdirilməsinə rəvac verir.

X.Vəliyev bununla əlaqədar dövlət başçısının imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanın mütərəqqi müddəalarından söz açıb.

Dövlətimizin hərtərəfli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də müsbət təsir etdiyini vurğulayan ədliyyə general-leytenantı X.Vəliyev bildirib ki, son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla bir qədər də zənginləşdirilib, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhval-ruhiyyəsi artırılıb, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir və işğal altındakı torpaqlarımızı azad etməyə hazır olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Bunun nəticəsidir ki, “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı 2019-cu il üçün olan hesabatında Gürcüstan 85-ci, Ermənistan 96-cı sırada qərarlaşdığı halda, ordumuz 52-ci yeri tutub.

Hərbi prokuror bildirib ki, ötən illərdə olduğu kimi, 2019-cu ildə də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəldilib.

Qeyd olunub ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilən fəaliyyət, düzgün qurulan istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınan cinayətlərin 99,5 faizi açılıb.

Fəaliyyət istiqamətləri üzrə görülən işlərlə bərabər, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinin və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə bir sıra digər işlər də görülüb.

Belə ki, müxtəlif sahələr üzrə bir neçə “Silahlı Qüvvələrdə suisid hallarının qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsinə dair”, “Silahlı Qüvvələrdə korrupsiya hallarının aşkara çıxarılması, rəsmiləşdirilməsi, araşdırılması və qarşısının alınması üçün zəruri tədbirlərin həyata keçirilməsinə dair”, “Döyüş bölgəsində və cəbhəboyu ərazilərdə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsinə dair” və sair metodiki tövsiyələr, eləcə də digər maarifləndirici vəsaitlər hazırlanaraq aidiyyatı üzrə çatdırılıb.

Bu istiqamətdə əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranan qarşılıqlı sağlam və işgüzar əlaqələrin də çox böyük əhəmiyyəti olub.

Belə ki, sadalanan qurumlarla hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi olaraq müxtəlif xarakterli birgə tədbirlər həyata keçirilib, o cümlədən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə insan hüquq və azadlıqlarına riayət olunmasını, qanunçuluğun və hüquq qaydasının qorunmasını təmin etmək məqsədilə birgə hazırlanan “Hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsinə dair”, “Cinayətkarlığa qarşı mübarizəyə dair”, “Cinayət hadisələrinin qarşısının alınmasına dair”, “Hərbi qulluqçularda vətənpərvərlik hisslərinin gücləndirilməsinə dair” və sair mövzular üzrə tədbirlər planları əsasında adıçəkilən qurumların yüksək vəzifəli əməkdaşlarının iştirakı ilə səmərəli işlər görülmüş, eləcə də, mütəmadi olaraq hərbi qulluqçularla ümumi və fərdi görüşlər təşkil olunub.

Eyni zamanda milli və rəsmi dövlət bayramlarında, digər əlamətdar günlərdə hərbi qurumların, qeyri-hökumət təşkilatlarının və müvafiq rayonların icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə vətənimizin müxtəlif bölgələrində, xüsusən də cəbhəyanı zonada yerləşən hərbi hissələrdə hərbi qulluqçular və valideynlərinin iştirakı ilə bayram mərasimləri, o cümlədən konsertlər təşkil edilib, həmin tədbirlərdə hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılıb və xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub.

Bundan başqa, Silahlı Qüvvələrdə ayrı-ayrı cinayətlərin qarşısının alınması məqsədilə, hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi hər altı ayda bir dəfə ümumiləşdirilərək müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib, kollegiyaların qərarlarına əsasən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə cinayətin törədilməsinə imkan yaradan halların aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Bütün bunların nəticəsində də hesabat dövründə qeydə alınan cinayətlər ötən illə müqayisədə ümumilikdə 2%, o cümlədən az ağır cinayətlər 10,9%, xüsusilə ağır cinayətlər 44,4% azalıb.

Eyni zamanda 2018-ci illə müqayisədə 2019-cu ildə qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 22,2%, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 91,7%, xuliqanlıq cinayətləri 14,3%, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 3,7%, həmçinin hakimiyyətdən sui-istifadə etmə cinayətləri 15,5 %, qulluğa səhlənkar yanaşma cinayətləri 41,2%, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50,0%, hərbi xidmətdən yayınma cinayətləri 14,1%, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri 30,2%, fərarilik cinayətləri isə 28,6% azalıb.

Xüsusi vurğulanıb ki, hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayəti isə ümumiyyətlə qeydə alınmayıb.

Bildirilib ki, ötən dövrlərdəki kimi, 2019-cu ildə də ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib, dövlət başçısının bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar Hərbi Prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılıb.

Qeyd edilib ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin edilib, vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, daxil olan müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülüb. Vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə dövlət başçısı İlham Əliyevin dəyərli tövsiyələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq, hər bir əməkdaşdan gündəlik fəaliyyətində onlara əməl edilməsi ciddi tələb olunub.

Kollegiya iclasında, görülən müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub. İbtidai araşdırmanın aparılması, baş verən cinayət hadisələri nəticəsində hüquqi və fiziki şəxslərə vurulan maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi ilə əlaqədar işin təşkilində yol verilən nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olan, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib. Qeyd olunub 2019-cu il ərzində xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Sonra məruzə ətrafında çıxışlar olub. Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru, ədliyyə general-mayoru Yaşar Həsənov, Müraciətlərə baxılması şöbəsinin rəisi, ədliyyə polkovniki Səfər Əhmədov, Gəncə hərbi prokuroru, ədliyyə polkovniki Əmrah Mehtiyev, Qarabağ hərbi prokuroru, ədliyyə polkovniki Fərid Şükürov və Tərtər hərbi prokuroru, ədliyyə pollkovnik-leytenantı Hümmət Məmmədov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların və çatışmazlıqların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xalqda olan sonsuz inamdan irəli gələn misilsiz məhəbbətdən bəhs etməklə çıxışını yekunlaşdıran ədliyyə general-leytenantı X.Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi ulu öndər Heydər Əliyevin millətimizin və dövlətimizin maraqlarına xidmət edən müdrik siyasətinin möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, cinayətkarlığa və digər qanun pozuntularına, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək hallara qarşı mübarizədə barışmaz mövqe tutaraq üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəkdi.