XƏBƏR LENTİ

23 Fevral 2020
22 Fevral 2020
21 Fevral 2020

Digər Xəbərlər

05 Fevral 2020 - 22:50

“Onların heç bir “tələb”ini icra etməyəcəyik” –Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Strateq.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz, hörmətli Mövlud bəy. Sizi yenidən görməyimə çox şadam. Sabah Bakıda Xarici İşlər nazirləri səviyyəsində çox önəmli toplantı keçiriləcəkdir. Bu, Zirvə Görüşündən sonra Xarici İşlər nazirlərinin Bakıda keçirilən birinci toplantısıdır. Bildiyiniz kimi, keçən ildən başlayaraq Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürüb. Biz çalışacağıq ki, bir il ərzində bu təşkilatın sədri kimi bütün üzv ölkələrin dəstəyi ilə fəal iş görək və bu ölkələr arasındakı əməkdaşlığı, dostluğu, qardaşlığı daha da möhkəmləndirək. Eyni zamanda, sizin səfəriniz yaxşı fürsətdir ki, biz ikitərəfli məsələləri bir daha müzakirə edək. Biz sizinlə bu yaxınlarda Davosda da görüşdük. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Yaxın gələcəkdə Bakıda Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının toplantısı keçiriləcəkdir və hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan bizim qonağımız olacaqdır.

Əminəm ki, bu il də Türkiyə-Azərbaycan əlaqələri uğurla inkişaf edəcək. Keçən il çox böyük uğurlarımız olubdur və birlikdə TANAP-ın Avropa sərhədinə çatdırılmasını qeyd etdik. Bundan başqa, bir çox önəmli layihələr uğurla icra edilir. O ki qaldı Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə, indi bu fəaliyyət daha da genişmiqyaslıdır və artıq bir çox mənbələrdən bu yol vasitəsilə yüklər Avropa istiqamətinə və Asiya istiqamətinə göndərilir. Əminəm ki, bu yolun önəmi getdikcə atacaq və bu, bizim birgə uğurlu layihəmizdir.

Fürsətdən istifadə edərək bu yaxınlarda Çindən Azərbaycan vətəndaşlarını təxliyə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Bu, Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. Siz Azərbaycan vətəndaşlarına öz vətəndaşlarınız kimi münasibət göstərdiniz və göndərilən təyyarəyə onları mindirib sağ-salamat Türkiyəyə – onların doğma vətəninə gətirdiniz. Əlbəttə ki, Azərbaycanda bu addım, bu hərəkət çox yüksək qiymətləndirilir.

Eyni zamanda, keçən ay Strasburqda Avropa Şurası Parlament Assambleyasının toplantısında Türkiyə nümayəndələri tam heyətlə Azərbaycanın haqq işinə öz dəstəyini göstərmişlər, bir daha həmrəylik göstərmişlər. Bir daha göstərmişlər ki, onlar həqiqətin, ədalətin yanındadırlar. Azərbaycan nümayəndə heyəti də öz növbəsində, hər zaman Türkiyəni dəstəkləyir. Biz sizinlə Avropa Şurasının Parlament Assambleyasında fəaliyyət göstərən insanlar kimi bu təşkilatı yaxşı tanıyırıq. Əfsuslar olsun ki, 20 il ərzində bu təşkilat Azərbaycanı hədəf seçib, Türkiyəni isə daha uzun müddət ərzində. Xatırlayıram, ilk dəfə mən Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimə başlayanda mənim ilk addımım Azərbaycan heyətini Türkiyə heyəti ilə görüşdürmək idi. Biz elə birinci gün görüşüb razılaşdıq, anlaşdıq ki, bütün məsələlərdə bir-birimizə daim dəstək olacağıq. Əfsuslar olsun ki, hesab edirəm o illərdən bəri Avropa Şurasında deqradasiya prosesi gedir. Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir.

Sözün düzü, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik. Ancaq o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalır. Mən Ermənistanı misal gətirə bilərəm. Ermənistanın keçmiş Prezidenti bir ildən çoxdur ki, həbs olunub, o prezident fəal siyasətlə məşğul olmaq haqqında öz sözünü deyəndən sonra həbs olunub və bir ildən çoxdur ki, həbsxanada saxlanılır. İki il bundan əvvəl Ermənistana rəhbərlik edən prezident də indi istintaq altındadır. Onun haqqında cinayət işi açılıbdır və mətbuatda yayılan məlumata görə onun işi məhkəməyə verilibdir. Bunun da başlıca səbəbi keçmiş prezidentlərin indiki iqtidarın fəaliyyətini tənqid etmələridir. Ermənistanda jurnalistlər həbs olunur. Mənə verilən məlumata görə, bu yaxınlarda bir media orqanının rəhbəri həbs olunub. Bir neçə ay bundan əvvəl bir jurnalist həbsxanada aclıq aksiyasına başlayaraq aclıqdan vəfat edib. Ancaq bu faktların heç biri Avropa Şurasında qeydə alınmır. Nə üçün? Nə üçün Ermənistana qarşı bir münasibət var, Azərbaycana, Türkiyəyə qarşı başqa münasibət? Biz bu sualın cavabını yaxşı bilirik və bir daha qeyd etmək istəyirəm, yaxşı olardı ki, Avropa Şurası bu məsələlərlə məşğul olsun. Avropa Şurası Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, insanların polis tərəfindən öldürülməsinə diqqət yetirsin, o ölkələri qınasın, o ölkələrin hüquq mühafizə orqanlarına irad tutsun. Biz bunu eşitmirik, biz televiziyada görürük. Demək olar ki, müntəzəm olaraq Avropanın aparıcı paytaxtlarında insanlar döyülür, əzilir, təhqir edilir, öldürülür, insanların gözləri çıxarılır, insanların üstünə itlər göndərilir, atlarla insanları əzirlər. Sanki bu, demokratiya imiş. İndi biz bunu deyəndə, – mən bunu bir çox hallarda Avropadan gəlmiş və bizi tənqid etmək istəyən şəxslərə açıq demişəm, – onlar cavab vermirlər, susurlar. Amma otaqdan çıxan kimi yenə də öz bədnam fəaliyyətinə başlayıb bizi ləkələmək istəyirlər. Biz buna əlbəttə ki, dözə bilmərik. Biz Türkiyə ilə birlikdə mübarizə aparırıq, necə ki, biz sizinlə birlikdə mübarizə aparmışıq.

Siz Avropa Şurasında böyük vəzifəyə seçilmişdiniz, Avropa Şurası Parlament Assambleyasının prezidenti olmusunuz. Sizin dövrünüzdə bu təşkilatda ədalətli mövqe sərgilənirdi. Siz imkan vermirdiniz ki, bu təşkilat kiminsə əlində alətə çevrilsin. Siz çox dəyərli və müstəqil insan kimi bütün təzyiqlərə davam gətirirdiniz və müstəqil siyasət aparırdınız. Ona görə o dövrdə Avropa Şurası elə bil ki, öz əsl simasını bərpa edirdi. Ancaq bu gün bu təşkilat əfsuslar olsun, bir daha demək istəyirəm ki, heç bir nüfuza malik deyil, onların qəbul etdiyi qərarlar bizim üçün tamamilə əhəmiyyətsizdir. Azərbaycanla bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik.

Bizim işimiz isə haqq işidir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir və biz huna çox sevinirik. Türkiyənin bütün uğurları bizim üçün də çox əhəmiyyətlidir, bizə ruh verir. Biz birlikdə böyük işlər görmüşük və həmişə haqqın, ədalətin yanında olmuşuq. Əminəm ki, bundan sonra da belə olacaq. Heç bir kənar qüvvə nə Türkiyəyə, nə Azərbaycana təsir edə bilməz. Biz iki qardaş ölkə kimi bundan sonra da dostluq, qardaşlıq, müstəqillik yolu ilə gedəcəyik. Bir daha xoş gəlmisiniz.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dedi:

-Hörmətli cənab Prezidentim. Əvvəla, bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Prezidentimiz, qardaşınız Rəcəb Tayyib Ərdoğanın Sizə salamlarını və ən xoş arzularını gətirdim.

Prezident İlham Əliyev: Sağ olun.

Mövlud Çavuşoğlu: Sizi qısa müddət əvvəl Davosda görməkdən qürur duymuşduq. Amma daha da önəmlisi bəzi panellərdə təkcə qardaş Azərbaycanın gələcəyi üçün deyil, bölgəmiz üçün ortaya qoyduğunuz baxışları da dinləmə imkanımız olmuşdur.

Türk Şurasına sədrliyi uğurla davam etdirən Azərbaycanın türk dünyasının birliyi üçün töhfələrini ən yaxından bilən bizlərik. Bu baxımdan Zirvə Görüşü çox uğurla keçmişdir. Sizin sədrliyinizlə bu Zirvə Görüşündə qəbul edilən qərarlar nəticəsində, inşallah, sabah Xarici İşlər nazirləri olaraq biz də toplantımızı keçirəcəyik və dostlarımızla işlərimizi görəcəyik.

Hörmətli cənab Prezidentimiz, Çindən bizim vətəndaşlarımızla birlikdə gələn azərbaycanlı qardaşlarımız üçün bizə təşəkkür etməyinizə ehtiyac yoxdur. Çünki biz bir millətin övladlarıyıq. Ümummilli lider, cənnətməkan Heydər Əliyev atamızın da dediyi kimi, biz iki dövlətik, amma bir millətik. Beləliklə, əlbəttə, o qardaşlarımızı, canlarımızı bizim vətəndaşlarımızdan ayrı tuta bilməzdik, orada qoya bilməzdik. İndi Türkiyədə də rahatdırlar, yaxşıdırlar, mənə də yazırlar, əlaqələrimiz var. Siz də olsaydınız, eynisini edərdiniz.

Bundan başqa, Avropa Şurasında olsun, digər platformalarda olsun, əlbəttə, bir-birimizi dəstəkləyəcəyik. Siz dediyiniz kimi, hörmətli cənab Prezidentimiz, ikili standart hər yerdə var. Təəssüf ki, ideologiyalara boyun əyən təşkilatlar var. Bunlardan biri də Avropa Şurasıdır. Yeni baş katibə, yeni sədrə, hamısına deyirik ki, mövqeyinizi itirirsiniz, bunları düzəltmək üçün biz töhfə verə bilərik. Amma hazırda təəssüf ki, vəziyyət budur.

Biz bir-birimizi dəstəkləməyi Sizdən öyrəndik, öyrənirik. Sizin “Türkiyə burada yoxdur, amma mən varam, biz varıq” sözlərinizi heç bir türk, Türkiyə Cümhuriyyəti vətəndaşı unuda bilməz. Sizin liderliyinizlə bütün bu çətinliklərə qarşı işbirliyimizi, əməkdaşlığımızı davam etdirəcəyik və Sizin liderliyinizlə Türkiyəni və Azərbaycanı, inşallah, hədəflərinə çatdıracağıq. İkili standartlarla, bizə bu cür mövqe nümayiş etdirənlərə qarşı biz də mübarizəmizi, inşallah, birlikdə davam etdirəcəyik. Hər zaman söylədiyimiz kimi, Türkiyənin olduğu qədər Azərbaycanın haqqını və haqlı mübarizəsini də müdafiə etmək bizim üçün vəzifədir. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkürlərimi bildirirəm.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Lütfən, mənim də səmimi salamlarımı əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğana çatdırın. Biz onu Azərbaycanda səbirsizliklə gözləyirik.

Hörmətli Mövlud bəy, sizi bir daha salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Siz bizim əziz qonağımızsınız. Siz Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün çox böyük xidmətlər göstərirsiniz. Siz Azərbaycanı ürəkdən sevən bir insansınız və müxtəlif vəzifələrdə daim Azərbaycanı dəstəkləmisiniz, müdafiə etmisiniz. Biz sizinlə çoxdandır bir-birimizi tanıyırıq, Avropa Şurası Parlament Assambleyasında bərabər fəaliyyət göstərmişik və daim bir-birimizi dəstəkləmişik.

Sizin Türkiyənin inkişafında çox böyük xidmətləriniz var. Bu gün qardaş Türkiyənin dünya miqyasında güc mərkəzinə çevrilməsində sizin xüsusi rolunuz var. Sizi Azərbaycanda çox yaxşı tanıyırlar. Azərbaycanda sizi sevirlər, ölkəmizin, xalqımızın dostu kimi, qardaşı kimi sizə böyük hörmət göstərirlər. Bütün bu xidmətləri nəzərə alaraq, siz Azərbaycan dövlətinin yüksək ordeni – “Dostluq” ordeni ilə təltif edilirsiniz və icazə verin, bu yüksək ordeni sizə təqdim edim.

Prezident İlham Əliyev “Dostluq” ordenini Mövlud Çavuşoğluna təqdim etdi.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Mövlud Çavuşoğlu: Hörmətli cənab Prezident, Sizin təqdirinizə layiq olmaq mənim üçün şərəfdir. Söylədiyiniz gözəl sözlərə görə minnətdarlığımı bildirmək istəyirəm. Siyasətə başladığım gündən bəri təkcə Türkiyənin haqqını deyil, Azərbaycanın haqqını da müdafiə etməyi özümə borc bildim. Əsasən bunu da Sizdən öyrəndim. Avropa Şurasına ilk getdiyimiz zaman Siz də Azərbaycan nümayəndə heyətinin rəhbəri idiniz. Orada Azərbaycan qədər Türkiyəni də müdafiə edirdiniz. Yenə, bir az əvvəl söylədiyim kimi, Türkiyənin olmadığı yerlərdə, xüsusilə “Türkiyə yox, amma biz varıq, mən varam” deyərək Türkiyənin haqqını hər zaman müdafiə etdiniz. Türkiyə və Azərbaycan iki qardaş ölkə olaraq hər zaman bir yerdə olacaqdır. Sizin liderliyiniz sayəsində ikitərəfli münasibətlərimiz daha çox gücləndi, Prezidentimiz Ərdoğan və Azərbaycan Prezidenti olaraq Zati-alinizin liderliyi ilə.

Sizin Azərbaycanla, bölgəmizlə bağlı mövqeyinizi hər kəs təqdir edir. Amma biz bunun reallıqda faydalarını çox gördük. Ümummilli lider, cənnətməkan Heydər Əliyev atamızın sözü bizim üçün rəhbərdir: İki dövlətik, amma bir millətik. Bir millətin övladları olaraq, əlbəttə, bir-birimizi müdafiə edəcəyik, bir-birimizə kömək edəcəyik. Mən Xarici İşlər naziri olaraq, – Elmar qardaşım qısqanmasın, – hər zaman təkcə Türkiyənin deyil, Azərbaycanın da Xarici İşlər naziri kimi çalışdım.

Bizim üçün ən böyük xoşbəxtlik böyüklərimizin bizi təqdir etməsidir. Amma bizim üçün ən böyük şərəf və orden də Azərbaycan və Türkiyə bayraqlarının – türk bayrağının bütün dünyada dalğalanmasıdır. Şanlı bayraqlarımızın dünyada dalğalanması üçün bundan sonra da təkcə siyasi həyatımda deyil, ömür boyu Türkiyə üçün çalışdığım qədər qardaş Azərbaycan və Azərbaycan xalqı üçün də çalışmağa davam edəcəyəm. Bu orden üçün çox təşəkkür edirəm, hörmətli cənab Prezidentim.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Mövlud Çavuşoğlu: Sizə ehtiramımı bildirirəm.