XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2016 - 09:20

Cənubi Qafqaz:Vassal Ermənistanın geosiyasi qorxaqlığı

serkisyan-3

 

Yaxın Şərqdə toqquşmaların intensivliyinin artması və böyük dövlətlərin həmin region uğrunda mübarizəsinin daha amansız məzmun kəsb etməsi fonunda Cənubi Qafqazda geosiyasi vəziyyətin dinamikası maraq doğurur.

O cümlədən Ermənistan hakimiyyətinin yeritdiyi yarıtmaz və asılı siyasətin bölgəyə hansı fəsadlar verə biləcəyi üzərində düşünməyə dəyər. Hətta erməni ekspertlər hesab edirlər ki, rəsmi İrəvan çox mürəkkəb vəziyyətdədir və ölkədə bu vəziyyəti müsbətə doğru dəyişə bilən siyasi qüvvə yoxdur. İqtidar isə böyük dövlətlərin toqquşan maraqları arasında tərəddüd etməkdədir. Hökumətin atdığı addımlar bir-birinə ziddir. Bu durum bütövlükdə Cənubi Qafqaz üçün arzuolunmaz nəticələr verə bilər. Analitiklərin həmin aspektdə söylədiyi fikirlərin təhlili göstərir ki, bütün hallarda bölgə dövlətləri daha ehtiyatlı mövqe tutmalıdırlar. Ermənistan regionun qeyri-müəyyənlik mənbəyi olaraq qalır.

İtirilmiş suverenlik: Rəsmi İrəvan düşdüyü bataqlıqdan çıxa bilmir

Erməni ekspertlər narahatdırlar. Onlar İrəvanın müasir geosiyasi çağırışlar qarşısında aciz qaldığını tez-tez vurğulayırlar. Əsas məqam kimi ölkənin suverenliyinin tamamilə başqa dövlətə təslim edildiyi, Ermənistanın İrəvandan deyil, Moskvadan idarə olunduğu göstərilir (bax: Наира Айрумян. Армения безуспешно пытается получить гарантии России / "Lragir.am", 8 fevral 2016). Bu reallıq forpost dövlətin daxili və xarici siyasətində kifayət qədər çətinliklər yaratmaqdadır. Maraqlıdır ki, erməni ekspertlərin özləri meydana çıxan problemlərin həllinə inanmır, bu problemlərin hər şeydən əvvəl ölkədəki saxtakar siyasi fəaliyyətlə əlaqəli olduğunu vurğulayırlar.

Belə bir fikir var ki, Ermənistanda hakim Respublika Partiyasından başqa ciddi manevrlər edən və situasiyaya təsir imkanlarına sahib digər bir qüvvə yoxdur. Deyilənlərin təsdiqi kimi İrəvanın cəmi bir gecədə Avropa İttifaqı ilə assosiativ sazişdən imtina etməsi göstərilir. O zaman Kremldən hədə gəlibmiş. Rusiyapərəst qüvvələrin Ermənistanda hakimiyyət çevrilişi etməyə hazırlaşdığı məlum olub. Onda Serj Sarkisyan öz partiyasının istiqamətini kəskin dəyişərək Moskvada Avrasiya İqtisadi İttifaqına üzv olmaq haqqında sənədi imzalayıb (bax: Наира Айрумян. В Армении назрело "главное слово" / "Lragir.am", 8 fevral 2016).

Lakin bunlar həqiqətin yarısıdır. Çünki rəsmi İrəvanın bir gecənin içində mövqeyini 180 dərəcə dəyişməsinin səbəbi haqqında erməni yazarlar susurlar. Ermənistan bir dövlət olaraq başlanğıcdan müstəqil siyasət yeritməyib. Burada onun tarixi, siyasi və geosiyasi səbəbləri üzərində dayanmaq imkanı yoxdur.

Konkret faktlar sübut edir ki, Ermənistan hakimiyyəti həmişə kənardan verilən əmrlərə uyğun davranıb və təbii ki, həmin mənbədən edilən hədələr qarşısında da duruş gətirə bilməz. Məhz buna görədir ki, cəmi bir gecəyə Ermənistan Avropanı sataraq Rusiyaya üz tutdu. Şübhə etmirik ki, bu xislət erməni siyasətində qalmaqdadır və indi də Rusiyanı Qərbə satmaq üçün fürsət gözləyirlər.

Əslində, bunun əlamətləri artıq Ermənistan KİV-də verilən çoxlu sayda yazılardan görünür. İndi erməni ekspertlərin bəziləri ABŞ-ın tələbləri ilə müəyyən layihələrin həyata keçməyə başladığını vurğulayırlar. Eyni zamanda, Ermənistanın acınacaqlı vəziyyətə düşməsində Kremli birbaşa ittiham etməkdən çəkinmirlər. Təbii ki, Rusiyanın Cənubi Qafqazda ən yaxın müttəfiq saydığı bir ölkədə belə siyasi əhval-ruhiyyənin yaranması xeyli suallar doğurur (bax: Интересные мысли российского посла / "Lragir.am", 8 fevral 2016).

O cümlədən erməni ekspertlər hesab edirlər ki, İranla enerji sahəsində əlaqələrin inkişaf etdirilməsi yolunda əsas maneəni Rusiya yaradır. Ermənistan hökuməti bir neçə dəfə Moskvaya qazın qiymətini aşağı salmaqla bağlı müraciət edib, lakin tutarlı cavab ala bilməyib. Hökumətə daxil olan üzvlərdən bəziləri, ümumiyyətlə, enerji sahəsində Rusiyanı kiminləsə dəyişməkdən söhbət getmədiyini söyləyir.

Dairə qapanır: Yeni satqınlıq mərhələsi

Yəni Ermənistanın enerji sferasında Moskvanın monopoliyası qalmalıdır. Buna qarşılıq baş nazir Ovik Abramyan və kabinetin bir sıra üzvləri "Qazprom"la danışıqların bir nəticə verməyəcəyi təqdirdə, alternativ axtarışlarının mümkünlüyünü istisna etmirlər (bax: Наира Айрумян. Армения на грани денонсации газового договора с Россией / "Lragir.am", 6 fevral 2016). Hətta ABŞ-ın da Ermənistanın İranla qaz sahəsində əməkdaşlıq etməsini arzuladığı bildirilir. Belə ki, Vaşinqton bu sahədə diversifikasiyanın formalaşmasına tərəfdardır. Ermənistanın Rusiyadan tam enerji asılılığının aradan qaldırılmasını okeanın o tayında istəmirlər. Burada bir məqamı vurğulamağa ehtiyac görürük.

Son zamanlar Vaşinqtonun apardığı siyasətin məzmunundan hiss olunur ki, dünyanın müxtəlif regionlarında enerji sahəsində yalnız ABŞ-ın maraqlarına cavab verən vəziyyətin yaradılmasına çalışılır. Gürcüstan hökumətinin Azərbaycandan təbii qaz almaq məsələsində müəyyən suallar ortaya atması və onun ABŞ tərəfindən səssizcə dəstəklənməsi, İran-Ermənistan-Gürcüstan qaz marşrutu haqqında fikirlər bildirilməsi kimi hadisələr bunu təsdiq edən faktlardandır. Ancaq məsələ ondan ibarətdir ki, Ermənistan müstəqil qərar qəbul etmir və kənardan olan təzyiqlər son nəticədə regionda geosiyasi vəziyyəti gərginləşdirir.

Başqa tərəfdən, Amerikanın region dövlətlərinin maraqlarını nəzərə almaması çox mənfi haldır. Bu məqam daim ixtilaflar yaranmasına, lazımsız münaqişələrin meydana gəlməsinə səbəb ola bilər. Təcrübə göstərir ki, məhz böyük dövlətlərin yerli ölkələrin təbii hüquqlarını tapdalamaq siyasəti, ikili standartları yeritmək cəhdi ciddi problemlər ortaya atır.

Ermənistanla bağlı vəziyyətdə isə bütün bunlarla yanaşı, həmin dövlətin yalnız ərazicə çox kiçik olması deyil, siyasi iradə və suverenlik baxımından zəifliyi də rol oynayır. Amerika hökumətinin (konkret olaraq, ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID) İrəvana korrupsiya ilə mübarizə üçün 800 min ABŞ dolları həcmində qrant ayırması bu bağlılıqda maraq doğurur. Erməni ekspertlər bunu "Ermənistan hakimiyyətinə ultimatum" kimi qiymətləndirirlər (bax: məs., Айказн Гагриян. Санкции против армянской власти / "Lragir.am", 6 fevral 2016).

İlk baxışdan təəccüblüdür. Çünki əgər korrupsiyadan yaxa qurtarmaq üçün yardım verilirsə, bu, pozitiv hadisədir. Lakin məsələ ondan ibarətdir ki, ermənilərin özləri Ermənistanın siyasi və iqtisadi sisteminin mahiyyətinin korrupsiyadan ibarət olduğunu etiraf edirlər (bax: əvvəlki mənbəyə). Bu halda korrupsiya ilə real mübarizə faktiki olaraq Ermənistandakı hakim sistemin öz-özünü məhv etməsi anlamına gəlir ki, bu da praktiki olaraq mümkün deyil. Deməli, ya iqtidar könüllü istefa verməlidir (bunun ehtimalı sıfıra bərabərdir), ya da Amerikanın pulları havaya sovrulacaq. Mütəxəssislər ikinci variantı daha real sayırlar.

Belə çıxır ki, Vaşinqton da İrəvana korrupsiya ilə mübarizə və enerji sahəsində Rusiyanın monopoliyasını aradan qaldırmamaqda təzyiq göstərə bilər. Çox güman ki, hadisələr məhz bu istiqamətdə inkişaf edəcək. Ermənistan rəhbərliyinin qısa zamanda öz korrupsioner mahiyyətini dəyişəcəyinə qətiyyən inam yoxdur. Ölkədə müxalifət sırasında elə bir partiya da mövcud deyil ki, təşəbbüsü ələ alıb, real yeniliklər edə bilsin. Deməli, Ermənistan növbəti qeyri-müəyyən və ziddiyyətli mərhələnin başlanğıcındadır.

Bu situasiyanı kəskinləşdirən əsas səbəblərdən biri dünyada geosiyasi proseslərin daha da sürətlənməsi və proseslərin getdikcə Cənubi Qafqaza yaxınlaşmasıdır. Artıq bir sıra ekspertlər Suriya hadisələrinin Dağlıq Qarabağ münaqişəsinin həllinə mümkün təsirləri barədə təhlillər aparırlar (bax: məs., Владимир Евсеев. Минские соглашения как путь для Нагорного Карабаха Владимир Евсеев / "Russiancouncil.ru", 8 fevral 2016). Dərhal vurğulayaq ki, yuxarıda istinad etdiyimiz yazıda müəllif sırf ermənipərəst mövqedən çıxış edərək faktları təhrif edib və Azərbaycana, onun ordusuna qarşı əsassız ittihamlar irəli sürüb.

Həmin yazı pis nümunədir. Ancaq problemin mahiyyəti də bundan ibarətdir ki, Vladimir Yevseyev kimi "analitik və alimlər" Suriya kimi münaqişələrin bizim bölgəyə təsirini yanlış və qərəzli təqdim etməklə əlavə problemlər yaradırlar. Onların əl-qolunu açan əsas faktor isə Ermənistanın öz müstəqil mövqeyinin olmaması, təcavüzkar siyasətdən imtina etməməsi və qonşularına qarşı qərəzli mövqe tutmaqda davam etməsidir.

Yuxarıdakı təhlillərdən aydın olur ki, Ermənistan yenə də yanlış və təhlükələrlə dolu yoldadır. Rəsmi İrəvanın kənar qüvvələrdən asılılıqdan qurtulmağa iradəsi çatmır. Onun atmaq istədiyi hər bir addım bütövlükdə region üçün yeni problemlər yaradır. Hazırkı həssas geosiyasi mərhələdə bunun nə dərəcədə qorxulu olduğunu təsəvvür etmək çətin deyil. Ermənistanın özünün bu vəziyyətdən salamat çıxa biləcəyinə böyük şübhələr var.

Newtimes.az