XƏBƏR LENTİ

06 İyul 2020
05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

01 Fevral 2020 - 18:20

Bakıda polis əməkdaşları və DSK sədrləri üçün seminar-müşavirə keçirilib –FOTOLAR

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) və Daxili İşlər Nazirliyinin birgə təşkil etdiyi polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan seminar-müşavirələrin yekun tədbiri keçirilib.

Strateq.az DİN-ə istinadla bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasında təşkil olunan tədbirdə MSK üzvü İlham Məmmədov, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev, dairə seçki komissiyalarının sədrləri, o cümlədən şəhər və rayon polis orqanlarının nümayəndələri, həmçinin ATƏT-in beynəlxalq müşahidəçilər missiyasının nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib ki, Milli Məclisə seçkilərlə əlaqədar respublikada ictimai təhlükəsizlik və ictimai qaydanın təmin olunması məqsədilə Daxili İşlər Nazirliyində xüsusi tədbirlər planı hazırlanaraq icraya yönəldilib və bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

“Maarifləndirmə tədbirləri çərçivəsində Gəncədə, Şirvanda, Şəkidə ərazi polis orqanlarının və dairə seçki komissiyalarının sədrləri ilə zona müşavirələri təşkil olunub. Bu gün keçirilən müşavirənin əsas məqsədi təbliğat-təşviqat kampaniyası dövründə, seçki günü, eləcə də seçkidən sonrakı proseslər, polis əməkdaşlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, ərazi polis orqanlarının dairə seçki məntəqələri ilə qarşılıqlı əlaqələrinin təşkil edilməsindən ibarətdir”, – deyə Əziz Baqişev bildirib.

O qeyd edib ki, seçkilərin sabitlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün daxili işlər orqanlarının qarşısına qoyulmuş vəzifələrin nümunəvi yerinə yetirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, bu mühüm dövlət tədbirinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində mühüm amillərdən biri də ictimai asayişin etibarlı qorunmasıdır: “Seçki kampaniyası dövründə və seçki günü vətəndaşların qanunla müəyyən olunmuş hüquqlarının pozulması, seçki komissiyalarına və onların üzvlərinə təzyiq və təsir göstərilməsi, habelə digər hüquqazidd hərəkətlərin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət qurumları ilə yanaşı, daxili işlər orqanları qarşısında da mühüm vəzifələr durur. Bu məqsədlə seçkilərlə əlaqədar asayişin mühafizəsi, ictimai qaydaların qorunması və təhlükəsizliyin təmin olunması ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi tədbirlər planı təsdiq edilib və icrası nəzarətə götürülüb”.

Əziz Baqişev əlavə edib ki, seçki günü polis əməkdaşlarının seçki məntəqəsinə yalnız xüsusi geyim formasında və məntəqə seçki komissiyasının qərarına əsasən ictimai qaydanın bərpa edilməsi məqsədilə gəlməsinə icazə veriləcək, ictimai qayda bərpa olunduqdan sonra onlar dərhal məntəqədən çıxarılacaq.

Sonra çıxış edən MSK üzvü İlham Məmmədov bildirib ki, Komissiya Milli Məclisə seçkilərlə əlaqədar silsilə maarifləndirmə tədbirləri keçirir. Onun sözlərinə görə, bu tədbirlərdən biri də Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyinin birgə maarifləndirmə proqramı olan Azərbaycan polisinin seçkilərdə rolu, hüquq və vəzifələri mövzusunda keçirilən seminar-müşavirələrdir.

“Respublikanın regionlarında Daxili İşlər Nazirliyi ilə birgə keçirilən tədbirlərin son mərhələsini Bakı Şəhər Baş Polis İdarəsində paytaxtda fəaliyyət göstərən rayon polis orqanlarının və müvafiq dairə seçki komissiyaları sədrləri üçün keçiririk. Tədbirdə əsas məqsəd qarşıya çıxan problemlərin həlli yolları və polis orqanlarının səsvermə günü, ondan öncə və sonrakı funksiyalarının müzakirəsidir”, – deyə MSK üzvü əlavə edib.

Daha sonra MSK katibliyinin müdiri İlqar Əlizadə “seçki qanunvericiliyi, seçki sistemi, seçki komissiyaları sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri. Seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları” və “Seçki subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilələrin yolverilməzliyi. Seçki prosesi iştirakçılarının hüquqlarının qorunması sahəsində ümumi tədbirlər” mövzularında çıxış edib.

Qeyd edək ki, tədbirdə seçki sənədlərinin mühafizəsi, seçki sənədlərinin dairə seçki komissiyalarına, oradan məntəqə seçki komissiyalarına çatdırılması və səsvermə günü məntəqələrinin mühafizəsi məsələləri müzakirə olunub. Vurğulanıb ki, səsvermədən sonra ölkədə ictimai sabitliyin, qaydanın bərqərar olunması Azərbaycan polisinin funksional vəzifələrindəndir.

Tədbir müzakirələrlə başa çatıb.